Rza Xudiyev: “Yanğının əsas baş vermə səbəbi insan faktorudur” - <span style="color:red;">MÜSAHİBƏ  - VİDEO
24 avqust 2019 17:38 (UTC +04:00)

Rza Xudiyev: “Yanğının əsas baş vermə səbəbi insan faktorudur” - MÜSAHİBƏ - VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini polkovnik Rza Xudiyevin APA-ya müsahibəsi

Rza Xudiyev son günlər respublikanın müxtəlif bölgələrində baş verən meşə yanğınlarının səbəblərini açıqlayıb 

- Son günlər təbiətdə baş verən yanğınlar, meşə yanğınları daha çox diqqət cəlb edir. Yanğınların artmasının əsas səbəbləri nədir? 

 

- İyun-iyul aylarında havanın temperaturu müxtəlif olurdu. İyunda bir az isti havalar olub, iyul ayı nisbətən sərin keçib. Avqustda isə havalar kəskin istiləşdi. Sözsüz ki, havanın istiləşməsi, quraqlıq, yağışların olmaması meşə ərazilərində potensial təhlükə yaradıb. Bunun nəticəsində Azərbaycanın müxtəlif bölgələrində isti hava şəraiti ilə əlaqədar yanğınlar başlayıb. Ölkənin cənubunda, Lənkəranda Hirkan qoruğunda ötən gün yanğının söndürülməsinə nail olduq. Ağsu ərazisində də yanğın məhdudlaşdırılıb. Qəbələ rayonu ərazisində bu gün yanğın hadisəsi qeydə alınıb. Yanğınsöndürənlər hazırda hadisə yerindədirlər. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin aviasiya dəstəsi, yanğınsöndürənlər, Mülki Müdafiə qoşunlarının əsgərləri cəlb olunublar. Yanğın texnikalarından başqa tırtıllı traktorlar və müxtəlif texnikalar da cəlb olunaraq yanğının söndürülməsində istifadə olunur.

- Meşə yanğınlarının baş vermə səbəbləri hansılardır?

