3900
18:15
19 Avqust 2019

Qaçaq Elçinin acı sonu, toy günü qeyb olan Arif, “dözə bilmirəm, qayıtmalıyam...” – Səbuhi Sədəf yazır III YAZI

..Sərhədi keçməyə peşman edirlər adamı. “Təbriz!”, “Ərdəbil!”, “Meşkin!”, “Aslandüz!”…

Adama elə gəlir, bu dəqiqə zorla da olsa, maşına əyləşdirib, aparacaqlar səni.

- Naxçıvana gedən? Culfa, Naxçıvan…

Bir dəstə də o yanda qışqırır:

- Yolda dəyişməyəcəksiz ki?

Deyəsən, təcrübəli yolçudur. Bu dəyişmək məsələsinin nə olduğunu, başımıza nələr gətirəcəyini sonradan biləcəyik.

- Əbəlfəz haqqı, yox.

Əvvəli burada: (https://lent.az/news/323333)

...Geri qayıdanda hər iki Culfanın sərhəd-keçid məntəqəsini çox tez keçdik. Səfərimiz Qurban bayramı günlərinə təsadüf etsə də, sərhəddə qələbəlik yox idi. Di gəl, iranlı sürücülər əməlli cığallıq edirdilər. Culfadan Biləsuvara bir nəfərə gediş haqqını 20 manata qaldırmışdılar. Hələ bir minnət də edirdilər. Yeri gəlmişkən, Naxçıvandan İrandan keçməklə qayıdanda sərhəddə sizi iki manat müqabilində sığorta da edəcəklər. Hələ sürücünüz də adınızı soruşacaq - hə, məhz adınızı - hansısa kiçik köşkə baş vuracaq və nəyə görəsə yenidən sığorta etmək həvəsinə düşəcəkdi. Amma onun yumşaq desək, dələduzluğunun qarşısını vaxtında ala biləcəkdik.

- Siz nə qədər burda gözləyəcəksiz ki? Daşı tökün ətəyinizdən, gedək.

Eynəkli, bir suyu “Dəli kür” filmindəki Molla Sadıqın köməkçisinə oxşayan o taylı qardaşımız qarabaqara biz izləyib, qır-saqqız olmuşdu. Və ən maraqlısı o idi ki, bu eynəkli sürücü digər sürücülərlə sövdələşməyə də imkan vermirdi. Gah onun üstünə qışqırır, gah bunun, gah da bizimlə dirəşirdi ki, sizi burdan Biləsuvara heç kim aparmayacaq. Arada bəndənizlə də bir mübahisəsi düşdü və bu mübahisə az qala davaya çevriləcəkdi ki, qarşısını İsmayıl kişi aldı.

Elə bir Allah yetirdi İsmayıl kişini. Bir göz qırpımında araya girdi, həmin o eynəkli kişinin üstünə necə qışqırdısa, zavalı kirimişcə sivişib aradan çıxdı.

- Gəlin oturun, mən apararam.

Düzü, onun bu təklifinə bir az tərəddüdlə yanaşdıq. Özü də bunu hiss etdi.

- Qiymət deməyəcəm, bura neçəyə gəlmisinizsə, elə onu verərsiz, insafınız olsa, hərəniz bir manat üstünə qoyarsız.

Əslən elə Culfadandı İsmayıl kişi. 30 ildən çoxdur, taksi sürür. Atası İran-İraq müharibəsində həlak olub. Özü də cəbhəyə gedib, 6 aydan sonra Abadan şəhəri yaxınlığında ağır yaralandığından, ordudan tərxis edilib.

- Eraq qəfil hücuma keçdi, qurban. Biz hazırlıqsız idik. Cəng gözləmirdik. Bir də gözümüzü açdıq ki, Xürrəmşəhri,Mehranı ələ keçiriblər, Abadan da mühasirədə. Amma özümüzü də itirmədik. Axırda Kərkükə qədər qovub apardıq onları. Sən bilərsən də, Kərkükdə də bizimkilərdi. Eynən bizim kimi danışar, çalıb-oynayarlar. Biz çox gözəl millətik, qurban. Gözəl ümmətik. Gəlin sizə cüyürləri göstərim. Odeyyy, baxın...

