Qeybə çəkilən qadın və sirli zəng... – Bulud Qaranın gündəliyi – XIII BÖLÜM
05 iyun 2019 18:00 (UTC +04:00)

Qeybə çəkilən qadın və sirli zəng... – Bulud Qaranın gündəliyiXIII BÖLÜM

Əvvəli: https://lent.az/news/316107

 

13-cü hissə

Gizli qapı, sirli qadın, bağlı qapı...

 

Ayağa durub Leylanın arxasınca getmək istədim. Lakin ofisiant, əlindəki sini ilə qarşımı kəsdi. Surxayın sifariş verdiyi qovrulmuş düşbərə boşqabını masamıza qoydu. Mən onun böyründən boylanıb Leylanı görməyə çalışsam da, alınmadı. Deyəsən, artıq kabinetə girmişdi. Fikirlər beynimi dumanlandırdı. Görəsən o bura niyə gəlmişdi? Kiminlə görüşü vardı o qapalı kabinədə? Ümumiyyətlə, bu qadın Leyla idimi? Bəlkə mən hissə qapılmışdım? Leylanın sağ-salamat olmasından əmin idim, amma bir dəqiqə əvvəl böyrümdən keçən qadının Leyla olmasından əmin deyildim.

 

- Eyy! Aloo! Psix psixoloq, sənnənəm!

 

- Nədi? - əsəbi halda Surxaya baxdım.

 

- Ye də! Düşbərə superdi!

 

- Bir dəqiqə...

 

Mən qalxıb, diqqətlə ətrafa boylandım. Kafenin bütün masalarını gözdən keçirdim. Leyla olduğunu düşündüyüm qadın masaların heç birində yox idi. Onun bayaq getdiyi səmtdəki ilk kabinetə sarı addımladım. Administrator qarşımda peyda oldu:

 

- Nəsə lazımdır, müəllim? – başıyla əks tərəfi göstərdi, - tualet o tərəfdədir.

 

- Çox sağ olun, - onun böyründən sürətlə keçib kabinetə girdim.

 

Yox idi...

 

Kabinetdə heç kim yox idi.

 

Axı bu necə ola bilərdi? Bu kafenin hər küncünü tanıyırdım mən, bütün kabinetlərində də olmuşdum. Açıq masalarda dostlarımla, qapalı kabinetlərdə görüşdüyüm qadınlarla o qədər vaxt keçirmişdim ki! Bayaq Surxayla gələndə, başım ağrıyırdı və çox yorğun idim deyə ilk dəfə olaraq kabinetdə oturmaq istədim, amma elə bu administrator dedi ki, boş kabinet yoxdur. Bəs bura niyə boş idi? O qadın necə yoxa çıxmışdı?

Kor-peşman geri dönmək istəyirdim ki, sol tərəfdə çıqqıltı eşitdim. Dönüb baxanda divarla eyni oboylanmış qapının dəstəyinin yerinə oturduğunu gördüm. Demək burada hansısa gizli otağa da əlavə qapı varmış! Necə olmuşdu bunu indiyədək görməmişdim?! Qapı dəstəyinin yerinə oturması isə o demək idi ki, indicə bu qapını kimsə açıb tələsik bağlamışdı.

 

Daha heç bir şübhəm qalmadı.

 

Leylaya bənzətdiyim qadın bu kabinetə girib, bu qapıdan da içəri keçmişdi.

 

Cəld qapının dəstəyinə əl atıb var gücümlə özümə sarı çəkdim. Açılmadı.

 

- Siz neynirsiz? – administrator özünü yetirib mənim qolumdan çəkdi, - bura sizin üçün deyil!

 

- Necə yəni? Kimin üçündür bəs bura? Nə qapıdır bu?

 

- Ay qardaş, ay müəllim, xahiş edirəm, səsinizin tonunu aşağı salın. Bura ictimai yerdir.

 

- Sən deyəsən burada təzəsən axı! Mən iki ildir hər gün gəlirəm, birinci dəfədir ki, bu qapını görürəm! Nə var orda? O qadın niyə ora girdi?

 

- Hansı qadın? Siz nə danışırsız?

 

Yox, bu artıq həyasızlıq idi!

 

- Necə hansı qadın? Bayaq sizinlə danışanı deyirəm. Qara paltarlı, qısasaç.

 

- Bilmirəm kimi deyirsiz, bura gündə min qadın gəlir.

 

- Bayaq sənlə danışanı deyirəm! Bu kabinetə ötürdüyünü deyirəm! Karsan, ya məzələnirsən mənlə?