- Yanğının əsas baş vermə səbəbləri arasında insan faktoru rol oynayır. Yanğın səbəblərinin 70-80 faizinə səbəb bu olur. İnsanlar meşə ərazilərində istirahətə gedirlər, qəsəbələrdən, kəndlərdən meşələrə gedib-gəlir, müəyyən meyvə və giləmeyvə yığırlar, bəzən bu cür vəziyyətlərdə odla ehtiyatsız davranma halları olur. Meşənin hansısa hissəsində tonqal qalaya bilərlər, ocaq qalayıb, samovar dəmləyə bilərlər. Həmin adamlar çıxıb gedirlər, amma yandırdıqları közü söndürmürlər. Külək başlayır, bildiyiniz kimi dağlıq ərazilərdə külək çox olur, qısa zamanda yanğının böyük əraziyə yayılmasına səbəb olur. Bilirsiniz ki, meşələr dağlıq ərazilərdə yerləşir, oranın relyefi o qədər mürəkkəbdir ki, texnikanın, şəxsi heyətin hərəkəti müəyyən dərəcədə məhdud olur. Yanğın baş verəndə qısa zamanda müxtəlif istiqamətlərdə yayılmağa başlayır ki, bu zaman tələb olunan texnikanın qısa zamanda əraziyə cəlb olunması çətin olur. İlkin olaraq yanğın yerinə 1-2 avtomobil gedir, amma sözsüz ki, onların gücü çatmır. Bu səbəbdən həmin əraziyə digər rayonlardan kömək göndəririk. Bu da vaxt itkisinə gətirib çıxarır ki, yanğın qısa zamanda böyük sahələrə yayılır və orada yanğının söndürülməsi mürəkkəb olur. Tikanlı kollar, keçilməz yollar, sıldırımlı qayalar çətinlik yaradır. Yanğının söndürülməsi işini təşkil etmək üçün külli miqdarda texnika, canlı qüvvə tələb olunur. Bütün bunlar cəmləşdirilməli və qərargah yaradılmalıdır. Hər bir sahə üçün insanlar təhkim olunmalıdır. Od söndürücü vasitələrin yanğın yerinə çatdırılması vacib məsələdir. O yerlər bildiyiniz kimi dağlıq ərazidir, hər bir texnika dağların ətəyinə hərəkət edə bilmir. Yol yoxdur, traktorlarla açılan yollardır. Söndürücü vasitələrin ora çatdırılması üçün xüsusi texnika seçilməlidir. Müəyyən yerlər var ki, texnikalar hansısa bir əraziyə çatırlar, o ərazidən sonra yanğın yerinə çiyinlərindəki əl vasitələri ilə piyada hərəkət etməyə başlayırlar. Əl vasitələri ilə də yanğın yerinə gedəndə kifayət qədər söndürücü vasitə aparmaq mümkün olmur. Rayonlarda dağlıq ərazilərə Bakıdan aviasiya cəlb olunur. Bütün bunlar hamısı vaxt itkisinə gətirib çıxarır. Demirəm ki, buna bir sutka vaxt gedir, dəqiqələrlə, saatlarla vaxt itirəndə belə yanğın bizi gözləmir, yayılmağa başlayır. Yanğın da böyük ərazini əhatə edəndən sonra məhdudlaşdırılması çox mürəkkəb olur. Meşələrdə bildiyiniz kimi, müxtəlif növ ağaclar, kollar var. Yanğının yayılmasının birinci səbəbi kol-koslardır. Onlar yanğını böyük əraziyə yayırlar. Daha sonra da yanğın kol-koslardan ağaclara keçir. Meşələrdəki ağacların yaşı çoxdur, nəhəngdir. Bir ağac yananda onu söndürmək üçün nə qədər su tələb olunur. Ağaclar dayanmış vəziyyətdə içəridən yanır ona görə içinə suyun verilməsi də mümkün olmur. Sözsüz ki, biz bütün yanğınsöndürmə üsullarından istifadə edirik. Hər bir yanğının öz xüsusiyyəti var. Məsələn, Lənkəranda baş verən yanğınla Qəbələdəki yanğında fərq var. Ona görə də hər bir yanğının öz yanğınsöndürmə üsulunu seçirik. Baxırıq ki, hansı daha əlverişlidirsə, biz həmin üsullardan istifadə edirik.

- Yanğınların söndürülməsi istiqamətində hansı tədbirlər həyata keçirilir?

