“Mənim evimdə bir qadın üç kişiylə...” – <span style="color:red;">Bulud Qaranın gündəliyi  – <span style="color:red;">XIV BÖLÜM
12 iyun 2019 20:15 (UTC +04:00)

“Mənim evimdə bir qadın üç kişiylə...” – Bulud Qaranın gündəliyiXIV BÖLÜM

Əvvəli: https://lent.az/news/316876

14-cü hissə

Qara Sevda

 

Evdəki adam kim idisə, mənim onu görməyimi istəmirdi. Düzü, bir az təlaşlandım. Birdən nə üçünsə ağlıma gəldi ki, bəlkə də qonşularımdan biri o birini vurub öldürüb. Ya kişi arvadı, ya arvad kişini. Son günlərin səssizliyi, o səssizliyə qədər olan dəhşətli dava-qırğın səsləri bir-birinin ardınca yadıma düşdü və özüm öz fikirlərimdən üşəndim. Adam öldürmək bu qədər asandır məgər? Üstəlik də əgər bu adam sənin arvadın və yaxud ərindirsə və sən ömrünün az qala üçdə ikisini o adamla birlikdə keçirmisənsə...

 

Qapıya doğru 3-4 addım sürətlə qalxmışdım ki, telefonun zəng səsi kəsildi və öz adımı eşitdim:

 

- Bulud!

 

İlahi, bircə bu çatmırdı!

 

Sənubər aşağıdan yuxarı mənə məlul-məlul baxırdı.

 

Sürətlə onun yanına düşdüm.

 

- Sən bura niyə gəlmisən?

 

- Bulud, qurban olum, əsəbləşmə...

 

- Burda nə işin var, soruşuram! – səsimi sıxıb, mümkün qədər astadan danışmağa çalışdım, - bu dəqiqə get evinə!

 

- Yox...

 

- Necə yox?

 

- Mən o evə gedə bilmərəm...gedə bilmərəm, başa düşürsən?

 

- Başa düşmürəm, nə demək istəyirsən?

 

- Mən evə getsəm...o hər şeyi ərimə deyəcək, ərim də məni öldürəcək.

 

- Kim deyəcək? Nə deyəcək?

 

- Baax...

 

Sənubər telefonunu açıb, ekranı gözümün qarşısına tutdu...

 

Və mən bir gün əvvəl canlı olaraq izləməyə məcbur olduğum səhnənin video versiyasını gördüm. Bir anlıq Sehrbazın Sənubəri üç kişi ilə çılpaq halda divanda çəkdiyi məqamlar gözümün qabağında canlandı. Hirsimdən nə edəcəyimi bilmədən telefonu Sənubərin əlindən aldım. Tez videonu sildim. Əlim əsirdi.

Sənubər ağlamağa başladı:

 

- Dəxli yoxdur, silməklə heç nə dəyişmir, - dedi, - mən üç dəfə silmişəm, yenə göndərirlər. Heç bilirsən telefonda bundan neçə dənə var bu dəqiqə? Hər saatdan bir təzədən göndərir.

 

- Axı nə istəyir?

 

- Ölməyimi... – Sənubər pilləkənə çöküb, əlləri ilə üzünü qapadı və hönkürdü.

 

- Yaxşı, ağlama, - mən onu ayağa qaldırmağa çalışdım, - sən yaxşısı budur get Gülnarın yanına, mən indi ona zəng edərəm, ordan heç yana tərpənmə. Telefonu da söndür....yox, ya da söndürmə, birdən yoldaşın zəng edər, cavab verə biləsən.

 

- Yoldaşım məni öldürər, öldürər.... – Sənubər daha  bərkdən ağladı.

 

- Öldürməz! Başını divara döyər! Sən neyləmisən ki? Bu alçaqlar...

 

- Necə yəni neyləmişəm? Mən sənin evində, üç kişiylə...

 

Birdən mənim başıma buz kimi soyuq su tökdülər elə bil.

 

Sənubər mənim evimdə, üç kişi ilə...

 

Dəhşət!

 

Sehrbaz elə bir oyun qurmuşdu ki, mən bu oyunun tam ortasında çabalamalıydım.

