"Vətən bizə əmanətdir" - yay istirahət düşərgəsinin iştirakçıları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarında oldular.
Lent.az-ın məlumatına görə, tədbir Azərbaycan Gənclər Fondunun, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin birgə təşkilatçılığı ilə keçirilib.
Quba rayonunda keçirilən düşərgənin üçüncü günü düşərgə iştirakçıları Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının hərbi maşınları ilə Quba rayonunda yerləşən N hərbi hissəsinə yola düşdülər.
Hərbi hissədə qarşılanma mərasimindən və şəxsi heyətin nümunəvi keçidindən sonra düşərgə iştirakçılarına hərbi hissənin ərazisi ilə tanış olub, bölük və taborlar haqqında qısa məlumatlar əldə etdilər. Daha sonra düşərgə iştirakçılarına toplantı mərkəzində DİN Daxili Qoşunlarının yaranma tarixi, fəaliyyəti və hərbi xidmət barədə məlumatlar verilib.
Əsgərlərlə birgə nahar edən düşərgə iştirakçıları hərbi-vətənpərvərliklə bağlı videofilmə baxdıqdan sonra texnika və silahlarla yaxından tanış oldular. Sonda hərbi hissənin xüsusi təyinatlı dəstəsinin hazırladığı xüsusi proqrama tamaşa etdilər.