 

- Qardaş, vallah nəsə anlaşılmazlıq olub. Siz deyəsən çox içmisiz...

 

- Aç bu qapını! – mən dəstəyi burub gah qabağa itələyirdim, gah özümə sarı çəkirdim, hirsimdən ölə-ölə Leylanınmı, onun ərininmi qurduğu mənasız bir oyunun içində çabalayırdım.

 

- Açılmır ora! – administrator məni az qala qucaqlayıb geri çəkməyə çalışırdı, - heç vaxt açıq olmur, anbardı ora, başa düşürsüz?

 

- Nə olub? Nə hay-küy salmısız? – Surxay içəri girib administratoru məndən araladı və hirslə kənara itələdi, - bax ha, elə vuraram, toz çıxar səndən!

 

- Mən bu dəqiqə mühafizəçini çağırıram, - qıpqırmızı pörtmüş administrator kabinetdən çıxmaq istədi.

 

- Hara, ə? – Surxay onun qolundan yapışıb qoymadı, üzünü mənə tutdu - nolub burda?

 

- Heç nə! – mən bağırdım, - müdirini çağır bura! Cəld!

 

- Nə olub axı? – Surxay bir gözü administratorda, bir gözü artıq kabinetin qarşısına yığılmış ofisiant və müştərilərdə, soruşdu.

 

- Desin görüm nə qapıdır bu? Açsın, baxım!

 

- Qapı? Nə qapı?

 

- Anbarın qapısını deyir açım, - administrator bir gözü Surxayın düyünlənmiş yumruğunda, ümidlə onun üzünə baxıb mızıldandı.

 

- Anbardı bura? – Surxay deyəsən sualı hamıya verdi.

 

- Bəli, - ofisiantlar bir ağızdan dedilər.

 

- Sən anbarı neynirsən ki? – Surxay üzümə baxdı.

 

- Qız var orda! – dedim.

 

- Nə qız?

 

- O... – mən daha heç nə deyə bilmədim...

 

Bir azdan biz maşınla şəhərin tıxaclarında deyinə-deyinə mənim evimə sarı gedirdik. Maşını Surxay sürürdü, mənsə onun yanında oturub sürücü vərdişi ilə gah əlimi sükana, gah əyləcə atır, onsuz da əlimdən zəncir çeynəyən Surxayı daha da hirsləndirirdim.

 

- Aa, eləmə də! Dinc qalsın da zəhrimara qalmış əlin! Nə qədər içmisən, bu kökə düşmüsən sən? Məndən qabaq nə içmişdin, hə?

 

- Əşi heç nə içməmişəm. Elə sənlə birinci pivə idi.

 

- Zəhrimar birinci pivə idi, dərd birinci pivə idi! Gül kimi düşbərəm qaldı orda!

 

- Eybi yox, sonra əvəzindən çıxaram.

 

- Sən mənim canım, o qapıyla nə işin vardı?

 

- Heç, - köks ötürdüm, - keçdi.

 

- Adam deyilsiz də, min dəfə demişəm, yenə deyirəm. Nə sən adamsan, nə Tofiq! – Surxay böyrümüzdən siqnalla keçən maşına sarı başını pəncərədən çıxarıb bağırdı, - nədi, nə lazımdı, sürtük oğlu sürtük?! Elə bil nənəsini gəlin aparırlar!

 

***

 

Surxay evə girməyib qapıdan qayıtdı. Bəhanəsi də o oldu ki, Tofiqin təzə tapılmış köhnə sevgilisi onu şantaj edir, Tofiq də bilmir neyləsin, Surxay ona təcili psixoloji məsləhətlər verməlidir, çünki onun psixoloq dostu başını itirib, dəlixanalıq olub.

 

Mən heç nə deməyib içəri keçdim. Bu dəqiqə tək qalmağa ehtiyacım vardı. Daha doğrusu, kompüterimdəki həmişə açıq olan vörd səhifəsi ilə...

 

Qapını açarlayıb cəld masanın arxasına keçdim. Monitor işıqlanana qədər başımı tutub səbrlə fikirlərimi toparlamağa çalışdım. Budur, monitor açıldı, vörd səhifəsi gözlərimin qarşısında sakit-sakit dayandı.

 

“HARDASAN?” sualımdan sonra heç bir kəlmə yox idi.

 

Barmaqlarım klaviaturanın üstündə dolaşdı yenə.

 

“O qadın sən idin? Niyə məndən qaçdın? CAVAB VERRR!!!”