 

O, Sənubəri qorxutmaqla məni sındırmaq istəyirdi. Bəlkə də yox etmək, ya tutdurmaq, ya intihar həddinə çatdırmaq, ya da elə Sənubərin ərinin əli ilə öldürtmək...

 

Telefonu qurdalayıb, videolardan birini açdım və diqqətlə izlədim. Düşündüklərimdə yanılmamışdım. Sehrbaz mənim özümü qətiyyən çəkməmişdi. Amma mənzilimin oboyu, divan, jurnal masası, divardakı ağ və qara at rəsmi olan yağlı boya ilə çəkdiyim rəsm, kompüter masam, televizorum və orada oxuyub-oynayan toy müğənniləri, hətta tavandakı çilçırağım belə videoya alınmışdı.

 

Məqsəd gün kimi aydın idi: Sehrbaz, pasient kimi müraciət edən psixikası problemli olan qadınları öz mənzilində qrup seksə məcbur edən peşəkar bir psixoloqun həm karyerasını, həm də özünü məhv etmək istəyirdi.

Psix psixoloq! – Surxay demişkən...

 

Sənubər artıq ağlamırdı, sakitcə burnunu çəkib oturmuşdu.

 

Mən telefonu ona uzatdım.

 

- Götür bunu. Get evə. Mən o adamlarla özüm danışaram. Sən bütün videoları sil, yenə göndərsə, yenə sil, başa düşdün? Heç kəsə də bu barədə heç nə demə! Hətta Gülnara da! Eşidirsən?

 

- Hə...amma ərim gəlsə...

 

- Haçan gəlməlidir?

 

- Dayan sayım... – titrəyən toppuş barmaqlarını həyəcanla bir-bir sayıb, səhv etdiyi üçün təkrar bir də fikrində hesablayıb, onları bükə-bükə üzümə baxdı, - dörd gündən sonra.

 

- Vəssalam. Deməli, vaxt var, mən həll edərəm.

 

- Yox, vaxt yoxdur, - təzədən ağlamsındı, - o deyir ki, bu videonu ərinə də göndərərik.

 

Zibil! Lənətə gələsən, Sehrbaz! Bu tərəfini düşünməmişdim!

 

- Məni öldürəcək...- Sənubər yenə zarıdı, - öldürəcək,  bilirəm...

 

Mən saatıma baxıb, tələsdiyimi anlatmaq istəyirdim ki, telefonuma zəng gəldi. İşə çağırırdılar. “Yoldayam, gəlirəm” – deyib üzümü Sənubərə tutdum. Anlatdım ki, burada oturub ağlamağın heç bir mənası yoxdur. Uzaqbaşı, binanın adamları onu görüb ağıllarına gələni fikirləşəcəklər. Hələ bilmək olmaz, bəlkə Sehrbazın adamlarından da kimsə onu izləyir, burada tək oturub yenə onların əlinə düşməsin. Hələ bilmək olmaz, bəlkə də bizi birlikdə çəkirlər, təzə video düzəldirlər...

Sənubər bu sözlərimdən sonra qorxdu.

 

- Yaxşı, sən get, mən də bu dəqiqə çıxıb gedəcəm, - dedi.

 

Ayağa durub üst-başını çırpdı, çantasından balaca güzgü çıxarıb üz-gözünə baxmağa başladı. Mən ondan arxayın olub aşağı düşdüm.

 

***

 

İşdə isə məni sürpriz gözləyirdi.

 

Sevda gəlmişdi.

 

Mənim beş il əvvəl tanış olduğum, üç il əvvəl ayrıldığım, məndən ayrılandan sonra dostum Tofiqin sevgilisinə çevrilmiş Sevda...

 

“Qara Sevdam” deyirdim mən ona. Mavi-bozumtul gözlərinə, qara-buruq saçlarına, tünd dərisinə görə əzizləyirdim onu. Biz Tofiqin nişanında tanış olmuşduq. Sevda gəlinin rəfiqəsi idi. Biz ikimiz də Tofiqlə onun yoldaşının nikah şahidləri olmuşduq. Elə o toydakı aram rəqsimiz vaxtı da bir-birimizə vurulduğumuzu anlamışdıq. Gözləri məni özünə əsir etmişdi...

 

Sonra iki il o əsarətdə çırpınmışdım.

