Nisgilli “Gəlin”, nakam sevgi, bir iynədən qəfil ölüm – <span style="color:red;">HƏYAT HEKAYƏTİ
13 iyun 2019 20:15 (UTC +04:00)

Nisgilli “Gəlin”, nakam sevgi, bir iynədən qəfil ölüm – HƏYAT HEKAYƏTİ

Heç vaxt telini sığallayıb gəlin köçməyib, öz evinin çırağını yandıra bilməyib, şümşad boylu oğlan olmayıb həyatında. Bütün ömrünü bəlkə də arzusunda olduğu həyat hadisələrinə mahnı bəstələməklə keçirib.

 

Yaradıcılığına fikir verirəm, “Evimizə gəlin gəlir”, “Kuklam” mahnıları onun ən çox sevilən bəstələridir. Və ən çox uşaq mahnıları, el şənlikləri üçün mahnılar bəstələyib. Nə toyu olub, nə də övladı. Bir qadının ən ümdə arzusu və həyatının mənası bildiyi bu iki olayın heç biri onun həyatında olmayıb. Bəlkə ona görə qəlbinin yanğısı, arzusu notlara belə köçüb.

 

Evimizə gəlin gəlir

Sığallayıb telin gəlir

Görüşünə elim gəlir

Çıraqları gur yandıraq,

Bu gəlini şadlandıraq.

 

Aşıqlar çalsın sazları

Rəqs eləsin el qızları,

Elə sevinc fərəh gəlir

Bir işıqlı ürək gəlir hey…

 

İki qonça cavan gəlir

Gül yanında reyhan gəlir

Şimşək boylu oğlan gəlir

Bu oğlanı şadlandıraq, şadlandıraq…

 

“Evimizə gəlin gəlir” mahnısını dinləyəndə adamın ruhuna bir nisgil köçür, mahnı toy-büsatdan, iki gəncin xoşbəxt günündən bəhs edir. Bəs, nədir bu mahnıdakı nisgilin kökündə olan sirr?..

 

Mahnının bəstəkarından söhbət açacam sizə. Azərbaycanın ilk qadın bəstəkarı Ağabacı Rzayevadan. İlk bəstəsini dinlədikdən sonra Üzeyir bəyin “sən sübut etdin ki, qadınlar da bəstəkar ola bilərlər” - dediyi Ağabacı Rzayevadan.  

 

1912-ci il dekabrın 15-də Bakıda anadan olub Ağabacı Rzayeva. Özü də musiqi ilə məşğul olan bir ailədə. Babası dövrünün məşhur tarzəni Mirzə Fərəc olub. Ustad tarzən neçə-neçə tar çalan yetişdirmiş, müəllim olmuşdu. Cabbar Qaryağdıoğlu, Keçəçi Məmməd kimi xanəndələri tarda müşayiət edib. Bakıda Məşədi Məlik Mənsurovun evində təşkil olunan muğam məclislərinin daimi iştirakçısı imiş. Üzeyir bəy Hacıbəyli 20-ci illərdə Konservatoriyada təhsil alan tələbələr üçün muğam tədrisinin proqramını tərtib edərkən müraciət edib, məsləhət istədiyi  muğam biliciləri arasında Mirzə Fərəc də olub.


Atası İsmayıl Rzayev isə iqtisadçı olmasına rəğmən gözəl tar çalarmış. Bununla belə, Mirzə Fərəc nədənsə, ailə üzvlərindən kiminsə musiqi arxasınca getməsinə razılıq vermirmiş. Bəlkə musiqiçi olması onun həyatında hansısa kəm-kəsir buraxıb və bunu bir daha ailəsində yaşamaq istəmirmiş-kim bilir.  

 

Ona görə də Ağabacı Rzayeva uşaqlıqdan çox sevdiyi musiqi üzrə ixtisaslaşa bilməyib. Orta məktəbi başa vurandan sonra Pedaqoji Texnikumda oxumalı olub.

