Canlı adama baş köçürülməsi mümkündürmü?
25 avqust 2019 09:21 (UTC +04:00)

Canlı adama baş köçürülməsi mümkündürmü?

Orqan transplantasiyası müalicəsi mümkün olmayan xəstəliklərə görə öz funksiyalarını yerinə yetirməyəcək vəziyyətə gələn orqanların yerinə canlı və ya beyin ölümü keçirmiş şəxslərdən götürülən sağlam orqanların köçürülməsidir. Ürək transplantasiyasından başqa, digər əksər orqanlar əsasən canlıdan canlıya köçürülür. Hazırda ən çox böyrək, qaraciyər, ağciyər, mədəaltı vəzi, ürək və incə bağırsaq, göz korneası, ilik  transplantasiyası həyata keçirilir.

Orqan transplantasiyası dünyada ilk dəfə macar əsilli cərrah Ullman tərəfindən Vyanada həyata keçirilib. O, 1902-ci ildə heyvanlar üzərində böyrək köçürməsi əməliyyatı keçirib. 1933-cü ildə isə sovet alimi Voronov ölüdən böyrək köçürüb. Dünyada ilk uğurlu orqan transplantasiyasını isə 1954-cü ildə amerikalı professor Jozef E. Murray həyata keçirib. O, meyitdən böyrək transplantasiyasını uğurla icra edib. Bu gün təxminən 1 milyard insan orqan transplantasiyası həyata keçirilməsə, həyatını itirmək təhlükəsi ilə üz-üzədir.

Ürək transplantasiyası

Ürək köçürməsi əməliyyatı texniki olaraq çox çətin əməliyyat olmasa da, həkimlərdən yüksək peşəkarlıq tələb edir. Ürək transplantasiyası orqan köçürməsi əməliyyatları arasında ən bahalısıdır. Xərçəng və şəkər xəstələrinə adətən bu əməliyyat edilmir.

Adətən 35 yaşdan yuxarı şəxslərin ürəkləri donor kimi istifadə olunmur. Bu transplantasiya prosesi zamanı donor və xəstə arasında hüceyrələrin uyğunluğu vacib şərtdir. Həmçinin, hər iki şəxsin fiziki cəhətdən bir-birinə yaxın ölçüdə olması əsasdır. Çünki donorun ürəyi xəstənin ürək boşluğuna yerləşməlidir. Ürəyin donordan xəstəyə daşınması zamanı orqan -4 dərəcə temperaturda saxlanılmalıdır. Xəstə əməliyyatdan təxminən 6 saat sonra özünə gəlib danışa bilir. Əməliyyatdan sonrakı 2-3 ay ərzində orqanizm yeni ürəyi israrla rədd etməyə çalışır, lakin bunun qarşısı müəyyən dərmanlarla alınır. Bu dövrdə bədən xəstəliklərə qarşı da həssas olduğu üçün xəstənin saxlanma şəraiti xüsusi steril vəziyyətdə olmalıdır. Əməliyyatdan sonrakı 1 ili problem yaşamayan xəstələr normal həyata qayıdır.

Böyrək transplantasiyası

Xroniki böyrək çatışmazlığı insan həyatı üçün çox çətin vəziyyətdir. Həftədə bir neçə dəfə dializdən istifadə etməli olan bu şəxslər istədiyi qədər yeyib, içə də bilmir. Uğurlu böyrək transplantasiyasından sonra belə xəstələr normal həyata qayıda bilirlər.

Qaraciyər transplantasiyası

Qaraciyər bədəndəki bütün digər orqanlardan fərqli olaraq, yenilənmə və böyümə funskiyasına malikdir. Canlıdan canlıya qaraciyər transplantasiyası əməliyyatından sonra donor şəxsin qaraciyəri 6-8 həftə sonra normal vəziyyətinə qayıda bilir. Xəstələr transplantasiya prosesindən sonra spirtli içki qəbul etməməli və ömürlərinin sonlarına qədər həkimlərinin müəyyən etdiyi dərmanları qəbul etməlidirlər. Bir canlı donor yalnız bir dəfə qaraciyərini başqasına verə bilər. Ölmüş şəxslərin qaraciyərinin isə iki nəfərə transplantasiyasısı mümkündür.

Qaraciyər qan qrupu uyğun olan bir qohumdan və ya beyin ölümü keçirmiş şəxslərdən alına bilər. Qaraciyər transplantasiyası zamanı xəstə şəxsin qaraciyəri tamamilə çıxarılır, yerinə donordan götürülmüş qaraciyər qoyulur. Qaraciyər donoru olan şəxs bir çox müayinədən keçirilir. Onun tam sağlam olması şərtdir.

İlik transplantasiyası

Uşaqlıqdan leykoza yaxalanmış xəstələr əsasən dərman müalicəsi ilə sağaldılır. Təxminən 4 il davam edən kimyəvi terapiya nəticəsində 85 faiz xəstədə sağalma müşahidə edilir. Əks təqdirdə, xəstəyə ilik köçürülür. İlik transplantasiyasında əsas faktor qan hüceyrələrinin istehsalını təmin edən ana-kök hüceyrələrin sağlam şəxslərdən alınmasıdır. Bununla xəstədə normal qan istehsalı təmin edilir.

