“Xəyanətə meylli olmasaydı, onu atmazdım...” – Bulud Qaranın gündəliyi – XV BÖLÜM
19 iyun 2019 20:15 (UTC +04:00)

“Xəyanətə meylli olmasaydı, onu atmazdım...” – Bulud Qaranın gündəliyi – XV BÖLÜM

 

Əvvəli: https://lent.az/news/317537

 
15-ci hissə

Siqaret dadı istəyirəm

Keçmişdən gələn adamları indiki həyatın içinə buraxmaq olmaz.

 

Onlar ya nəyinsə əvəzini çıxmaq üçün gəlirlər, ya yarımçıq qalmış nəyisə tamamlamaq üçün, ya da ağıla gəlməyən daha hansısa bir pisliyi etmək üçün.

 

Kimsə deyə bilər ki, keçmişdə etdiyin yaxşılıqların əvəzini də qaytarmaq üçün yenidən həyatına gələ bilər adam. Mən inanmıram. İnsan eqosu mahiyyətinə görə keçilməz cəngəllikdən də qarışıq və vahiməlidir. Heç vaxt əmin ola bilməzsən ki, sənə iki saniyə əvvəl eşq elan etmiş sevgilin səni iki saniyə sonra doğrayıb qanını tökməyəcək. Sevimli Freydin, ondan da sevimli Yungun bütün təlimlərini bir müdrikin içindəki gizli şizofren ruhu bir anın içində darmadağın edə bilər. Və ya bir gün mənim keçmiş sevgilim Sevda gələ bilər, qarşımda dayanıb əlini qarnına çırparaq “mən hamiləyəm!” bağırar və mən ruhumun müvazinətini itirərəm...

 

Onun qarnını o qədər öpüb əzizləmişdim ki... geniş taxtın üstündə, başımı yumşaq, isti qarnına qoyub tavana baxa-baxa, bir əlim onu azacıq qatlanmış dizindən topuğunadək tumarlamaqda, bir əlim onun əlində, barmaqlarımı bir-bir öpə-öpə astaca dişlərinin arasında sıxmasından bütün vücuduma axıb yayılan hərarətin xoş ovqatından xumarlanardım.

 

Əgər Sevda xəyanətə meylli qadınlardan olmasaydı, onu bir an belə atmazdım, dəqiq bilirəm. Nə etmək olar ki, məhz bu cür qadınlar həmişə maqnit kimi bütün kişiləri özlərinə çəkirlər, dəli kimi aşiq edirlər özlərinə, hətta özləri də ağıllarının son zərrəsini itirəcək dərəcədə vurulurlar seçdikləri kişiyə... amma növbəti, daha üstün gördükləri bir kişiyə rast gələn kimi ağuşunda dünyanın ən xoşbəxt qadını olduqları əvvəlki kişini bircə saniyənin içindəcə unudub, atırlar. Bəzən atmaya da bilərlər, dost qalarlar, məsələn. Bəzən də sevgili münasibətindən doymayıb, xəyanətə uğramış kişinin qısqanc eqosunun qurbanına çevrilərlər belə qadınlar. Öldürülərlər, məsələn...

 

Mən Sevdanı niyə bu gün bu qədər düşünürdüm ki?

 

Doğrudanmı ona olan hisslərim ölməmişdi?

 

Doğrudanmı onun bu dəqiqə hətta mənim yaxın dostum Tofiqdən hamilə olması ehtimalı belə mənim əvvəlki hisslərimə sədd-sərhəd ola bilmirdi?

 

Sevda mənim ən çox aynada öz yanımda gördüyüm qadın idi.

 

Məncə, o, hamilə olduğunu yalan deyirdi, heç bir uşaq-filan yox idi, ola da bilməzdi. Bu, sadəcə, onun mənim həyatıma dönmək üçün düşündüyü absurd bir revanş idi, vəssalam.

 

Axı Tofiq altı ay idi ki, kənddə yaşayan qohumlarından birinin qızı ilə nişanlanmışdı. Anasının xəstəliyi uzandıqca, qohumlar evdə qalmış bir fağır qızı Tofiqlə nişanlamışdılar. Hə, mən unutmuşam sizə deməyi, axı Tofiq öz birinci arvadı ilə boşanmışdı. Sevdanın yaxın rəfiqəsi olan o qadın, əri ilə rəfiqəsinin xəyanətinə dözməyib, evdən getmişdi. Yaxşı ki, uşaqları yox idi. Axı belə məsələlərdə ən çox uşaqlara zərbə dəyir...

 

Mən bu düşüncələrlə sonuncu pasientimi də yola salıb, saatıma baxdım və işdən çıxdım. Maşınıma minəndə şişənin üstünə yapışdırılmış kağızda bunları oxudum: “Saat 22.30. “Simnar”. 3-cü kabinet. Çiçəklə gəl”.

 

Həyəcandan boğazım qurudu. Leyla!

 

Evə necə cumdum, bilmədim.

