“Mən ilk Xocalıyam” – <span style="color:red;">BİR ADIN TARİXÇƏSİ
20 iyul 2019 14:55 (UTC +04:00)

“Mən ilk Xocalıyam” – BİR ADIN TARİXÇƏSİ

“Kənd sovetinin sədri atamın belə ad qoymasını eşidib qəti razı olmadı. Dedi, olmaz. Amma atam israrlı idi. Onda sədr Şəkiyə zəng elədi. Dedi ki, icazə almasam, bu adı yaş kağızına yaza bilməyəcəm. Şəkidən isə heç bir tərəddüdsüz razılıq verdilər. Atama görə, onu yaxşı tanıdıqlarına görə”.

Zaman: 1992-ci il, fevralın 26-sı.

Məkan: Şəki rayonu, Baş Göynük kəndi.

Müşfiq İsmayılovun evində ikinci oğlu dünyaya gəlir. Ailə sevinc içindədir. Ata və ana uşağa ad qoymağa hazırlaşarkən evin ağsaqqalı Salman müəllim deyir:

“Uşağın adı Xocalı olacaq”. Ailə əvvəlcə çaş-baş qalır. Amma nəinki Baş Göynükdə, bütün Şəkidə ziyalı kimi tanınan Salman müəllimin sözündən heç kim çıxmır.

“Rəhmətlik atam vətənpərvər insan idi. Həmin vaxt ağır illər idi. Müharibə, xüsusən Xocalı faciəsi atama pis təsir etmişdi. Odur ki, bu qeyri-adi adla razılaşmalı olduq. Bəlkə də Xocalı adını yaşatmaq üçün bu addımı atmışdı atam. Bu, onun vətən istəyindən yaranan bir ad idi”, -  Müşfiq İsmayılov deyir.

Xocalının artıq 27 yaşı var. Elə küçələrindəki “Xocalı” adlı mağazada çalışır.

“Babamın mənə bu adı qoymasının arxasında vətənpərvərlik durur. Mən bu adın məsuliyyətini yaxşı başa düşürəm. Bilirsiniz necədir? Azərbaycanda bəzi rayonlarımızın adını daşıyan insanlar var. Məsələn, Lənkəran, Quba, hətta Qazax adına belə rast gəlmək olar. Amma Xocalı adında adam yoxdur. Mən ilk Xocalıyam”.

Xocalı deyir ki, "ASAN xidmət"də işləyən bir dostu vasitəsi ilə öyrənib ki, Azərbaycanda doğrudan da Xocalı adını daşıyan bir kimsə yoxdur.

Bəs məktəbdə, hərbi xidmətdə onun adını necə qarşılayıblar?

Xocalı deyir ki, məktəbə gedənə kimi kənddə hamı məni bu adla tanıyırdı:

“Amma əsgərlikdə təbii ki təəccübləndilər. Amma adımın qoyulma tarixçəsini biləndən sonra hamı mənə hörmətlə yanaşmağa başladı. Əslində, mən də hansı adı daşımağımın fərqindəydim. Bayaq dediyim kimi, bunun məsuliyyətini hiss edirdim”.

Səbuhi Məmmədli

Bakı-Baş Göynük

FOTOLAR: Ülfət Cıdıroğlunundur

 

# 3833
avatar

Səbuhi Məmmədli

Oxşar yazılar