“Qara donu onun əynindən cırıb çıxartmışdılar...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">XVI BÖLÜM
27 iyun 2019 20:15 (UTC +04:00)

“Qara donu onun əynindən cırıb çıxartmışdılar...” – Bulud Qaranın gündəliyiXVI BÖLÜM

Əvvəli: https://lent.az/news/318232

 

 

16-cı hissə

Qısqanclıq

 

 

Hiss etdim ki, qulaqlarıma kimi qızarmışam.

 

Əlimi Sevdanın əlinin altından çəkib cəld ayağa qalxdım və situasiyanı izah etmək üçün toparlandım.

 

- Siz... siz necə oldu bura...

 

- Tfu sənə! – Tofiq sözümü ağzımda qoyub, nifrətlə məni süzdü və Surxayı kənara itələyərək, çıxıb getdi.

 

- Tofiq! Yox e, bu belə niyə elədi ki, indi? – çaşqın halda Surxayın üzünə baxıb, Tofiqin ardınca getmək istədim.

 

- Dayan görüm! – Surxay qolumdan çəkib məni demək olar ki, itələyərək stula oturtdu, özü də masanın qarşısında ayaq üstə dayanıb, yuxarıdan aşağı bizi ikrahla süzdü, - bu nə hoqqadır çıxarmısız, hə?

 

- Birincisi, salam - Sevda özünü incimiş kimi göstərib, gözlərini süzdü, - ikincisi də səsinin tonunu aşağı sal, ayıbdır.

 

- Ayıbdır? – Surxay özündən çıxdı, - sən mənə ayıb nədir öyrədirsən? Sən? Sən, Sevda?

 

- Surxay! – mən nə baş verdiyini anlamasam da, dostlarımın bura gəlib çıxmasını Sevdanın növbəti oyunundan başqa bir şey olmadığını anlayırdım və düşdüyüm vəziyyətdən çıxmalıydım, - ya çıxaq gedək, ya da otur, adam kimi söhbət eləyək!

 

- Nə söhbət? Nə oturmaq? Sən heç bilirsən neylədiyini? Dolamısan oğlanı? Dolamısız? – ikimizə də qəzəblə baxıb bağırdı.

 

- Dedim axı, otur, danışaq!

 

- Oturmuram! Sənin kimi şərəfsizlik eləyən...

 

- Surxay, ağzının danışığını bil! – ayağa durub yumruğumu masanın üstünə vurdum.

 

- Kəs səsini! Mənə yumruq göstərənə bax!

 

Lakin Surxay sözünün ardını gətirə bilmədi, qəfildən huşunu itirən Sevdanın yerə yıxılmaması üçün ona sarı atıldı...

 

***

 

Nə qədər israr etsək də, Sevda nə təcili yardım çağırmağımızı, nə də onu xəstəxanaya aparmağımızı istəmədi. Yalvardı ki, hələlik mənim evimdə qalsın, çünki bu dəqiqə gedəcək heç bir yeri yoxdur, qardaşıyla anası Bakıdakı evlərini satıb rayondakı ata-baba yurdlarına köçüblər, orada da Sevdanı bu vəziyyətdə heç kim qəbul etməz.

 

- Yəni bu doğrudan hamilədir? – biz Sevdanı mənim maşınımın arxa oturacağına əyləşdirəndən sonra Surxay qapını çırpıb çaşqın halda üzümə baxdı.

 

- Deyəsən hə, - köksümü ötürüb, sükan arxasına keçdim.

 

Və biz Sevdanı mənim evimə apardıq.

 

Surxay aşağıda maşında gözlədi, mənsə Sevdayla yuxarı qalxdım.

 

Üçüncü mərtəbəni keçəndə yuxarıdan addım səsləri gəldi və iki saniyə sonra Sənubərin tövşüyə-tövşüyə aşağı düşməsini gördük. O, bizi görəndə özünü itirdi, divara qısılıb təəccüb və həyəcanla onun yanından keçib getməyimizi gözlədi. Mən qapını açıb Sevdanı içəri ötürdüyüm zaman dönüb ona baxdım. Sual və qəzəb dolu baxışlarını üstümə dikmişdi. Mənə elə gəldi ki, o hətta yuxarıya doğru bir pillə qalxdı da. Sonra “sus” işarəmi görüb, dayandı.

 

Mən içəri keçib Sevdaya bəzi şeylərin yerini göstərməyə başladım.

 

- Burda döşəkağılar var, soyuducuda yağ, pendir, cem...

 

- Bilirəm, bilirəm, pendir saçaqlı, cem də jeleli, - güldü.

 

Mən daha heç nə demədim. Sevda bu mənzildə çox olmuşdu, vaxtilə özünü də dediyi kimi, oboyların güllərinin nə qədər yarpağı olduğunu belə əzbər bilirdi.