 

Pedaqoji Texnikumu bitirdikdən sonra bir müddət Bakı kəndlərindəki məktəblərdə  müəllim işləyib. O vaxt Ağabacı Rzayevanın 17 yaşı yenicə tamam olmuşdu. İlk iş yeri Bakının Saray kənd məktəbi olub.

 

Sovet İttifaqı yeni təşəkkül tapdığı illər idi. İlk növbədə savadsızlıqla mübarizə aparılırdı. Bir az oxuyub-yaza bilən, təhsilli adamlar təhsilsizlərin savadlanması üçün cəlb edilirdi. Ağabacı Rzayeva da həm məktəbdə dərs deyir, həm də Saray kəndində  kolxozçular üçün açılmış oxuma-yazma kurslarında dərs deməyə başlayır.

 

Onu tez-tez Bakının bir kəndindən digərinin məktəbinə, harda daha çox müəllimə ehtiyac olursa, ora keçirirlər. Beləliklə, Ağabacı müəllimə Kürdəxanı, Maştağa məktəblərində də dərs deyir. Bir müddət sonra onu Bakı şəhər 44 saylı məktəbə müəllim keçirirlər.

 

Ağabacı işləyə-işləyə gizlicə Bakıda fəaliyyət göstərən Əbilov adına klubun tar dərnəyinə qedirdi. Dərnəyin rəhbəri gənc musiqiçi Səid Rüstəmov idi. Ağabacı dərnəyin fəal üzvlərindən olub.

 

1934-cü ildə babası Mirzə Fərəc vəfat edəndən sonra atası İsmayıl kişi qızları ilə musiqiylə məşğul olmağa başlayır. Atası ilə Ağabacı tar çalır, Ruqiyyə adlı yaxşı səsi olan bacısı isə oxuyurdu. Evin konservatoriyaya dönməsi xəbəri ailənin dostu Üzeyir bəy Hacıbəyliyə çatır. Xüsusən, qızların musiqiyə gəlməsi üçün o vaxtlar çox əmək sərf edən Üzeyir bəy İsmayılı çağırıb, “gətir, biz də dinləyək ansamblının ifasını” - deyir.

 

İsmayıl kişi hər iki qızını Üzeyir bəyin yanına gətirir. Qızların musiqi istedadını görən Üzeyir bəy hər ikisini musiqi texnikumuna qəbul edir. Ağabacı tar sinfinə, Ruqiyyə isə kamança sinfinə qəbul olunur.

 

Artıq gənclik illərini yaşayan Ağabacı Rzayevanın Üzeyir bəylə yaxından tanışlığı onun bütün həyat yolunu, taleyini müəyyən edir. O gündən Ağabacının həyatı öz  əlindən, idarəçiliyindən çıxır, həyatın axarına düşür.

 

Üzeyir bəy onun musiqi istedadını elə məcraya salır ki, Ağabacı Rzayeva şərqdə ilk qadın bəstəkar olur.

 

Üzeyir bəy istedadları yalnız tapıb ortaya çıxarıb, onları musiqi məktəbinə qəbul etməklə kifayətlənməzmiş. Onların sonrakı həyat yolunda da himayədarları olarmış ki, Azərbaycan heç bir istedadlı tələbənin timsalında o vaxt çox böyük ehtiyac duyulan musiqiçini, bəstəkarı, itirməsin.

 

Musiqi texnikumunda muğamı Mirzə Mansurdan, notla çalmağı Səid Rüstəmovdan öyrənən gələcək bəstəkar Üzeyir bəydən musiqi nəzəriyyəsinin sirlərini alırdı.

 

1935-ci ildə Üzeyir bəy Hacıbəyli Ağabacını Xalq Çalğı Alətləri orkestrinə qəbul edir və onu birinci tarlar qrupunda oturdur. Uzun illər Ağabacı bu orkestrdə fəaliyyət göstərir. Eyni zamanda, ona musiqi texnikumunda da dərs saatları verirlər ki, maddi sıxıntı çəkmədən musiqi ilə məşğul olsun.