Dağın üstündə beş-altı cüyür kol-kos yeyir. Bir qədər yuxarıda da anaları dayanıb. Biz telefonlarımızı tuşlayan kimi pərən-pərən düşürlər.

- Bu dağların arxası bizim örüş yerlərimizdi. Mənim də qoyun sürüm, mal-qaram, çobanlarım var. Özüm də ki hər gün maşında. Şükür, pis dolanmırıq. Amma hər dəfə bu yolları gedəndə, bu viranə kəndləri görəndə bağrım çatlayır. Qoy bu Nənəmvayı keçək, sizə maraqlı bir əhvalat danışacam.

Nənəmvay dediyi çox sərt aşırımdır. Məsafəsi çox da uzun deyil. Amma döngələri çox sərtdir, yolları da dar.

Dilinin altında dua edə-edə İsmayıl kişi bizim Nənəmvaydan keçirə bilir.

- Bayaq davadan danışırdım sizə. Lap çoxdan e, deyim də sənə, sizin illə götürəndə 78, ya 79-cu il idi. Bu tərəfə Elçin adlı bir nəfər keçmişdi. Sən ondan birini ver hələ.

Baxışlarıyla siqaretə işarə edir. Qutudan bir siqaret uzadıram.

- Qulaq as, İsmayıl kişi, bəlkə müstəqillik vaxtı olub? Bəlkə yanılırsan?

- Qurban, nə yanılmaq, 14 il onu burda, yanımda saxlamışam. Sonra da…

- Bir dəqiqə, bir dəqiqə, sovet vaxtı İrana keçib, 14 il burda qalıb?

- Hə, imkan vermirsən axı danışım. Sən xəbər-nigar deyilsən?

- Yox, niyə olum ki?

- Yadımdaydı, sübh tezdən idi. Mənim də olardı 16-17 yaşım. Siz tərəfdə bərk hay-küy düşdü. Xeyli əsgər yığılmışdı. Məftillərin arxasında gəzişirdilər, itlərlə. Bizim sərbazlar, ulduzlular da getdi sərhədə. Kənardan durub baxırdıq. Günorta məlum oldu ki, siz tərəfdən bir nəfər kimisə öldürüb, qaçıb İrana.

Həmin adamın kimliyinə, onun ətrafında araşdırmalarımıza qayıdacağıq. Amma indilikdə yenə İsmayıl kişini dinləyək. Həmsöhbətimizin dediyinə görə, həmin adamın adı Elçin olub. Həmin vaxt 27-28 yaşlarındaymış. Uzun müddət İranın Ələmdar şəhərində gizlənib. Daha sonra dağlarda çobanların yanında. Düz 14 il.

- Camaat onu çox istəyirdi. Hamı bacardığı hörməti edirdi ona. Yeməyi, geyimi, hər şeyini biz verirdik. Hərdən xəbər yayılırdı ki, sizin hökumət onu tutmaq üçün İrana adamlar göndərir. Dərhal onu gizlədərdilər. Elə olurdu, aylarla qaldığı evdən bayıra çıxmırdı. Aylarla dağlarda çobanların yanında qalırdı. Həm onlara kömək edirdi, həm də baxma yeməyini-içməyini verirdilər. Yox, evlənmədi. Həmişə deyirdi, nə Bakıya qayıda biləcəm, nə də Naxçıvana. Qayıdan kimi tutacaqlar. Deyirdi, adamı təsadüfən öldürüb. Öldürmək istəmirmiş. Elə peşman idi ki. Hər dəfə yadına düşəndə ağlayırdı. Hər axır çərşənbə günü də Arazın kənarına gedib, o tayda yanan tonqallara, işıqlara baxardı. Ta siz tərəfdə səs-küy kəsilənə qədər. Çox yazığımız gəlirdi ona. Amma eyni zamanda da çox istəyirdik. Zarafata salıb, “ay Elçin, evlən” - deyirdik. Deyirdi, kiminsə qızını niyə bədbəxt edim ki? Bu gün - sabah tutacaqlar. Qurban, bilirsən nə qədər adam uşağına Elçin adı qoymuşdu? Biz də belə ad qoymazdılar ki.