 

Bir anlıq fikrimdə gözəgörünməz bir kalkulyator işə düşdü. İndiyə kimi bu mənzilə neçə qadının gəldiyini, neçəsinin günlərlə, neçəsinin saatlarla, neçəsinin dəqiqələrlə qaldığını hesablamağa başladım. Birdən mənə elə gəldi ki, bu dəqiqə həyatımdan gəlmiş-keçmiş bütün qadınlar birdən-birə mənzilimə doluşdular. O qədər çox idilər ki, ayaq üstündə dayanmaqları ancaq mümkün olardı. Mən bu yaxınlarda SSRİ vaxtında NKVD-nin dəhşətli işgəncələri haqqında material oxumuşdum, orada cəzalardan biri ondan ibarət idi ki, qadınları, ancaq ayaq üstündə dayana biləcəkləri dərəcədə sıx şəkildə otaqlara yığıb saxlayırmışlar. Sıxlıq o qədər çox olurmuş ki, havasızlıqdan və tünlükdən huşunu itirənlər, hətta ölənlər belə ayaq üstə qalırmış. Bir anlıq ağlımdan keçdi ki, bəlkə mənim indiyə kimi görüşüb sevişdiyim qadınlardan da ölənlər var, amma mənim xəbərim yoxdur bundan, onlar mənim xəyalımda bu mənzildəki digər rəqiblərinin arasında kim bilir neçə vaxtdır ki, ayaq üstə sıxılıb qalıblar...

 

Sevda sanki fikirlərimi oxudu, xəfif istehza ilə gülümsəyib, dolabdan döşəkağı seçdi, divana sarı getdi.

 

- Mən burda yatacam.

 

- Ürəyin harda istəyir, - dedim.

 

- Ürəyim o tərəfdə istəyərdi, özü də sənlə, - yataq otağıma işarə elədi, - gəl, kömək elə açaq bunu.

 

Divanı açmasına kömək etdim və onun üzünə daha baxmamağa çalışaraq, sağollaşdım. Xəyalımdakı qadın sıxlığının arasından birtəhər əzilə-büzülə keçib nəhayət ki, mənzilimdən çölə çıxa bildim. Bu necə dəhşətli hiss idi, ilahi! Niyə indiyə kimi bu hissi yaşamamışdım? Sevda öz üzərində nə boyda neqativ enerji yükü gəzdirirdi ki, mənzilimdə onunla iki dəqiqə baş-başa dayanmağım mənə bu hissləri yaşatdı?! Yox, bu qadından uzaq qaçmaq lazımdır, Tofiq özü bilər!

 

Surxay maşında gözləyirdi, yəqin ki, bütün gecə boyunca Sevda və Tofiq barəsində danışmalı olacaqdıq. Məşəqqətli iki söhbət gözləyirdi məni, əvvəl Surxayla, sonra isə Tofiqlə...

 

Lakin qapıdan çıxıb aşağı düşdüyüm zaman anladım ki, üçüncü bir məşəqqət də var və onun adı Sənubərdir.

 

- Kim idi o? Kim idi, soruşuram, - ikinci mərtəbə ilə birincinin arasında qarşımı kəsib fısıldadı.

 

- Bir qohumdu, burda qalacaq. Sən mənə de görüm, burda neynirsən? Məni gözləyirdin yenə?

 

- Nə qohum? – o sanki sualımı eşitmədi, - qohum burda niyə qalır? Gülnar bilir? Onlarda qalsın da.

 

- Sənə nə? Bax sənə nə? İşin-gücün yoxdu? - ətrafa boylanıb ehtiyatla pıçıldadım, - nə oldu o videolar? Nə xəbər var?

 

- Nə olacaq? – Sənubər mızıldayıb yazıq görkəm aldı, sonra nə düşündüsə, üzünün ifadəsi dəyişdi, - mən də deyirəm ki, sənə nə?

 

- Həə, yaxşı... – söhbətin burada bitdiyini anlayıb rahat nəfəs aldım və Sənubərin üz ifadəsi dəyişməmiş sağollaşdım, - onda hələlik!

 

- Hələlik, - mızıldadı.

 

Mən aşağı düşdüm.

 

***

 

Həmin gecənin yarısı dostlarımı Sevda ilə aramızda heç nəyin olmamasına inandırmaq cəhdlərimə həsr olundu. Mənə maraqlı Tofiqlə Surxayın restorana gəlib bizi tapması məsələsi idi. Mən bu haqda qabaqcadan onlara heç nə deməmişdim. Tofiq isə and-aman edirdi ki, Sevda neçə gündür onu intihar edəcəyi ilə təhdid edir, amma hamilə olması haqda heç nə deməyib, üstəlik də deyirmiş ki, sən kişi deyilsən, kişi olsaydın, ən yaxın dostların mənə pis gözlə baxmazdılar, inanmırsansa, gəl bax məni hara dəvət ediblər! Söhbətin bu məqamında Surxay birdən rəng alıb, rəng verdi. Sevdanın gen ağacına budaq-budaq söyüb, dedi ki, ona da naməlum nömrədən həmin restorana eyni vaxt üçün dəvət mesajı gəlibmiş, amma yanında qız olduğu üçün həmin mesajı dərhal silib və əhəmiyyətsiz sayıb. Belə çıxırdı ki, Sevda həqiqətən də bizi ələ salmışdı, daha doğrusu, Tofiqi qısqandırmaq üçün onun ən yaxın dostlarından istifadə etmişdi, üstəlik, işi elə qurmuşdu ki, Tofiq bizdən üz döndərsin və tək qalsın, Sevda da daha sonra özünün hamiləlik məsələsi ilə onu tovlayıb nişanını pozdursun...