 

Ağabacı Rzayeva bu orkestrlə ilk dəfə 1938-ci ildə Moskvada keçirilən Azərbaycan incəsənəti ongünlüyündə də iştirak edib.

 

Orkestr onun yaradıcılığını bir az da açılmasına təkan verib. İlk əsəri olan “Gənc vətənpərvərlər” marşını da bu orkestr üçün bəstələyib.

 

Əsəri dinləyən müəllimi Üzeyir Hacıbəyli Ağabacı Rzayevaya Konservatoriyanın bəstəkarlıq sinfinə daxil olmağı məsləhət görür. Bir də deyir ki, “Xalqını sev. Əsərlərini də xalqın başa düşəcəyi dildə yaz ki, xalq da səni sevsin. Sən sübut etdin ki, qadın da bəstəkar ola bilər”.

 

Belə müəllimə necə dahi deməyəsən. Bir sənətkar xalqını sevməsə, xalqın məhəbbətini heç vəchlə qazana bilməz.

Ağabacı Rzayevanın mahnılarında bu sevgi var.

 

1941-ci ildə Ağabacı Rzayeva Azərbaycan Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsinə daxil olur. Xoşbəxtliyə baxın ki, əvvəlcə Üzeyir bəydən, daha sonra Qara Qarayevdən bəstəkarlığın incəliklərini öyrənir.

 

Azərbaycanda və bütün Şərqdə ilk professional qadın bəstəkar kimi Ağabacının Rzayevanın adı musiqi tarixinə bu minvalla daxil olur.

 

1942-ci ildə onu Azərbaycan Bəstəkarlar İttifaqına üzv seçirlər. O vaxtlar bu, asan məsələ deyildi və böyük şərəf hesab olunurdu. Üzeyir bəyin adı olan bir qurumda təmsil olunmaq hər bəstəkara nəsib olmazdı.

 

Ağabacı həvəslənib, stimul alıb, daha məhsuldar işləməyə başlayır. Ardıcıl  mahnılar, romanslar yazır.

 

40-cı illərin mahnı və romansları arasında Mirvarid Dilbazinin sözlərinə yazılmış “Partizan oğlu”, ”Qəhrəman ananın qəhrəman oğlu” dövrün seçilən musiqiləri idi.

1944-cü ildə Tbilisi şəhərində keçirilən Zaqafqaziya Respublikalarının musiqi ongünlüyündə Azərbaycanın gənc bəstəkarları Qara Qarayev, Cövdət Hacıyev, Soltan Hacıbəyov, Fikrət Əmirovla birlikdə Ağabacının da əsərləri səslənmişdi. Onun orkestr üçün yazdığı “Yallı” instrumental əsəriylə yanaşı, görkəmli müğənnimiz Bülbülün ifasında mahnı-romanslarından “Gözləyirəm, sevgilim” (sözləri Cəfər Xəndanın), “Gözlərin” (söz. İsmayıl Soltan), “Dilbərim” (söz. Zeynal Cabbarzadə) böyük səs-küy yaratmışdı. Hamı bəstəkarlığa yeni gəlmiş qadının mahnılarından danışırdı.

 

O vaxt onun romanslarını, mahnılarını Bülbül, Şövkət Ələkbərova, Firəngiz Əhmədova, Rəhilə Cabbarova, Sona Aslanova kimi məşhur, peşəkar müğənnilər ifa edirdilər.
 

Bir bəstəkar üçün ədəbiyyatı, şeriyyəti bilmək vacibdir. Onsuz onun mahnıları iliyə işləməz, uzaqbaşı sümüyə dəyib qayıdar. Ağabacı Rzayeva bəstələdiyi mahnıların əvvəlcə şeirini həssaslıqla seçirmiş. Onu tutmayan, qəlbinin incə tellərinə toxunmayan şeirə mahnı yaza bilməzmiş.