- Bildiyiniz kimi, dünyanın hər bir yerində yanğınlar baş verir. Rusiyada 312 min hektar ərazidə yanğın baş verib, 1 aydan çoxdur söndürmək mümkün olmur. Bunun nəticəsində kəndlər tamamilə yanır, evlər, insanların əmlakları məhv olur. Banqladeşdə 15 min ev yanıb. Amma biz ona imkan verməmişik ki, yanğın meşəyə yaxın olan kəndlərə keçsin. Kəndləri, fermaları, insanların təsərrüfatını qoruyuruq. Fövqəladə Hallar Nazirliyinin kifayət qədər texnikası, avadanlığı var ki, bunlardan istifadə etməklə yanğının söndürülməsinə nail oluruq. Bizdə son günlərdə meşələrdə baş verən yanğınların söndürülməsi 3 gün yarım, maksimum 4 gündən o tərəfə keçməyib. Düz meşələrdən fərqli olaraq dağlıq ərazidə yanğını söndürmək qat-qat çətindir. Biz 3-4 gün müddətində Lənkəranda yanğını söndürdük, qoruğun əsas hissəsini mühafizə etdik. Həmin yanğın demək olar ki, Lerik meşələri ilə sıx birləşib. O ərazidə yanğının Lerik meşələrinə keçməsinin qarşını aldıq. Əgər yanğın ora keçsəydi, söndürülməsi daha da mürəkkəb olacaqdı. Çünki orada qədimi, nəhəng ağaclar çoxdur, söndürülməsi çox çətin olardı. O yerlərə texnikanın hərəkəti də məhduddur. Ona görə biz şəxsi heyətin qarşısına müəyyən tapşırıqlar qoyduq ki, yanğının nəyin bahasına olursa-olsun, Lerik meşəsinə keçməsinin qarşısı alınsın. Ötən gün 11:30 radələrində yanğının qarşısını aldıq, amma buna baxmayaraq, havanın temperaturunun təxminən 40 dərəcə olmasına görə, söndürülmə ilə bağlı məlumat vermədik ki, gözləyək, mühafizədə duraq ola bilər ki, yenidən alışar. Artıq axşam radələrində orada işimizi yekunlaşdırdıq. Hazırda o ərazilər mühafizəyə götürülüb, orada hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən postlar yaradılıb, FHN əməkdaşları da təhlükəli nöqtələrdə postlar qurublar, avadanlıqlar yerləşdirilib ki, təkrar yanğın baş verərsə, tez qarşısını ala bilək. Yəni ərazi tam nəzarətə götürülüb. Ağsuda da demək olar ki, hazırda yanğın məhdudlaşdırılıb, yanğının yayılma təhlükəsi yoxdur. Şəxsi heyət, aviasiya cəlb olunub, bütün tüstüləyən kötüklər söndürülür. Bakıdan yanğın baş verən hər bir zonaya rəhbər heyətdən qruplar yaradılıb və gedilib.

- Yanğınların bir çox halda biçilmiş taxıl sahələrinin yandırılması zamanı alovun meşə zolağına keçməsi nəticəsində baş verdiyi məlumdur. Biçilmiş taxıl sahələrinin yandırılmaması üçün çağırışlara, hətta qanunda cərimə nəzərdə tutulmasına baxmayaraq, buna əməl olunmur? Bu barədə nə deyə bilərsiniz?

- Bizi əsas narahat edən də budur, başa düşməliyik ki, meşələr bizim sərvətimizdir. Azərbaycanın 10-12 faizi demək olar meşədir, bunu da qorumaq lazımdır. Çünki həqiqətən də ölkəmizin gözəlliyi o meşələrdə, dağlardadır. Təəssüf ki, bəzən səhlənkarlıq olur, meşələrin qiymətini, dəyərini başa düşmürük. Təəssüf ki, bu gün hansısa kənd, meşə ərazisində yanğın baş verirsə, könüllülər çox az olur. Xaricdə, məsələn, Avropada bu cür hadisələr zamanı könüllülər çox olur. Həmin könüllülər yanğınsöndürənlərə kömək edirlər, onlarla çiyin-çiyinə işləyirlər. Amma bu gün bizdə könüllülər çox azdır. Bir kənddə məsələn, 500 nəfər yaşayırsa, onlardan maksimum 15-20 nəfəri köməyə gəlir, digərləri oturub kənarda tamaşa edirlər. Bir də görürsən bələdçilər bizə elə əlverişli yollar göstərirlər ki, o yollarla hərəkət edərək düz yanğının qarşısına çıxırıq və vaxtında qarşısını ala bilirik. Sözsüz ki, yanğında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Meşə Təsərrüfatı İdarəsi, kənd əhalisi ilə konsultasiyalar aparırıq. Hansı əlverişli variantdırsa, yanğının söndürülməsində o variantdan da istifadə edirik. Yanımızda yerli əhali nə qədər çox olsa, özümüzü o qədər rahat hiss edirik. İstəyərdim ki, bizi oxuyanlar bundan nəticə çıxarsınlar. Bu bizim ümumi problemimizdir, hər bir vətəndaşa aiddir. Vətəndaşlarımız məsuliyyətli olmalıdır. Təbliğat məsələləri ilə bağlı açıq etiraf edim ki, neçə meşədə olmuşam, yanğının söndürülməsində iştirak etmişəm, o meşələrdə təbliğat xarakterli nişanlar yoxdur insanları nəyəsə çağırsın ki, ehtiyatlı olun, oddan istifadə etməyin, yerə siqaret kötüyü atmayın. Meşə ilə gedəndə yol kənarlarında lövhəciklər olmalıdır ki, insanlar onu görsün. Heç olmasa onu oxuyan insan anlasın ki, bura təhlükəlidir, bura nəsə atmaq, yandırmaq olmaz, bu fəlakətə gətirib çıxara bilər. Bu, ekologiyaya da mənfi təsirini göstərir.