 

Son hərfləri elə qəzəblə yığdım ki, fikrimdəki səssiz bağırtım öz qulaqlarıma dolub başımı ağrıtdı.

 

Ağrıkəsici atıb divana sərələnib yuxuladım.

 

Bir də qapının aramsız bərkdən döyülməsinə oyandım.

 

Pəncərədən içəri gün işığı düşürdü, demək səhər açılmışdı. Telefonumda saata baxıb, yeddiyə on iki dəqiqə qaldığını gördüm. Bu vaxt kim idi görəsən? Yuxulu halda durub qapını açdım. Məhəlləmizə hər həftə kənd yumurtası, süd, şor gətirən yaşlı qadın idi. Müştərisi olmadığım üçün təəccüblə üzünə baxdım:

 

- Nə lazımdı, xala?

 

- Xala qurban, bu sənin qonşuların cavab vermirlər e. Bayaqdan qapılarını döyürəm, açmırlar. Bilmirsən hardadırlar?

 

- Yox, hardan bilim? Yəqin yatırlar da, yaşlı adamlardı.

 

Qapıbir qonşularımı deyirdi. Yaşlı ər-arvad idilər, bu qadının daimi müştəriləri kimi həmişə ondan kənddən gələn ərzaqlar alardılar. Gecə-gündüz də dalaşıb deyinərdilər, qapı çırpmaqlar, dəhlizdə söyüşlər bəzən evimin içinə kimi gəlib çatardı. Üzbəüz mənzildə isə bir ay idi ki, heç kim olmurdu, ev sahibləri xaricdə oxuyan qızlarının yanına getmişdilər.

 

- Yox e, bu vaxtı nə yatmaq? Onlar bu vaxtlar həmişə oyaq olurlar, - qadın turşumuş üzümə baxıb, mənimlə danışmağın mənasız olduğunu anladı deyəsən, - yaxşı, a bala, səni də narahat elədim. Dedim bəlkə icazə verəsən, bu südü, yumurtaları qoyum sənin evində, haçan səslərini eşitsən, verəsən. Gələn həftə gəlib pulunu alaram, neynək.

 

- Həə, olar, saxlayın qalsın, mən çatdıraram, - dedim.

 

- Ay səni bəxtəvər olasan!

 

Qadın ərzaqla dolu torbanı mənim qapımın astanasında qoyub, dua eləyə-eləyə aşağı düşdü.

 

İçəri keçib duşun altına girdim. Dünənki günün bütün gərginliyini su yuyub apardıqca özümə gəldim. Sonra bir tünd qəhvə də içib bir az xəbərlərə baxaraq, evdən çıxdım. Çıxanda qonşunun qapısının zəngini basdım, işləmədiyi üçün döyməyə başladım. Bir əlimdə ərzaqla dolu torba, səbrlə gözlədim. Deyəsən, qonşularım oyanmışdılar, addım səsləri gəldi. Sonra qapının dəstəyinin cıqqıltısı eşidildi içəridən. Gözlükdən görünən işığın qarşısı kəsildi. Demək, deyingən qonşularım evdə idilər və məni gördülər. Düzü, neçə gündür deyinmirdilər, dalaşmırdılar, deyəsən qocalıqları ilə barışmışdılar nəhayət.

 

- Qonşu, aç, sizin süd filan gəlib, məndədir! – dedim.

 

Lakin heç bir cavab gəlmədi. Qapını da açan olmadı. Təəccüblə dəstəyi burub bir də qapını döydüm.

 

- Ay qonşu! Aç qapını! Mənəm, Bulud, sizin şor-pendiri filanı gətiriblər!

 

Yenə də heç bir cavab olmadı.

 

Gözlükdəki qaranlıq çəkildi və balaca işıq nöqtəsi indicə oradan mənə baxan adamın qapıdan çəkildiyini mənə bildirdi.

 

- Qonşuu! – hirsləndim, - ay əmi, ay bibi, işə gedirəm mən! Tələsirəm!

 

Cavab olmadı.

 

Mən hirslə torbanı qapının ağzında yerə qoyub bir də bağırdım:

 

- Qoydum burda! Götürərsiz!

 

Üzümü çevirib aşağı düşməyə başladım.

 

Bu vaxt mobil telefona gələn zəng səsi məni geriyə çönüb baxmağa vadar etdi. Zəng səsi indicə döydüyüm qapının arxasından gəlirdi...

 

(Davam edir)

 

# 3505
avatar

Bulud Qara

Oxşar yazılar