336
13:04
02 Sentyabr 2019

Sabahın hava PROQNOZU

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Lent.az -a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında bəzi yerlərdə yağış yağacağı, günün ikinci yarısında havanın dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi əsəcək.
Havanın temperaturu Abşeron yarımadasında gecə 16-20, gündüz 23-26, Bakıda gecə 17-19, gündüz 23-25 dərəcə isti təşkil edəcək.
Atmosfer təzyiqi norma daxilində 760 mm civə sütunu, nisbi rütubət 75-85 faiz olacaq.
Abşeron çimərliklərində şimal-qərb küləyi əsəcək.
Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 22-23, cənub çimərliklərində (Türkan, Hövsan, Sahil, Şıx) 23-24 dərəcə isti təşkil edəcək.
Azərbaycanın rayonlarında sabah bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir.
Əsasən şimal və şərq rayonlarında yağışın leysan xarakterli olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.
Havanın temperaturu gecə 14-18, gündüz 22-27, dağlarda gecə 7-12, gündüz 13-17 dərəcə isti təşkil edəcək.