 

Bir anda Sevda da, Tofiq də, hər şey, hamı yadımdan çıxdı.

 

Binanın qarşısında dayanıb, adətim üzrə yuxarıya, öz balkonumun pəncərəsinə baxdım. Sonra bloka keçdim. Məndən bir mərtəbə yuxarıda yaşayan qonşum birinci mərtəbə ilə ikincinin arasında qalıb, nəfəsini dərirdi. Çox yorulduğu hiss olunurdu. Yanında idman trenajoru vardı, deyəsən, onu yuxarı qaldırmaq fikrində idi. Bu qonşum illərdir hər gün idman zalına getməsi və heç vaxt arıqlamaması ilə tanınırdı. Cavan kişi idi, binamızın yanındaca şirniyyat evi işlədirdi və yəqin ki elə arıqlamamasına səbəb də orada bişirilən şirniyyatlar idi.

 

- Zalı evə daşıyırsan? – zarafatla dedim.

 

- Hə e, öldüm daha.

 

- Tut, getdik.

 

- Səni Allah yetirdi, doktor!

 

Biz birtəhər ağır trenajoru hər mərtəbədə dincələ-dincələ yuxarı qaldırdıq. Mənim qapımın ağzında dayananda gözüm istər-istəməz orta qapının üstünə getdi. Azacıq aralı idi və içəridən musiqi səsi gəlirdi. Heyrətlə boylanıb, qapının aralı yerindən nəsə görməyə çalışdım. Mənim qonşularım, o qoca deyingən ər-arvad haçandan Latın Amerikası musiqisi dinləməyə başlamışdılar görəsən?

 

Qonşum marağımı hiss edib, tərini əlinin arxası ilə silə-silə qapıya işarə etdi və göz vurub, gülümsədi:

 

- Sən də görmüsən? Bombadı e!

 

- Başa düşmədim.

 

- Təzə qonşunu deyirəm, - qonşum mənə sarı əyilib ehtiyatla pıçıldadı, - bu qocalar gedib axı kəndə, əvəzində bir huri-mələk köçüb binamıza.

 

- Həə, - trenajorun ucunu qaldırdım, - getdik, qaldır.

 

- Sənə nə var e, bəxtin gətirib, subay adamsan, mənim əzrayılım başımın üstündədir, - üzüyuxarı, öz evinə işarə etdi, - elə bilirsən kefimdən daşıyıram bu trenajoru? Zala getməyimi də qısqanıb, ona görə.

 

Qonşumun trenajorunu onun qapısından içəri salıb, aşağı düşdüm. Zəhləm gedir bizim kişilərin hər qadına “bomba”, “gəlin”, “mamlı-matan” kimi sözləri yapışdırmasından. Hələ gördüyü hər tək qadına əldə edə biləcəyi, ya da əldə oluna biləcək obyekt kimi baxmaqları da ayrı dərddir.

 

İndi deyərsiniz ki, kim də bu mövzuda danışarsa, sənin kimi bir “çoxqadınlı” adam gərək heç danışmasın, çünki həyatında saysız-hesabsız qadınlar olub, bundan sonra da olacaq.

 

Eh, mən axı istisnayam... bunu gündəliyimi oxuduqca, özünüz də çox görəcəksiniz hələ.

 

İndi isə, icazənizlə, onu deyim ki, öz mənzilimə qayıtdığım zaman orta qapının bağlı olduğunu gördüm. Artıq bu qapıya olan marağım sönmüşdü. Hə lap tutaq ki, orada bir cavan qadın yaşayır, bundan mənə nə? Əri ola bilər, sevgilisi ola bilər, lap elə bunlar olmasa da, yenə də mən öz üst qonşum kimi ağzımın suyu axa-axa “bomba” təəssüratı yaratmış o təzə qonşumu görmək marağımdan uzaq idim.

 

Evdə isə məni daha bir sürpriz gözləyirdi.

 

Kompüterin vörd səhifəsindəki hər şey silinmişdi. Leyla ilə olan qısa yazışmamış artıq burada yox idi. Hər ehtimala qarşı, ətrafa göz gəzdirib başqa bir əlamət, işarə axtardım, olmadı. Otağın havasını ciyərlərimə çəkdim, yasəmən qoxusu da hiss etmədim. Hər bir halda, sevindim. Yazışmamızın silinməsi o demək idi ki, o, mənim mənzilimə hələ də gəlib-gedirdi, buranı özünə doğma bir sığınacaq kimi görürdü.

 

Axşam isə şalvarımın cibinə qoyduğum sarı balaca kağızdakı ünvanda görüşəcəkdik. Mənim gözəl Leylam məndən çiçək istəmişdi. Çiçək kimi qoxulayacaqdım onu, bir dəstə yasəmən kimi...

 

***

 

Axşam yuyunub, saçımı səliqəyə saldırıb, ətirlənib, kostyum geyinib, maşını da yudurdub, çox gözəl bir gül buketi də hazırladıb, şəhərin ən bahalı restoranlarından biri olan “Simnar”a yollandım.

