3822
16:09
03 Sentyabr 2019

"Məhərrəmlik ayında bunları etmək doğru deyil" - Hacı Şahin Həsənli

Əgər insanlar həyat tərzlərini İslam dininə uyğun qururlarsa, onlar şadyanalıq da etməli, yaşayışlarını balanslı qurmalıdırlar.

Din səhərdən axşama kimi oturub ağlamağı tövsiyə etmir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) Nəsimi rayonu üzrə nümayəndəsi, “Mənəvi Dünya” Milli-Mənəvi Dəyərlərimizin Təbliği İctimai Birliyinin təsisçisi və sədri Hacı Şahin Həsənlinin Lent.az -a müsahibəsi.

- Hacı, artıq bir neçə gündür Məhərrəm ayı başlayıb. Ayın mahiyyəti ilə bağlı nələri deyə bilərsiniz?

- Məhərrəm ayı hicri-qəməri təqviminin ilk ayıdır. Bu ay yaddaşlarda Kərbala hadisəsi ilə qalıb. Aşura ərəb dilində "onuncu" deməkdir. Hamıya məlum olduğu kimi, həmin gün Kərbala çölündə peyğəmbərimizin doğmaları qətlə yetirilib. Bu İslam tarixində ən amansız faciədir. Həmin hadisə zamanı körpə uşaqdan tutmuş yaşlı insanlara qədər hər kəs qılıncdan keçirilib. Kərbala hadisəsi ilahi dəyərlərlə nəfsani hisslərin toqquşmasıdır. Ona görə hadisədən alınacaq dərslər və ibrətlər çoxdur. Hər il bu tarixdə müsəlman dünyasında mətəm məclisləri keçirilir. Kərbala şəhidlərinin xatirəsini dünyanın hər yerində müsəlmanlar anırlar.

- Hazırda Azərbaycanda Məhərrəmlik ayında matəm məclislərinin keçirilməsində ifrata varılırmı?

- QMİ-nin fətvasında da qeyd edildiyi kimi, Aşura mərasimləri keçirilən zaman ifrat hərəkətlərdən çəkinmək tövsiyə olunur. Əvvəllər insanlar başlarını yarır, qan çıxarır və hadisənin mahiyyətini cılızlaşdırırdılar. Belə hallar son illərdə artıq Azərbaycanda yoxdur. Mərasimlər ənənəvi qeyd olunur. İnsanlar simvolik olaraq mərsiyələr dinləyir. Mərsiyələr də əsasən bizim türk ədəbiyyatımızdan seçilir və məscidlərdə tam dinc şəraitdə oxunur. İfrat hərəkətlərə yol vermək, xürafat və mövhumatın yayılmasına rəvac vermək qətiyyən məqsədəuyğun deyil. Çünki bu hadisə dinimizi, həmçinin Kərbala hadisəsini gözdən salır. Ona görə də mərasimlərin dini qaydalara uyğun keçirilməsi tövsiyə olunur. Əhali bu tövsiyəyə ciddi əməl edir. Məsciddə insanların kütləvi toplanmasına baxmayaraq, hər hansı bir insident qeydə alınmır. Eyni zamanda, bütövlükdə şəhidlər - Azərbaycan şəhidləri yad edilir. Şəhidlərimizin şəkillərinin yer aldığı lövhələr qoyulur və insanlarımız həm də şəhidlərin ruhuna dualar edir.

Artıq bir neçə ildir Məhərrəm ayında Azərbaycanda qanvermə aksiyaları keçirilir. Bu aksiya qan xəstəliyindən əziyyət çəkən insanlara bir növ həyat bəxş etmək anlamına gəlir və Kərbala hadisəsinin mahiyyətinə daha uyğun gəlir. Buna görə də bu cür tədbirlərin keçirilməsinə ehtiyac var. Kərbala hadisəsini qeyd etməklə əslində müsəlmanlar zorakılığa qarşı olduqlarını ifadə edirlər. Din adından bəzən qruplaşmalar zorakılığa əl atırlar. Dini şüarlarla insanlar qətlə yetirilir. Kərbala hadisəsi bütün bunların müqabilində dinin zorakılığa qarşı, inin sülh carçısı olduğunu göstərir.

- Aşura gününü Kərbalada keçirmək üçün ziyarətə gedən azərbaycanlıların sayı çox olur?

- Aşura günündə Azərbaycandan Kərbalaya çox az sayda insan gedir. İnsanlar Aşuranı öz vətənində qeyd etməyə üstünlük verirlər. Buna görə də Kərbalaya Aşura günü Azərbaycandan böyük bir axın yoxdur.

- Bu ayda oruc tutulmasına münasibətiniz necədir?

- Məhərrəm ayının ilk ongünlüyündə oruc tutmaq bəyənilən əməldir. Amma Aşura günü oruc tutmaq tövsiyə olunmur. Çünki Aşura günü imam Hüseyni qətlə yetirən ordu sonradan bayram əlaməti olaraq insanlara oruc tutmağı tövsiyə edib.

- Adi günlərdə də ziyarətgahlarda Kərbala hadisəsi ilə bağlı ağı deyib insanları bu məclislərın cəlb edilməsinin çox şahidi oluruq. Ağlaşma və s. olur. Bu nə dərəcədə doğrudur?

- Əgər insanlar həyat tərzlərini İslam dininə uyğun qururlarsa, onlar şadyanalıq da etməli, yaşayışlarını balanslı qurmalıdırlar.

Din səhərdən axşama kimi oturub ağlamağı tövsiyə etmir. Məhərrəm ayı olmayan adi günlərdə Kərbala hadisəsinə aid yas xarakterli mərsiyələrin oxunması o qədər də bəyənilən əməl deyil. Dünyanın hər yerində matəm günləri olur və həmin gün kədərli gün kimi qeyd edilir. Amma bunun mütəmadi edilməsi doğru deyil. Hadisəni yalnız faciəvi şəkildə göstərmək düzgün deyil. Eyni zamanda, bu hadisə böyük bir qəhrəmanlıq səlnaməsidir. Kərbala hadisəsi yüksək əhval-ruhiyyə, nikbinklik aşılamalıdır. İmam Hüseyin ilahi amallar uğrunda qətiyyət göstərmiş bir şəxsdir. Bu gün Azərbaycan gənclərinə bu əhval-ruhiyyə aşılanmalıdır. Amma kimlərsə bundan sui-istifadə edir. Din adından xoşagəlməz hərəkətlərə yol verirlər. Bu düzgün deyil. Dinimizdə ifrata yol vermək qadağandır. İfrat hərəkət insanı doğru yoldan azdıra bilər. Ona görə hər mövzuda ifrat hərəkətlərdən çəkinmək lazımdır.