 

Təbii ki, sovet rejiminin də öz tələbləri vardı – ideologiyaya xidmət edən mahnılar da yazmalı olurdu. Ona görə də əsasən uşaq mahnılarına üstünlük verib bir müddət.

 

Romansları isə Nizami, Füzuli, Nəsimi, M.P.Vagif, Natavan, Sabir, M.F.Axundov, Səməd Vurğun, M.Müşfiq, N.Hikmət yaradıcılığından bəhrələnib. Puşkinin, Lermontovun, Nekrasovun yaradıcılığını əks etdirən romansları da var. Məsələn,  Puşkinin “Oxuma gözəl” şerinə onun bəstələdiyi romans Azərbaycan romansının klassik nümunəsidir.

 

Ağabacı Rzayeva musiqinin digər janrlarına da müraciət edib. Bəstəkarın yaradıcılıq buketində həmkarı İsmayıl Quliyevlə birlikdə yazdığı “Höcət eləmə” musiqili komediyası, instrumental əsərlər, Xalq Çalğı Alətləri üçün “Şənlik süitası”, “Rəqs”, “Yallı”, “Cəngi”, simli kvartet üçün variasiyalar, tar, kamança, qaboy üçün pyeslər də var. 

Bütün bunlar onun yaradıcılığının şaxələridir. Tanış olduqca, adama elə gəlir ki, bir qadın sevgiliyə, övlada veriləcək sevgisini də mahnılarına verib. Bəstələdiyi uşaq mahnıları onun uşaq sevgisini təmin etmək üçün yazılıb sanki. Toy mahnıları isə çalınmamış toyunun həsrətindən xəbər verir.

 

“Kukla”, “Qaranquş”, “Pioner qalstuku”, “Bakı metrosu”, “Qərənfiləm mən”, “Ağ göyərçinim”, “Balaca kapitan” və s. mahnılar uşaq dünyasının gözəlliklərini yaşadır. Bəstəkar bu mahnıları o qədər uşaqların anladığı dildə, onların qəlbinə, iç dünyalarına yaxın bəstələyib ki, mahnını eşidən uşaq onu sevməyə bilməz. Hətta böyüklər xəyalən uşaqlıqlarına qayıdar. Ağabacı Rzayeva şairə Mirvarid Dilbazi ilə birlikdə uşaqlar üçün “Günəş eşqi” adlı musiqili tamaşa da yazıb. 

Mahnıları canlıdır, inandırıcıdır. Bəhs etdiyi sahəni adamın gözləri qarşısında canlandırır. İdeologiyaya xidmət etsə də, “Muğan qızı”, “Tarla dilbəri”, “Neftçi Qurban”, “Çoban Qara” və bu qəbilli mahnıları real yaşantıdan yaranıb. Bəstəkar özü bu mahnıları yazmazdan əvvəl qəhrəmanı ilə görüşüb, onun ağır əməyinin şahidi olarmış. Mahnılar həm onlara sevgi ilə, həm də vətənə sevgi ilə bəstələnib.

 

Ağabacı Rzayevanın ən sevilən mahnıları lirik mahnılarıdır. Həm də onlar bəstəkarın yaradıcılığının böyük bir dövrünü əhatə edir. Məsələn, “Evimizə gəlin qəlir”, “Toy mahnısı”, “Telli sazım”, “Kəklik”, “Şuşanın yolları” mahnıları onun artıq peşəkar dövrünün məhsullarıdır. Könlünü mahnılarına vermiş bir qadının yaradıcılığının məhsuldar dövrü.