Kənd ərazisində taxıl, buğda əkənlər bilməlidirlər ki, o yeri yandırmaq olmaz. Birinin buğdası yetişib onu biçəndən sonra çalışır ki, yeri tez yandırıb sonra bir də şumlayıb il ərzində ikinci məhsulu götürsün. Amma qonşusu hələ taxılını biçməyib. Sözsüz ki, özləri hansısa səddi yaradırlar, yanğın baş verəndə külək yaranır o yerdə. Soyuq və isti hava kütləsi birləşməsindən yanğın yerində burulğan yaranır. Burulğan da alovu aparıb atır yanmayan ərazilərə və yanğının ərazisi genişlənir. Xüsusilə meşə ərazilərinə yaxın olan taxıl biçimləri zamanı daha böyük təhlükə yaranır. Dövlət Yanğından Mühafizə Xidməti tərəfindən bu sahədə də işlər aparılır, fermer təsərrüfatı, fərdi təsərrüfatla məşğul olanlara xəbərdarlıqlar olunur.

Biz taxıl biçimi başlayan zaman ən təhlükəli ərazilərə texnika çıxarırıq, halbuki bunu etməməliyik. Rayonun ərazisi böyükdür, tutaq ki, 25-30 km məsafədə taxıl əkiblər. Bizim avtomobil 25-30 km yol gedənə qədər yanğın ərazisi böyüyəcək. Quru ot barıt kimidir. Ona görə məcburuq texnikamızı çıxaraq gecə-gündüz açıq havada maşınlarımız növbə çəksin ki, yanğın olarsa, tez qarşısını ala bilək. Rəhbərlik bu məsuliyyəti də bizə tapşırıb. Taxıl biçimi ərəfəsində və yayda havaların isti, quraq keçməsi yanğınlara gətirib çıxarır. Yanğın təbii prosesdir, olub və olacaq, biz çalışırıq ki, baş verən yanğının qısa müddətdə qarşısını ala bilək. Bizim xidmət bunun üçün fəaliyyət göstərir.

- Yanğınların söndürülməsi zamanı FHN əməkdaşları arasında xəsarət alanların olduğu barədə məlumatlar var. Son günlər yanğınlarda FHN-in neçə əməkdaşı xəsarət alıb?

- Ciddi xəsarət alan olmayıb. Təbii ki, meşədə, kol-kosun içərisi ilə hərəkət edən zaman müəyyən xəsarətlər olur, amma bunlar yüngül xəsarətlərdir. Hansısa əməkdaşı xəstəxanaya aparmağımıza ehtiyac olan xəsarət halı olmayıb. Çalışırıq texniki təhlükəsizlik qaydalarına riayət edək. Buna ciddi nəzarət edirik və əsas şərtlərdən biri budur ki, xəsarət olmasın. Biz istər öz əməkdaşlarımızı, istər əsgərlərimizi, istər bizə yanğın zamanı kömək edən mülki şəxsləri qoruyuruq. Eyni zamanda texnikalarımızı mühafizə edirik ki, alov texnikamızı, avadanlıqlarımızı yandırmasın.

- FHN dəfələrlə meşə yanğınlarının baş verməməsi ilə bağlı əhaliyə xəbərdarlıq edib və bir sıra maarifləndirici tədbirlər həyata keçirib. Əhali tərəfindən bu xəbərdarlıqlara nə dərəcədə əməl olunur? Son günlər baş verən meşə yanğınlarında insan amilinin rolu nə qədərdir?

