“Sevgilimi isə başa salaram, səninlə işi olmaz” – Bulud Qaranın gündəliyi – XVII BÖLÜM
04 iyul 2019 20:15 (UTC +04:00)

“Sevgilimi isə başa salaram, səninlə işi olmaz” – Bulud Qaranın gündəliyiXVII BÖLÜM

Əvvəli: https://lent.az/news/319002

 

17-ci hissə

 

Anam

 

Yaxşı ki, şənbə günü idi və işə getmək məcburiyyətim yox idi.

 

Adətən belə günlərdə istisna hallar kimi gördüyüm pasientləri qəbul edirəm. Məsələn, güclü maniyalardan və ya fobiyalardan əziyyət çəkənləri, insestə, sadomazoxizmə meylli olanları, hərdən də pasient adı ilə yanıma gələn gözəl xanımları.

 

Bu gün görüşəcəyim adam Mənzil İstismar Sahəsinin müdiri idi və üçüncü seansa gələcəkdi. Əslində mən düşünürdüm ki, onun heç bir problemi yoxdur. Daha doğrusu, varsa da, bu, yalnız evindən, ailə-məişət qayğılarından yorulmasıdır, daha özünün dediyi kimi, mazoxizmə meyllilik deyil. Lakin onu buna hələ inandıra bilmirdim. Adam xroniki yorğunluqdan depressiyaya düşmüş, sosial şəbəkədə tanış olduğu bir psixoloqun yanına getmiş, həmin psixoloq da bunu inandırıbmış ki, bütün problem onun gizli mazoxist olmağındadır. Belə işlərdən zəhləm gedir. Xəstənin öz həqiqi problemi qalır bir kənarda, mən məcbur oluram özümdən əvvəlki psixoloqun bu xəstə beyinə yazdığı yad proqramı silməyə. Bu da çoxlu vaxt və enerji aparır. Odur ki, özümün də dincliyə ehtiyacım olduğu bir zamanda o MİS müdirini görməyə heç həvəsimin olmadığını hiss etdim və zəng edib işə gəlməyəcəyimi bildirdim, sonra da onun narazı səsinin mızıltıları bitmədən tələsik sağollaşıb, telefonu qapadım.

 

Vəssalam. İndi qalırdı soyuq duş almaq və sakit beyinlə evdən çıxıb parkların birində oturaraq düşünmək, düşünmək, yenə də düşünmək...

 

Kaş indi kəndimizdə olaydım. Səhər sübhdən xoruzların, itlərin, inəklərin səsinə oyanmaq, həyətə düşüb buz kimi sərin, tərtəmiz quyu suyu ilə əl-üzümü yumaq, təndirdən bu dəqiqə çıxmış ipisti, cənnət ətirli çörəyi qoxulaya-qoxulaya, üfürə-üfürə qopardıb yemək, anamın açdığı yer süfrəsindəki pendirdən, yağdan, baldan dadmaq, pürrəngi çay içmək... necə gözəl olardı!

 

Hiss etdim ki, anamı görməkdən ötrü burnumun ucu göynəyir.

 

Yox, elə bu axşam vağzala qaçıb, rayonumuza gedən taksilərdən biri ilə yola düşəcəyəm.

 

Bazar ertəsi isə sübh tezdən çıxıb, saat doqquza kimi özümü Bakıya çatdıra bilərəm. Sonra görüm hansı xəstə, hansı problem beynimi yorub dağıda bilər. Anamın təbəssümü, xeyir-duası bütün neqativləri ətrafımdan dağıdıb siləcək, əminəm.

 

Bunları düşündükcə beynim daha yaxşı işləməyə başladı sanki, qəfil enerji axını hiss etdim canımda, durub pərdələri tamamilə kənara çəkdim, yerə aşmış jurnal stolunu düzəltdim, onun böyründəki stulu da götürüb, kompüter masasının qarşısına qoydum. Stulu masanın altına tam itələdiyim zaman əlim təsadüfən noutbukun klaviaturasına dəydi və kompüterin ekranı işıqlandı. Bir anlıq əhəmiyyət vermədim, lakin üzümü çevirdiyim zaman mənə elə gəldi ki, monitorda açılan vörd səhifəsi idi və o səhifə boş deyildi. Diksinmiş kimi geri çönüb gözlərimi monitora zillədim. Və gözlərimin qarşısında bu cümləni gördüm: “ONU RƏDD ELƏ GETSİN YOXSA ÖLDÜRƏCƏM”

 

Bəli, nöqtəsiz-vergülsüz, iri şriftlərlə belə bir xəbərdarlıq.

 

Deməli Leyla Sevdanın mənim evimdə qaldığından xəbərdar idi...

 

Aman! Bəlkə elə...