 

Düz iki il demək olar ki, hər gün görüşmüşdük, hər ay rayonlardan hansındasa dincəlmişdik, hər mövsüm bir xarici ölkəyə getmişdik.

 

Sevda mənim ilk məhəbbətimdən sonrakı ən uzun çəkən sevgim olmuşdu. Mən hətta onunla anadan olduğum kəndə də getmişdim, oradakı uzaq qohumlarımla da onu tanış etmişdim.

 

Sonra isə Tofiqlə Surxay ondan uzaq qalmağımı istədiklərini bildirmişdilər. Səbəbini soruşanda da “o qız sənə layiq deyil” deyib susmuşdular. Mən hirslənmişdim, əlbəttə. Hətta dostlarımla bir həftədən çox küsülü qalmışdım. Çünki Sevdanın məni sevdiyindən əmin idim. Düzdür, son bir ayda tez-tez xəstələndiyini, gah qonaqları olduğu üçün evdən çıxa bilmədiyini, gah depressiyada olduğunu deməyə başlamışdı. Deyirdi ki, qardaşı xaricdən gəlib ona maşın bağışlayıb, nə bilim, anası ilə birlikdə gözəllik salonu açmağa hazırlaşırlar, ona görə də bu aralar hər gün görüşə bilmərik. Mən də sevinirdim. Həmişə qohumlarının soyuqluğundan danışıb ağlayaraq mənə qısılan Sevdanı rahat, öz işləri ilə məşğul və dəyərli görmək çox xoş idi. Hətta son həftə içində bir dəfə də görüşüb sevişməmişdik, son üç gündə isə zənglərimə də cavab vermirdi...

 

Bizim əmin olduğumuz şeylər bir gün elə darmadağın olur ki, gözlərimizin qarşısındaca...

 

Mən də bir axşam təkbaşına, dostlarımdan küsülü halda, şəhərdən kənar bir türk restoranda oturub balıq yeyir, rakı içirdim ki...müğənninin oxuduğu kədərli mahnının təsirindən dözməyib Sevdaya zəng etdim, onu eşitmək istədiyimi, onu qucaqlamaq, qoxlamaq istədiyimi demək üçün çırpındım. Lakin zəngimə cavab vermədi. Mən də içkiliydim deyə əl çəkmədim. Bir də yığdım, bir də, bir də...

 

Və haçandan-haçana Sevdanın əsəbi, gərgin səsini eşitdim:

 

- Görürsən ki, cavab verə bilmirəm, niyə yığırsan?

 

- Sevda, daha qala bilmirəm, dözə bilmirəm, başa düşürsən? Bu dəqiqə gəlirəm dalınca!

 

- Dəli olmusan? Mən anamla, qardaşımla evdə süfrədəyəm, sənin zənginə görə durub girmişəm hamama, gəlmək nədir? Qətiyyən olmaz!

 

- Sevda, mən gəlirəm sizə!

 

- Sabah danışarıq, sabah...

 

- Sevda!

 

O, telefonu qapamışdı və mən onu təkrar yığdığım saniyələrdə gözümün qabağında peyda olmuşdu. Bu nə demə idi? Yoxsa mənim Sevdam mənə sürpriz hazırlamışdı? Amma deyəsən mənim harada oturduğumu bilmədiyi üçün bu tərəfə baxmadan irəlilədi. Mən sevincək ayağa qalxıb onun ardınca yeridim. Lakin... qarşıdakı masalardan birindən zəngin görkəmli bir kişi ayağa durub onun stulunu geri çəkərək oturmasına yardım edəndə gözlərim qaraldı. Sevdanın çantası, jaketi yandakı stulda idi. Masanın boş tərəfində gül buketi də vardı. Bu o demək idi ki, onlar bu restoranda görüşmüşdülər. Kişi Sevdanın qardaşı ola bilməzdi, atası yaşında biri idi. Elə isə...Demək, o bayaqdan burada imiş, bəlkə də son vaxtlar elə bu kişiyə görə qaçırmış zənglərimdən, görüşlərimdən. Bəlkə maşını da elə bu kişi alıbmış ona, gözəllik salonu söhbəti də buna görə imiş... Mən yerimə qayıdıb, əllərim əsə-əsə ona mesaj yazdım: “Hardasan? Mən dalınca gəlirəm. Düş aşağı.” Mesaj getdi və iki saniyədən sonra Sevda ehtiyatla telefona baxdı, tələsik nəsə yazıb telefonu yandakı stula qoydu. O, arxası mənə tərəf oturmuşdu. Telefonuma gələn mesajı açdım: “Evdəyəm, gəlmə! Sabah!” Beynimdə od qalanmışdı elə bil. Nə edəcəyimi bilmirdim. Sevdanın o kişi ilə şəklini çəkib ona göndərdim. İki saniyədən sonra isə o, geriyə çönüb mənə baxdı və...

