Ocaqda bişirilən ölülər, “ər-arvad evi”, sirli dünyadan gələn xəbərlər – O DÜNYA
31 avqust 2019 12:12 (UTC +04:00)

Ocaqda bişirilən ölülər, “ər-arvad evi”, sirli dünyadan gələn xəbərlər – O DÜNYA

V yazı - Dani qəbiləsi
 
Yeni Qvineya cəngəlliklərində yaşayan vəhşi qəbilələr biri-birindən xüsusi əlamətləri, özünəməxsus adətləri ilə seçilir. Karavaylar ağac budaqlarında ev qurması ilə, Mursilər qadınlarının dodaqlarına gil lövhələr taxmaları ilə, Yali qəbiləsi hannibalizmi davam etdirmələri ilə, Himbalar qadınlarının gözəlliyi ilə əlamətdardı. Dani qəbiləsi isə ölən insan cəsədini mumiyalamaq adət-ənənəsini bu günə qədər saxlayır. Qəbilə ilk dəfə 1926-cı ildə İngiltərəli tədqiqatçı M. Stirlinq tərəfindən aşkar edilmişdi. 
 
Həyat tərzləri 
 
Dani qəbiləsində əsas təsərrüfat forması donuzçuluqdur. Ən çox donuzu olan şəxs, qəbilənin əsas varlı adamı kimi qəbul olunur. Danilərdə poliqamiya - çoxarvadlılıq hökm sürür. Çoxlu donuza, yəni, var-dövlətə malik olan kişi bir neçə arvad ala bilər. Donuz qəbilədə cehiz və başlıq kimi istifadə edilən qiymətli əmlakdır. 
 
Qəbilənin kişiləri və qadınları ayrı-ayrı komalarda yaşayırlar. 
 
Dani qəbiləsi, onların adət-ənənəsi və məişətləri ilə maraqlanan turistlərə həyat tərzlərini teatral formada nümayiş etdirirlər. Qonşu Yali və Lani qəbilələri ilə döyüşlərini öz aralarında səhnələşdirərək, araşdırmaçılara göstərirlər. 
 
Kişilər
 
Dani kişiləri əsasən ovçuluq, ev və tövlə tikməklə məşğul olur. Tərəvəz əkmək qadınların öhdəsində olsa da, əkin sahəsini şumlamaq kimi ağır fiziki zəhmət tələb edən işlər kişilərin boynundadır. Kişilər başlarına üstü bitkilərlə hörülmüş yüngül dəri papaq geyir, papaqlarının ətrafını rəngli quş lələkləri ilə bəzəməyi sevirlər. Paltar geyməyi sevməyən dani kişilər cinsi orqanlarını, bəzi qonşu qəbilələrdəki kimi, qurudulmuş uzunsov balqabaqla örtürlər. Bu cür “halim”i hər bir dani kişi 10 yaşdan etibarən gəzdirməyə başlayır. 
 
Dani kişilər döyüş zamanı düşmənə vahiməli görünmək üçün burunlarına qaban dişlərindən düzəlmə sümük taxır, bədənlərini və üzlərini ağ boya ilə rəngləyirlər. Dani qəbiləsində hər bir kişi döyüşçü sayılır. Kişilər, adətən, qonşu qəbilələrin hücumuna hazır olmaq üçün mütəmadi döyüş məşqləri edirlər. Geyim və çantaları olmadığından onlar sümükdən düzəltdikləri iti ucluqlu bıçaq və digər yüngül kəsici alətlərini qollarına doladıqları dəri bağlara taxırlar. 
Yuxarıda qeyd etdiyimiz kimi, kişilərlə qadınlar ayrı evlərdə yaşayır. Bir kişi gecəni öz arvadı ilə keçirmək istəyirsə, qadınların yaşadığı daxmaya yaxınlaşıb onu səsləyir və ər-arvad üçün nəzərdə tutulan xüsusi daxmaya gedirlər. 
 