 

Ağlıma gələn qarışıq fikirlərin diktəsi ilə ayağa otağa, dağılmış, yerə tökülmüş hər şeyə bir də göz gəzdirib mətbəxə keçirdim ki, qapının zəngi çalındı.

 

Sevda idi. Mən qapını açan kimi otağa keçib özünü divana yıxdı.

 

- Heç nə demə! Xahiş edirəm, heç nə soruşma! Beş dəqiqə özümə gəlim, indi hər şeyi yığışdıracam...  – dedi və dərindən nəfəs alıb, gözlərini yumdu.

 

- Hmmm... – mən artıq Sehrbazın və ya onun adamlarının bura gəldikləri haqda düşüncələrimə görə özümdən utanaraq, mətbəxə keçdim, soyuducudan su götürüb axmaq başıma çəkdim və Sevdanın özünə gəlməsini gözləməyə başladım...

 

***

 

Sən demə gecə mən Surxayla çıxıb gedəndən sonra Sevda yerinə təzəcə uzanıbmış ki, qapı döyülməyə başlayıb. Sevda da yuxulu halıyla, mənim evdə nəyi isə unutduğumu düşünüb və gözlükdən baxmağı belə ağlına gətirməyərək, dərhal qapını açıb.

 

- Sənin səhvən nəyisə etməyini düşünmək özü səhv olar, bunu başa düşürsən yəqin, - istehzayla ona baxdım.

 

- Nə demək istəyirsən? Yəni sən nəyisə unuda bilməzdin?

 

- Yox.

 

- Yaxşı, boynuma alıram, mən elə bildim ki, sən mənə görə qayıtmısan, mənimlə qalmaq üçün... axı mən sənə dedim (yataq otağına işarə etdi) sənlə qalmaq istəyirəm, özü də orada...

 

- Getdikcə daha çox axmaq olursan! – hirslə dedim, - davam et! Sonra nə oldu?

 

- Sonra... heç nə. Mən qapını açan kimi bir qız içəri girdi. Mən də bilmədim kimdi, bağırdım üstünə, dedim sən kimsən, çıx get burdan, bu dəqiqə polis çağıraram. Dedi ki, özün çıx get, özü də bu dəqiqə. Nə isə... itələdim onu...o da məni (qeyri-ixtiyari qarnını qucaqladı) itələdi. Mən özümdən çıxdım, cumdum üstünə, qovub evdən çıxarda bildim, qapını da açarladım. Dedim sənə zəng vurum, amma...

 

- Hə...noldu? De də!

 

- Açar səsi gəldi... Düzü, sevindim ki, sənsən bu dəfə...amma yenə o idi. Sənin evinin açarı onda nə gəzirdi ki? Deməli düz deyirdi də.

 

- Nə deyirdi ki?

 

- Deyirdi, sənin sevgilindir...sonra da dedi ki, mən çıxıb gedirəm, amma səni səhər burada görməyim. Mən də, o gedəndən sonra buraları sökdüm dağıtdım...gücüm buna çatdı.

 

- Necə qız idi?

 

- Dəli olmusan? Sevgilin necədir, bilmirsən?

 

- Necə qız idi soruşuram!

 

- Nə bilim... qəşəng idi, amma dəli kimi baxırdı, saçı qısa, kare...

 

- Bəs bu niyə burdadır? – yerdə cırılıb düşmüş qara donu göstərdim.

 

- O cırdı. Mən onu dolabdan tapıb geyinmişdim, o da cırdı ki, mənim paltarımdır, soyun... çox tərbiyəsiz sevgilin var, biləsən!

 

- Hmm... – qəribədir ki, gülümsədim...

 

Deyəsən, Leylanın etdikləri mənim xoşuma gəlirdi.

 

Sonra Sevda məndən xahiş etdi ki, çıxım gedim, o da buraları səliqəyə salsın, sonra getməsi üçün bir yer fikirləşəcək. Mən israrla xahiş etdim ki, hələlik burada qalsın, çünki özüm kəndə gedəcəyəm.

 

- Sevgilimi isə başa salaram, səninlə işi olmaz, - deyib daha ürəklə gülümsədim.

 

Kişi öz həyatındakı qadınları qorumalıdır, bu onun əbədi-əzəli missiyasıdır. Amma bu missiya öz mahiyyətini bilirsinizmi nə vaxt dəyişir? Həmin qadınları bir-birindən qorumalı olduğu zaman!

 

Mən də indi keçmişdən gəlmiş qadını gələcəkdə gələ biləcək qadından qorumağa məcbur idim. Sevda hamilə və tək idi, mənə sığınmışdı. Leyla isə məchul bir kabus kimi həyatımın altından girib üstündən çıxırdı hələ ki...