 

Sevimli, örnək, həyatından yan keçən hər bir kişi ilə müqayisədə çox-çox ucalıqda duran müəllimi Üzeyir bəy dünyasını dəyişəndən sonra Ağabacı Rzayevanın həyatında yaranan boşluq yaradıcılığına da təsiri göstərdi. Ona ilk qadın bəstəkar kimi dəyər verən, qoruyan müəllimi artıq həyatda yox idi, onu Ağabacı Rzayevanın həyatında heç kim əvəz edə bilməzdi. Elə bir dərin boşluğa düşmüşdü ki, onu heç musiqi ilə də ifadə etmək mümkünsüzdü…

 

Müəyyən bir vaxt Ağabacı Rzayeva tələbələr yetişdirməklə, gənclərin həyatındakı maneələri təmizləyib, öz müəlliminin təbirincə, onları aydın yola çıxarmaqla özünə təsəlli tapırdı.

 

Gənc istedadlar axtarışına çıxarkən tapıb gətirdiyi gənclərdən biri də Qulu Əsgərov idi ki, ömür boyu Ağabacı Rzayevanı rəhmətlə anardı.


Sonralar özünü ictimai işlərdə sınadı. 1950, 1953, 1955-ci illərdə Bakı Sovetinə deputat seçildi, 1963-cü ildə isə Azərbaycan SSR Ali Sovetin deputatı oldu.

 

1960-cı ildə Əməkdar İncəsənət Xadimi fəxri adına layiq görülüb, 1972-ci ildə anadan olmasının 60 illiyi münasibətiylə “Şərəf nişanı” ordeni ilə təltif olunub.

Bir insan kimi həyatda çox şey qazandı. Bir bəstəkar kimi çox məhsuldar və uğurlu oldu. Mahnılarından ikisinin adını çəkmək kifayət edir ki, onun tarixdə qalmasını sübuta yetirsin. Bu iki mahnı – “Evimizə gəlin gəlir”, “Kukla” mahnıları onun həm də taleyini yazır. Ya da, taleyi ilə paralel addımlayır.

Bəlkə də, kənardan qibtə olunan biri idi, amma kim bilir, özünün içində hansı musiqi aləti hansı muğama köklənmişdi, “Segah”mı çalırdı, “Cahargah”mı? Hər halda, orda nə “Evimizə gəlin gəlir” vardı, nə də “Kuklam”.

 

1975-ci ildə bir gün sahə poliklinikasından bir zəng gəlir, ölkədə yayılmış hansısa virus əleyhinə hamının peyvənd olunduğunu deyib, onu peyvəndə çağırırlar. Bir gün sonra peyvənd olunub evə qayıdan bəstəkar özünü pis hiss etdiyindən yerinə uzanır və bir daha qalxmır...

 

Üzeyir bəyin sevimli tələbəsi Ağabacı Rzayeva 1975-ci il iyul ayının 5-də 63 yaşında Bakıda bir peyvəndin güdazına gedib, dünyasını dəyişib.

 

***

 

Heç vaxt telini sığallayıb gəlin köçməyib, öz evinin çırağını yandıra bilməyib, şümşad boylu oğlan olmayıb həyatında. Bütün ömrünü bəlkə də arzusunda olduğu həyat hadisələrinə mahnı bəstələməklə keçirib.

 

Yaradıcılığına fikir verirəm, “Evimizə gəlin gəlir”, “Kuklam” mahnıları onun ən çox sevilən bəstələridir. Və ən çox uşaq mahnıları və elə şənlikləri üçün mahnılar bəstələyib. Nə toyu olub, nə də övladı. Bir qadının ən ümdə arzusu və həyatının mənası bildiyi bu iki olayın heç biri onun həyatında olmayıb. Bəlkə ona görə qəlbinin yanğısı, arzusu notlara belə köçüb:

 

Ay uzun saç, qara göz

Ağıllı kuklam mənim

Gəl, əlifba oxuyaq

Sən şagird ol, mən müəllim.

Bir de görüm “A”, ay gözəl kukla

Yoxsa səninlə danışmaram ha…

# 5749
avatar

Ramilə Qurbanlı

Oxşar yazılar