Qadınlar
 
Dani qadınlar, əsasən, ev işləri, uşaq saxlamaq, odun yığmaq, toxuculuq və əkinçiliklə məşğul olurlar. 14 yaş qadınların həddi-buluq, cinsi yetkinlik dövrü sayılır. Qadınlar geyim baxımından kişilərə nisbətdə sivilizasiyaya daha yaxındırlar. Onlar əldə etdikləri toxunma kisələrin hörmələri arasına bitki liflərindən bəzəkli naxışlar vurub ondan özlərinə don hazırlayırlar. Bitkilərdən hörülmüş ətəyin üstündən geydikləri bu qəribə uzun donlar əyinlərindən düşməsin deyə, paltarın yuxarı tərəfinə bağ vurub, başlarına keçirdirlər. Kişilərdən ayrı yaşayan qadınlar 4 yaşınadək oğlan uşaqlarını öz yanlarında saxlayır, 4 yaşdan sonra onları kişilərin yaşadığı komaya göndərirlər. Dani qadınları bir çox Papua xalqlarından fərqli olaraq, azad deyillər və patriarxal qayda-qanunlara görə kişilərdən asılı vəziyyətdədirlər. 
 
Bəzi yaxın qəbilələrdə olduğu kimi, dani qadınları da əzizi, yaxını ölərsə hər dəfə barmaqlarından bir oynaq kəsirlər. İnanca görə, onlar bu ayinlə həm öz acısını ətrafdakılara çatdırır, həm də bu ayrılıqdan kədərləndiyini ölənin ruhuna çatdıraraq, onu sakitləşdirirlər. İndoneziya hökuməti yarımvəhşi qəbilələrdə hələ də hökm sürən barmaqkəsmə ayinini qadağan etmək üçün səylər göstərsə də, hələ buna nail ola bilməyib. Danilər bütün hallarda öz mentalitetlərini insan hüquqlarından üstün tuturlar. 
 
Mumiyalaşdırma
 
Dani qəbiləsinin dini inancına görə, qəbilə başçısı və ya həmin statusa bərabər nüfuzlu şəxs öləndən sonra onun ruhunun qəbiləni tərk etməməsi, himayə etməsi üçün cəsədi mumiyalaşdırılır. Mumiya edilmiş ölü kişilərin icmasında saxlanılır. Meyitin çürüməməsi, uzun illər onlarla bir yerdə qalıb “yaşaması” üçün mumiyalama prosesi belə aparılır: 
 
Xüsusi ağaclarla hazırlanmış səbətə oturdulan cəsəd vam halda yanan ocağın üstündən asılır. Ocağın istisindən və tüstüsündən əriyərək tədricən quruyan meyit sonda qaxaca dönür. Aylarla davam edən mumiyalama prosesindən sonra, uzun müddət xarab olmasın deyə, qurudulmuş cəsədə xüsusi bitkilərdən hazırlanmış yağlar sürtülür və mumiya qəbilənin müqəddəs varlığı kimi kişilərin komasında yuxarı başda saxlanılır.
 
Mumiya ilə yalnız qəbilənin ruhanisi, başqa sözlə desək, şamanı ünsiyyətə girir. Danilər hesab edir ki, başçının ruhu mumiya formasında onlarla birgə yaşayır və qəbiləni şər qüvvələrdən, təbii fəlakətdən, düşmən hücumlarından qoruyur. 
 
Danilər mumiyanın hava proqnozundan tutmuş, gələcəklərinin necə olacağına dair bilgilər verə biləcəyinə inanırlar. 
 
Mumiya mistik dünyanın elçisidir. Qəbilə üzvləri ilə mumiya arasında vasitəçiliyi şaman öz üzərinə götürür. Şaman qəbilənin öz daxilində həll edə bilmədiyi hər hansı problemi mumiyaya ötürür. Mumiya isə həmin informasiyanı ölülər aləminə çatdırır. İnanca görə, ölülər aləmindən gələn cavab mumiyaya, mumiya vasitəsilə ilə də şamana göndərilir. 
 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1424

Oxşar yazılar