Köks ötürüb, bir siqaret də yandırır. Və davam edir:

- Sərhəd telləri söküləndə nə illah elədik ki, qurtardı hər şey, get evinizə, yenə də getmədi. “Məni tutarlar” - dedi.

Çox qorxurdu türmədən, çox. Ruslar sərhəddən gedəndən sonra bir qədər ürəklənmişdi. Amma həbsdən qorxduğundan yenə heç hara getmirdi.

Amma…Amma çox keçmir ki, Elçin İranı tərk edir. Yox, Naxçıvana getmir. Cəbrayıl istiqamətindən Arazı keçir. Yerli özünümüdafiə batalyonlarından birinə qoşulur.

- Ayrılanda dedi ki, mən nə vaxtsa kəndimə qayıtmalıyam. Qayıdan kimi də məni tutacaqlar. Ondansa, qoy müharibəyə gedim. Torpağım üçün vuruşum. Ölsəm, Allah o dünyamı verər. Qalsam, gedib təslim olaram. Deyirdi, artıq dözəmmirəm. Təslim olsam, vuruşduğum üçün bəlkə az cəza verərlər.

Amma Elçinə nə kəndinə qayıtmaq nəsib olur, nə də təslim olmaq. O, şəhid olur.

Həmsöhbətimiz deyir ki, döyüşə gedəndən bir neçə ay sonra onun ölüm xəbər gəldi. Amma harada dəfn edilməsindən isə xəbəri yoxdur.

***

...Bakıya qayıdandan sonra Elçinin axtarışına çıxdım. Naxçıvandakı dostlarla, vaxtıyla Cəbrayılda döyüşmüş qazilərlə əlaqə saxladıq. Hər dəfəsində də qeyri-müəyyən cavablar. Elçin mövzusunu qapatmaq istəyirdik ki…

- Sovet vaxtı Naxçıvandan İrana keçənlər olurdu. İndicə mənə dedilər ki, belə bir adam olub. Özü də Xok kəndindəndir.

Bir dostumuz idi zəng edən.

Təcili əslən Naxçıvandan olan həmkarlarımızla əlaqə saxlayırıq. Nəhayət, həmin kənddən bir nəfəri tapa bilirik.

- Hə, belə bir hadisə baş verib. Mənim indiki kimi yadımdadır. Amma… onun adı Arif idi.

İlahi, bu Arif hardan çıxdı?

- Hə, dəqiq deyirəm, Arif. Familiyaları da, səhv etmirəmsə, Məmmədovdur. Amma həmin adam Qarabağda şəhid olmayıb. Hazırda Amerikada yaşayır. 25 ildən sonra da Xoka qayıtmışdı. Bir ay qaldı, getdi. Bütün kənd onu qarşılamışdı.

Hə, demək bu artıq tamam başqa bir hekayədir.

Həmsöhbətimiz deyir ki, Arif Naxçıvanda yerləşən Qıvraq polkunda xidmət edirmiş. Praporşik imiş.

- Həmin gün onun toyu imiş. Evdə nə baş verirsə, toydan çıxıb gedir. Fikirləşirlər ki, yəqin kəndin ayağına gedib. Amma axşama yaxın səs yayılır ki, Arif İrana qaçıb. Aləm dəyir bir-birinə. Bu hadisə dəqiq deyə bilərəm neçənci ildə olub. 1977-də. Çünki 1992-ci ildə gəlmişdi. Demək, İrana qaçdıqdan sonra birbaşa Tehrana gedir. Amerika konsulluğuna təslim olur. Bir müddətdən sonra onu Amerikaya göndərirlər. Bayaq dediyim kimi, bir də 25 ildən sonra qayıdır. Mən balaca uşaq idim, o gedəndə. Amma gələndə məni görən kimi tanıdı.

Arif indi də sağdı, hazırda Amerikada yaşayır. Elçin isə... Nə bilim vallah, axtarıb tapmaq olar! Əslində, onu axtarıb tapmaq biz xəbər-nigarların işidir. Hə, jurnalist demək imiş xəbər-nigar. Axtaraq, hər axtardıqca o qədər maraqlı talelərlə rastlaşacağıq ki...