 

Administrator mənə yaxınlaşdı və 3-cü kabinetin yerini soruşdum. Məni ikinci mərtəbəyə ötürüb, kabinetlərdən birinin qapısını açaraq, içəri dəvət etdi.

 

Bəli, indicə bu dünyanın ən gözəl sevgi hekayəsinin ilk xoşbəxt səhifəsi yazılmağa başlayacaqdı. Leyla və Bulud...

 

Amma...

 

Leyla yox idi.

 

Mən qarşımda keçmişimdən gələn, gəlişinin məqsədini, mənasını, səbəbini anlaya bilmədiyim qadını gördüm.

 

Sevda!

 

- Gəl, - çaşqın halıma əhəmiyyət vermədən, gülümsədi, ayağa durub, əlimdən gül buketini də alaraq, masanın bir tərəfinə qoydu və qarşısındakı stulu göstərdi, - çox gözəl buketdir, çox sağ ol... otur.

 

- Bu nə deməkdir? – quru, özümə yad səslə soruşdum.

 

- Otur, xahiş edirəm, - qoluma toxundu, - səninlə danışmalıyıq.

 

- Sən məni aldatdın. Niyə məni çağırmısan? Niyə məni bura çağırmısan?

 

- Aldatdım? Necə yəni? Mən sənə sadəcə məktub saxlamışdım, ünvan və vaxt yazmışdım, sən də gəlmisən. Aldatmaq bunun harasında var?

 

O, haqlıydı. Mən özüm o məktubun Leyladan olduğunu düşünərək, öz fikirlərimə aldanıb gəlmişdim. Mən Leylanın görüşünə gəldiyimə inandığım üçün geyinib-keçinmiş, gül dəstəsi almış, ətirlənib, maşınımı yudurdub gəlmişdim. Sevda bu haqda heç nə bilmirdi axı, o da öz məktubuna cavab jesti kimi görmüşdü mənim gəlişimi. Buna görə də sevinirdi.

 

Çarəsiz, oturdum.

 

- Nəyə lazımdı bu? Nə söhbət edəcəyik? Səhər elə bir hay-küylə çıxıb getdin ki! Hələ o yalan məsələ...

 

- Hansı yalan məsələ?

 

- Uşağı deyirəm, - qeyri-ixtiyari onun qarnına baxdım, axı sən hamilə deyilsən?!

 

- Hardan bilirsən? Tofiqlə danışmısan iki daşın arasında? Dedi ki, məndən deyil? Belə dedi?

 

- Yox, Tofiqlə heç nə danışmamışam. Amma görünür, danışmalı olacam. Elə sənlə də. Bax, niyə adamın qurulu həyatını pozursan? Bir dəfə ailəsini dağıtdın, indi də nişanlısı ilə ayırmaq üçün gəlmisən, hə? Niyə belə xainsən axı?

 

- Məndən ancaq ehtirasına görə istifadə eləyib sonra gedib kəndçinin birini alanda nə eləməliyəm? Sən bildinmi Tofiq məni necə depressiyaya saldı? Niyə xaricə getdim mən, xəbərin oldumu? Beş ay müalicə aldım əsəblərimə görə, beş ay!

 

- Yalan demə! Növbəti qurbanınla dünya səyahətinə çıxmışdın, hamı bilir!

 

- Hamı kimdir? Surxay? Donuzun biri! O hələ görəcək, hər dəfə məni gözdən salmağına görə neyləyəcəm ona! Elə bilirsən elə-belə danışır dalımca? Sənlə olanda da Surxayın məndə gözü vardı, Tofiqlə olanda da...

 

- Bəsdir, iyrəndirmə məni, - ikrah hissiylə ona baxdım.

 

- Mən səni istəyirəm, Bulud... – birdən əlini əlimin üstünə sıxıb kədərlə üzümə baxdı, - mən həmişə ancaq səni istəmişəm, sən məni atanda da, sənin dostların məni sənin gözündən salanda da, həmişə. Hətta indi də. Əllərini istəyirəm, dodaqlarını, sənin o siqaret dadını...

 

- Bəsdir, ayıbdır... – mən söz tapa bilməyərək, əlimi onun əlinin altından çəkməyə çalışdım.

 

Və qapı açıldı.

 

Tofiq, onun çiyni üstündən də Surxay gözləri bərəlmiş halda, bizə baxırdılar...

 

Biz isə şəhərin bahalı restoranlarının birində, ikinci mərtəbədə, üçüncü kabinetdə, romantik musiqi sədaları altında, üz-üzə oturmuşduq. Masanın üstündə şərab şüşəsi və qədəhlər vardı, bir dəstə də gül. Və mənim əlim Sevdanın əlinin altında yanırdı...

 

(Davam edir)

# 2812
avatar

Bulud Qara

Oxşar yazılar