667
19:22
27 İyun 2019

Azərbaycanda YENİ İXTİRA - Toyuqlar çox yumurtlayacaq

Azərbaycanlı mikrobioloq alimin tədqiqatlarının nəticəsi kənd təsərrüfatında istifadə olunacaq.

Lent.az Azərbaycan Milli Elmlər Akademiyasına istinadən xəbər verir ki, akademiyanın müxbir üzvüPənah Muradovun rəhbərliyi ilə aparılan tədqiqatlar nəticəsində əldə edilən nəticələrdən biri bioloji aktiv maddələrlə zəngin “MBB-77” yem əlavəsi ilə bağlı olub və onun istehsalata tətbiqi mümkün hesab edilib.

“MBB-77” yem əlavəsinin heyvandarlıq və quşçuluq sahəsində tətbiq edilməsi ilə bağlı Kənd Təsərrüfatı Nazirliyinə müraciət olunub. Nazirlikdən Baytarlıq Elmi-Tədqiqat İnstitutuna (BETİ) göstəriş verilib və qeyd edilən məhsulun heyvandarlıq və quşçuluq təsərrüfatlarında yoxlanılmasını məqsəduyğun hesab edib.

Buna müvafiq olaraq Mikrobiologiya İnstitutu yem əlavəsindən 3 kiloqram hazırlayaraq AMEA YTP-nin nümayəndələrinin iştirakı ilə BETİ-yə təqdim edib. Təqdim edilən məhsul iribaşlı mal-qara və toyuqlar üzərində sınaqdan keçirilib. 30 gün müdətinə davam etdirilən işlər artıq başa çatıb və yem əlavəsinin iribuynuzlu mal-qarada südün miqdarının yüksəlməsinə, toyuqlarda isə yumurtlamaya müsbət təsir etməsi müəyyən olunub. Belə ki, 2,52 kq yemin istifadəsi əlavə olaraq 270 litr süd və 120 ədəd yumurta əldə edilməsinə imkan verib. Yem əlavəsinin tətbiqi nəticəsində əldə edilən məhsullar əsas göstəricilərinə görə də analiz edilib və onların da tələblərə cavab verməsi müəyyən olunub.

Hazırlanan yem əlavəsi kənd təsərrüfatı məhsullarının istehsalında faydalı olmaqla yanaşı, praktikaya yönəlik elmi tədqiqatlara diqqətin artırılmasının zəruriliyini bir daha qeyd etməyə imkan verir.