- Təbii ki, əməl edənlər olur. Əgər maarifləndirmə olmasa, tamamilə başqa vəziyyət görərik. Daha pis yanğınlar baş verər. Sözsüz ki, maarifləndirmə işləri aparılır, amma bu işlər daimi aparılmalıdır. Hər mövsümün özünün maarifləndirməsi var. İndi yay fəslidir, meşə, quru ot, quru ağaclar yanğının qısa zamanda yayılmasına şərait yaradan materialdır. Kimsə gedib meşədə siqareti yerə atır, bu da tüstüləyir, bir müddət sonra tüstülənmə yanğın yaradır. Həmin adam özü heç bilmir ki, meşədəki yanğına o səbəb olub. Bu cür yanğınlar olur. Meşədə balaca bir ərazini yandırsan, o yanğın özü qısa müddətdə yayılıb gedəcək digər ərazilərə.

Bakıdan əlavə bütün rayonlarda Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları çalışır. Amma onların gedib hər bir insanla fərdi qaydada söhbət etməsi mümkünsüzdür. Bu təbliğatı təkcə yanğınsöndürənlər etməməlidir. Bunu birinci növbədə evdə valideyn etməlidir, eyni zamanda bağça, məktəbdən tutmuş, ali məktəb, idarə, müəssisələr etməlidir. Harada olursansa, orada təhlükəsizliyə riayət etməlisən. Yanğın da fəlakətin bir növüdür, bunu hər yerdə insanlara başa salmaq lazımdır. Niyə idarə, müəssisələrdə nişanlar var ki, tutaq ki, burada siqaret çəkmək olmaz, amma meşələrdə yox? Bu cür təbliğat nişanları meşələrdə də olmalıdır. Əlində siqaret olan biri meşənin kənarında bir xəbərdarlıq nişanı görsə ki, siqaret çəkmək, ocaq qalamaq olmaz, bunu etməz. Ocağı qalayıb sonra çıxıb gedir, düşünür ki, kənarını daşlarla örtmüşəm, digər  yerlərə keçməyəcək. Külək qalxan kimi közü bir metr kənara hansısa otun üzərinə atsa bu kifayət edir. Açıq havada yanğın sürətlə yayılır, qarşısını almaq çətin olur. Dağlıq ərazidə yanğın horizontal deyil, vertikal hərəkət edir. Adi kibriti yandırıb yuxarı tutanda görürsən ki, sürətli yanma yoxdur, amma üzü aşağı tutsanız əlinizi yandıraq. Dağlıq ərazi də vertikal yanır, qısa zamanda geniş yayılır, 10-15 dəqiqəyə bir neçə hektarı yanğın bürüyür. Ona görə insanlar buna məsuliyyətlə yanaşmalıdır. Yanğın zamanı meşədə nə qədər flora və fauna məhv olur. Heyvanlar, quşlar o ərazidən qaçıb gedir, bunlar hamısı ekologiyaya zərbədir.  

Qeyd edim ki, ötən il ölkə ərazisindəki meşələrdə 8 yanğın hadisəsi olub. Ümumilikdə 393 hektar ərazi yanıb. Bu il isə meşələrdə 6 yanğın hadisəsi qeydə alınıb. İsmayıllı-Ağsu istiqamətində və Qəbələdəki yanğını çıxmaq şərti ilə bu, 41,4 hektar ərazini əhatə edib. Dediyim yerlərdə yanğın olan ərazinin sahəsi barədə bizə məlumat verilməyib. Çünki orada sahəni müəyyən etmək çox çətindir, yanğın sönəndən sonra əraziyə mütəxəssislər cəlb olunur və yanğın sahəsi müəyyən edilir. Bu ötən illə müqayisədə yaxşı nəticədir. Çalışırıq ki, bu daha da az olsun.