 

Xalamgilə getdim. Gülnarı görmək, Sevdaya kömək etməsi üçün ondan xahiş etmək istəyirdim. Bəlkə hələlik onlarda qala bilərdi Sevda, nə qədər absurd görünsə də.

 

Xalam məni sevinclə qarşıladı, dərhal çay, mürəbbə, limon gətirdi. Dedi, Gülnar iki gündür ki, kəndə gedib. Anam xahiş edibmiş gəlsin.

 

- Ana? Bəs mənim niyə xəbərim yoxdur? Yoxsa nəsə olub?! – özümü bir anın içindəcə min dəfə söyərək telefona əl atdım, Gülnarı yığmağa çalışdım. Anam mobil telefonları qəbul etmədiyi üçün başqa çarəm yox idi. Lakin xalam telefonu əlimdən alıb kənara qoydu, ərklə üzümə baxıb danladı:

 

- Ay bala, altıaylıqsan? Səbrin olsun da!

 

- Yox e, anaya nə olub? Niyə Gülnarı çağırıb?

 

- Belini kisələtdirəcək! – xalam sarkazmla mənə od qoydu, - xalasıdır da, bəlkə bir işi düşüb, yayın günüdür, xalça yumaq, pərdə yumaq, yun daramaq, çırpmaq... hələ mən də gedəcəyəm. Ev-eşiyi günə vermək lazımdı, qurd basar indi.

 

- Həə... – ürəyim yerinə gəldi, - gəlirsənsə, axşam çıxıram, hazırlaş, bir yerdə gedək.

 

- Doğrudan? Nə yaxşı!

 

Elə bu vaxt həyətdən hay-küy, qışqırıq səsləri eşidilməyə başladı. Sonra bu səslərə polis və təcili yardım maşınlarının səsləri də qarışdı.

 

Xalamla mən hövlnak balkona cumduq.

 

Aşağıda aləm bir-birinə dəymişdi.

 

Polislər bir kişini qandallayıb maşına sarı aparırdılar.

 

Həkimlər isə üstü tamamilə örtülmüş kimisə xərəkdə təcili yardım maşınına aparırdılar.

 

Xalam əlini sinəsinə, dizinə çırpıb ufuldadı:

 

- Vay, səni zəlil öləsən, axır dediyini elədi, it oğlu it...

 

- Kimdir ki? Nə olub orda?

 

- Bu qonşu blokdakı qız yoxdumu? Şey... Sənubər... Gülnarla da arası yaxşıydı, o gəlin...əri dünən axşam öldürürdü onu, güclə qonşular aldı əlindən, vay, vay, yazıq qız, külbaş qız...

 

Udqundum.

 

Yox, deyəsən boğulurdum...

 

Sənubər, onunla bağlı olan bütün baş verənlər bir-bir gözümün qarşısında film kadrları kimi düzülməyə başladı. Sonra bu kadrlar bir-birinə qarışdı, rəngləri bir-birini yedi, səsləri bir-birini boğdu...

 

Xalamgildən necə çıxıb özümü Surxayın yanına verdim, bilmədim.

 

Axşamacan içdik, yedik, söhbət etdik.

 

Surxaya baş verənləri danışdıqca, gözləri hədəqəsindən çıxırdı. Mənə əslində yaxşı bir psixoloq lazım idi, beynimə doluşub ruhumu sıxan hər şeyi danışıb rahatlaşmağa ehtiyacım vardı. Özüm özümə heç cür kömək edə bilmirdim. Bütün təlqinlər, affirmasiyalar, meditasiya cəhdləri boşa çıxırdı.

 

- O qız sənin evində qalmamalıdır, - Surxay qərar verdi, bu dəqiqə onu öz evimə gətirəcəyəm, odey o biri otaqda canı çıxar qalar adam balası kimi, sonra Tofiq istəyərsə, gəlib yiyə durar, istəməz, cəhənnəmə istəsin, məcbur edərik. Ya aparar, ya da aparar!

 

- Haqlısan, - köks ötürüb, saata baxdım və ayağa durdum, - gecdir, gedək.

 

Hesabı verib çıxdıq.

 

Hava o qədər gözəl idi ki, şəhərin bu başından ta evimə qədər piyada getməyə razı idim, təki bu sərin meh üzümdən ağrımı, yorğunluğumu, nigaranlığımı aparsın, ruhum bir azca dincəlsin.

 

Biz yuxarı qalxıb, qapının zəngini çaldıq.

 

Qapını isə üzümüzə anam açdı.

 

Mənim anam!

 

O, Gülnara qoşulub rayondan bura, mənim evimə gəlmişdi.

 

O anlarda yer üzündəki hər kəsi, hamını unutdum və astanadaca anama sarıldım.

 

- Xoş gəlmisən...

 

(Davam edir)

# 2323
avatar

Bulud Qara

Oxşar yazılar