İlik, əsasən, eyni hüceyrələrə malik qardaş-bacılardan, nadir hallarda qohumlardan və qohum olmayan şəxslərdən, həmçinin, xəstənin özünün iliyinin dondurulub saxlanması və sonradan özünə transplatasiya edilməsi yolu ilə təmin edilir. Bundan əlavə, damarlardakı qanın içindəki kök hüceyrələrin xüsusi üsulla toplanıb xəstəyə verilməsi də mümkündür. Eyni zamanda, yeni dünyaya gəlmiş bacı və ya qardaşın göbək bağındakı qanda toplanmış kök hüceyrələr də istifadə oluna bilər.

Donordan ilik alınması prosesi belədir: Xəstə narkozun təsiri altında yatırdılır. Xüsusi iynələr vasitəsilə sümüyün içinə girilir və ilik çəkilir. Bəlli miqdarda alınan kök hüceyrələr xüsusi torbalara yığılır və yubanmadan leykozlu xəstəyə köçürülür. Donor əməliyyatdan sonra 3 həftə ərzində əvvəlki vəziyyətinə qayıdır. Leykozlu xəstə üzərində isə verilən kök hüceyrələri orqanizmin rədd etməməsi üçün 6 ay dərman müalicəsi aparılır. Belə xəstələr transplantasiyadan bir il sonra normal həyatlarına qayıda bilir.

Göz (kornea-buynuz qişası) transplantasiyası

Gözün çölə açılan pəncərəsi hesab edilən buynuz qişası (kornea) gözün önündəki nazik təbəqədir və gözün ən vacib hissəsidir. Əsas vəzifəsi işıq və görüntünü gözə ötürməkdir. Bu hissənin funksiyasını yerinə yetirməsinə mane olan qatılaşma və ya ləkələnmə baş verəndə kornea transplantasiyası həyata keçirilir. Son illərə qədər belə xəstələrdə bütün göz korneası dəyişdirilirdisə, artıq sadəcə zədələnmiş hissə dəyişdirilir. Kornea əsasən ölmüş şəxslərdən alınır və göz banklarında saxlanılır. Kornea köçürməsini digər əməliyyatlardan fərqləndirən başlıca cəhət odur ki, bu transplantasiya zamanı xəstədə hüceyrə uyğunluğu gözlənilmir. Çünki kornea bir orqan yox, nazik, damarsız təbəqədir. Donorla xəstə arasında nəzərə alınmalı əsas cəhət isə onlar arasında yaş fərqinin çox olmamasıdır.

Bu əməliyyat 3 cür - keyidici damla, iynə və narkozla həyata keçirilir. Əməliyyat ən çox 1 saat davam edir. Əməliyyatdan təxminən 1 il sonra xəstə tam görə bilir. Buna qədər isə 6-12 ay ərzində göz damlalarından istifadə edilir.

ArtıAzərbaycanda da kornea transplantasiyası aparılmasına başlanılıb.

Mədəaltı vəzi transplantasiyası

Mədəaltı vəzi transplantasiyasını həyata keçirməkdə məqsəd orqanizmdə insulin hormonu istehsalını təmin etmək, şəkər istifadəsini normallaşdırmaq və xəstəni insulin istifadəsindən xilas etməkdir. Bu əməliyyat ya böyrək köçürməsi ilə birlikdə, ya da böyrək köçürməsindən sonra ikinci əməliyyat kimi həyata keçirilir. Mədəaltı vəzi köçürməsi digər əməliyyatlarla müqayisədə daha çox uğursuzluq riski daşıyır. Bunun səbəbi isə həddindən artıq həssas olduğu üçün orqanın  məliyyat zamanı müəyyən zədələnməyə məruz qala bilməsi ehtimalıdır. Bu əməliyyatı keçirmiş xəstələrdə mədəaltı vəzi təxminən 5 il öz funksiyalarını yerinə yetirə bilir.

Baş transplantasiyası

Dünyada ilk dəfə 2017-ci ildə baş transplantasiyası da həyata keçirilib. İtaliyalı cərrah Sergio Kanavero tərəfindən Çində həyata keçirilən əməliyyat zamanı ölü bədəndən ölü bədənə baş köçürülüb. Cərrah sübut edib ki, baş transplantasiyası zamanı onurğanı, sinirləri və damarları uğurlu şəkildə birləşdirmək mümkündür. İtaliyalı alim əməliyyatın uğurlu alındığını və ən qısa müddətdə canlı adama da baş köçürülməsi əməliyyatı edəcəyini deyib.

Orqanların daşınması

Orqan transplantasiyasında ən vacib məsələlərdən biri donordan alınmış orqanların vaxtında və tam təhlükəsiz qaydada xəstəyə çatdırılmasıdır. Çünki vaxtında çatdırılmayan orqanlar işləmə funksiyalarını itirə və yararsız hala düşə bilər. İnsan bədənindən çıxarıldıqdan sonra ürək 4, qaraciyər 11, böyrək isə 18 saat ərzində transplantasiya edilməsə, həmin orqan tam funksional şəkildə fəaliyyət göstərə bilməz. Orqanlar bir yerdən digərinə əsasən buzun içərisində aparılır.

Daşınma zamanı orqanların zədələnməsi ehtimalı böyükdür. Əgər donor əməliyyatın edildiyi mərkəzdədirsə, orqanın zədələnmə ehtimalı 15 faizə qədərdir. Orqan gözləyən xəstə donordan uzaq məsafədədirsə, bu risk 30 faizə qədər artır.

Orqanların daşınmasında bir çox vasitədən istifadə edilir. Bunlar arasında ən çox istifadə ediləni təcili yardım təyyarələridir. Bundan əlavə, xüsusi ambulanslar, vertolyotlar və s.-dən də istifadə edilir.

e-tibb.az

# 995
avatar

Oxşar yazılar