- Yanğınlar baş verərkən bəzi hallarda yanğınsöndürənlərin hadisə yerinə vaxtına gəlməməsi, eləcə də yanğının söndürülməsi zamanı düzgün taktikadan istifadə olunmamasına dair iddialar var. Bu iddialar nə dərəcədə əsaslıdır?

- Yanğın söndürmək asan iş deyil, bunun üçün gərək xüsusi biliklərə, təhsilə, praktikaya malik olasan ki, bu barədə nəsə deyə biləsən. Dünyada nə qədər adam varsa, o qədər də fikir var. Hər bir səhv deyənlə mübahisə etmək də düzgün deyil. Lənkəranda Hirkan qoruğunda yanğının söndürülməsi zamanı elə bir bulaq olmayıb ki, ondan istifadə etməyək. Balaca bir bulaqdan gölməçə yaradıb su götürüb yanğını söndürmək üçün istifadə etdik. Düzdür orada axın azdır, amma istifadə edirdik, yəni nə şərait var idisə, hansı üsuldan istifadə etmək mümkün olurdusa, ondan istifadə etdik. Yanğın avtomobili çıxa bilməyən yerlərə “QAZ-66” yük avtomobili ilə çıxırdıq. Onların üzərinə 1 tonluq çənlər, motopompalar qoyub şlank xətlərini də götürüb dağın ən ucqar nöqtələrinə çıxırdıq, hansı ki, həmin ərazilərə texnika çıxmırdı. İşimizi elə qurmuşduq ki, maşının biri gedib biri gəlirdi. Dağların ən ucqar nöqtəsinə suyu çatdırırdıq. Sözsüz ki, aviasiyamız da işləyirdi. Aviasiya yuxarıdan suyu tökür, müəyyən yerləri isladır ki, yanğının yayılmasının qarşısını alsın. Amma yanğının bilavasitə mənbəyinə, tutaq ki, kötüyün altına suyu vura bilməz axı. Ona görə orada canlı qüvvə lazımdır ki, aviasiya müəyyən ərazini soyudandan sonra hər bir ağaca, kötüyə müdaxilə edə bilək. Bundan əlavə tırtıllı S traktorlarını da cəlb etmişdik ki, zolaqlar açaq. O zolaqları açmasaydıq, bəlkə də yanğın 100 min hektarlarla əraziyə yayılacaqdı. Elə yollar var ki, köhnədir, zolaqlar yoxdur, biz demədən əvvəl o yerlərdə zolaqlar olmalıdır. Tək Azərbaycanda yox, dünyanın hər bir yerində meşələrdə xüsusi zolaqlar açılmalıdır ki, yanğın baş verdikdə digər ərazilərə keçməsin. Bu zolaqlar yanğına qarşı sədd olur. Yəni yanğın gəlib haradasa dayanır, digər tərəfə keçə bilmir. Beləliklə, müəyyən lokal sahələr yanır, yayılma təhlükəsi olmur. O zolaqlar olmayanda ağaclar bir-biri ilə birləşir, yanğın aşağı ilə keçməsə də yuxarı hissələrdən keçir. Ağaclar budanmalıdır ki, avtomobillər o yerlərdə hərəkət edə bilsin. Bizim meşələrdə kiçik maşınlar keçə bilir, amma yanğın avtomobili keçə bilmir. Bizdə hər bir hissədə qabaqcadan yerlərə xüsusi 1 tonluq çənlər paylanılıb meşə yanğınlarını söndürmək üçün, başqa avadanlıqlar da verilib. Hadisə olan kimi dərhal onları yükləyirlər maşınlara aparırlar meşədə yanğını söndürməyə. Yəni biz bu cür qabaqlayıcı tədbirlər görürük. Buna baxmayaraq yanğınlar baş verir. Bizim başqa yolumuz yoxdur, yanğını söndürməliyik. Bu cür hadisələr baş verəndə də çalışırıq ki, qısa zamanda söndürək. Dediyim kimi, bu il meşədə 4 gündən artıq baş verən yanğın olmayıb.  

# 1460
avatar

Oxşar yazılar