 

Və hər şey bitdi...

 

İndi isə o, mənim iş yerimə gəmişdi.

 

Üstəlik, mənə vurduğu zərbədən sonra utanmadan, yarım ilədək də ən yaxın dostumun sevgilisi olmuşdu. Yadımdadır, necə yalvarırdı mənə Tofiq, necə ağlayırdı ki, nə olar, anla məni, dəli kimi vurulmuşam ona, hər şeyi başa düşürəm, o sənin sevgilin olub, amma ayrılmısız, il yarımdır ki, yad adamlarsınız, bədbəxtdir o, hər gün ağlayır, elə depressiyadadır, heç bir qohumu yaxın durmur...

 

Eyni qarmağı atmışdı qara Sevda. Mənə xəyanət etdiyi o zəngin kişiyə də Tofiqlə xəyanət etmişdi. Ən pisi isə o idi ki, Tofiq də, Sevda da birlikdə xəyanət etdikləri əsas bir adamı unutmuşdular – Tofiqin həyat yoldaşını. Sonra isə Tofiq onun bitməz-tükənməz depressiya və isterikalarından şikayətlənməyə başlamışdı: “Hər boş şey üstə ağlayır, dalaşır, gah damarlarını kəsməyə başlayır, gah dərman içir, gah deyir bıçaqlayaram özümü” – deyirdi...

 

Sonra isə Sevda qəfildən çıxıb xaricə, guya qardaşının yanına getmişdi və Tofiq də rahat yaşamağa başlamışdı. Surxay olmasaydı, biz iki dost, bir-birimizlə bir də kəlmə belə kəsməzdik, bizi bir-birimizə bağlayan da, münasibətlərimizi pozulmağa qoymayan da Surxay idi: “Yekə kişilərsiz, bir sürtüyə görə əl qatmayın bir-birinizə!” deyib su çiləmişdi bütün qəzəbimizin üstünə...

 

Və budur, indi Sevda mənim qarşımda oturmuşdu.

 

- Niyə gəlmisən? – quru səslə soruşdum.

 

- Adam bura niyə gəlir? – gülümsədi və təbəssümünün arxasında gizlənmiş gərginliyi sezməyə bilmədim.

 

- Adam? Yəni demək istəyirsən ki, sənə psixoloji yardım lazımdır?

 

- Hə.

 

- Buyur, eşidirəm, - kresloma yayxanıb, ayağımı ayağımın üstünə aşırdım və laqeyd nəzərlərimi onun üzünə dikdim.

 

- Mən hamiləyəm, - dedi.

 

- Hmm... anladım. Sən yanlış həkimə gəlmisən. Ginekoloji xidmətlər mənlik deyil.

 

- Mən Tofiqdən hamiləyəm.

 

- Nə? – bayaqkı rahat oturuşumdan əsər-əlamət qalmadı və ona sarı əyildim, - nə deyirsən sən?

 

- Nə eşitdinsə, onu! – bağırdı, - mən Tofiqdən hamiləyəm! Gəlsin, uşağına da, mənə də yiyə çıxsın! Yoxsa onu da, özümü də, bu uşağı da (əlini qarnına çırpdı) öldürəcəm!

 

Sevda bunu deyib ayağa durdu və qəzəblə otaqdan çıxaraq, qapını da arxasınca çırpdı.

 

Mən durub onun ardınca çıxsam da, katibənin və gözləmə otağındakı digər pasientlərin sual dolu baxışlarının qarşısında çarəsiz qalıb, cəld özümü ələ aldım:

 

- Kimin növbəsidirsə, gəlsin, - dedim.

 

Və içəri keçdim...

 

(Davam edir)

 

# 4922
avatar

Bulud Qara

Oxşar yazılar