 

- Asaram e belə qadını! – Surxay hirsləndi, Tofiqə baxdı, - bax, deyirəm ha sənə, onun felinə getmə sən!

 

- Yox e, fel nədi... – Tofiq mızıldandı, - sadəcə...deyirəm bəlkə...

 

- Nə bəlkə, hə? Nə bəlkə? – Surxay bağırdı.

 

- Nə bilim e, min dənə şey gəlir fikrimə...hesablayıram, görürəm düz deyib də hamiləliyi barədə.

 

- Başa düşmədim, - ikimiz də xorla dedik az qala.

 

- Nəyi başa düşmürsüz axı? – Tofiq gözlərini bizdən qaçıra-qaçıra, qərarsız halda qarışmış fikirlərini toplamağa çalışırdı sanki. – Deyirəm ki, yəni, iki ay bundan qabaq mən onunla bir həftə bir yerdə qalmışam da yəni...

 

- Hmm, aydındır! Sənin qızbibiliyin tutdusa, iş bağlandı, - Surxay əsəbi halda var-gəl eləməyə başladı, yumruğunu divara çırpdı, - dur, dur rədd ol get xarabana, əsəblərimi zay eləmə, düşüyün biri düşük!

 

- Bura bax ey! – Tofiq onun üstünə çəmkirdisə də, bu çox zəif bir həmlə kimi göründü və mən onların arasına keçib sakitləşdirdim, Tofiqi getməyə razı sala bildim.

 

- Yox e, sən görürsən necə ifritədi o? – Tofiq gedəndən sonra Surxay onun dalınca deyindi, mənə də tərs-tərs baxdı, - sən də hazırsan elə gül alasan, bəzənəsən!

 

- Əşi, mən nə biləydim axı məktubu mənə Sevda yazıb?!

 

Aman Allah!

 

Leylanı tamam unutmuşdum!

 

Mən Sevdanı öz mənzilimdə saxlamışdım və mənim orada olmadığım zamanların hər birindəki kimi, Leyla gələ bilərdi!

 

Düzdür, gecə vaxtı gəlməzdi yəqin ki....

 

Və səhər açılan kimi Surxayı yatdığı yerdə buraxıb, şəhərin bir başından digərinə sarı tələsdim. Sevdanın səhər yeməyi üçün bəzi şeylər almaqdan ötrü evin yanındakı şirniyyat evinə girdim. Şirniyyat evinin sahibi olan üst qonşum məni görcək salamlaşıb, maraqla soruşdu:

 

- Sən canın, gecə o nə səs-küy idi sizdə, a qonşu? Deyəsən axı gözəlləri qoşa-qoşa gətirirsən daha?!

 

- Nə gözəllər? Nə səs-küy?

 

- Yaxşı da, utanmaginən, - çiynimə ərklə vurub güldü və səsini qısdı, - deyirəm, sənə baxa-baxa yanıb-tökülürəm evləndiyim üçün. Subaylıq sultanlıq imiş doğrudan da.

 

- Heç nə başa düşmürəm, - fikrim artıq mənzilimdə idi.

 

- Əşi, heç zad! Kef elə!

 

Evə necə çatdığımı bilmədim.

 

Qapını açıb içəri keçəndə bütün otaqların altının üstünə çevrildiyini gördüm. Bumbuz tər basdı məni. Bu nə demək idi? Doğrudanmı Sehrbazın adamları yenidən gəlmişdilər və... Sevda yox idi! Dəhşətlə telefona əl atıb polis çağırmaq istədim, lakin son anda barmağımı düymələrdən çəkib sakitləşməyə çalışdım.

 

İndi mənim zərrə qədər yanlış addım atmağa ixtiyarım yox idi.

 

Mətbəxi, yataq otağını, balkonu addım-addım dolaşıb yerə tökülüb səpilmiş hər şeyə diqqətlə göz gəzdirməyə çalışdım.

 

Və Leylanın mənim şifonerimin dolablarının birinin küncündə gizlətdiyim qara donunu ən sonda gördüm. Divanın böyründə cırılmış halda yerdə atılıb qalmışdı.

 

Qaldırıb baxdım...

 

Sehrbaz, onun adamları olan üç idmançı oğlan, onların Sənubəri necə soyundurub videoya çəkdikləri səhnə gözlərimin qarşısında canlandı.

 

Demək, Sevda bu donu tapıb geyinmişdi və onlar da bunu onun əynindən cırıb çıxartmışdılar...

 

Başımın hərləndiyini hiss etdim...

 

# 4661
avatar

Bulud Qara

Oxşar yazılar