Cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər - Nazirlik
12 iyun 2019 15:36 (UTC +04:00)

Cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər - Nazirlik

"Cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər".
 
APA-nın xəbərinə görə, bunu bu gün keçirilən mətbuat konfransında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Meşələrin İnkişafı Departamentinin direktoru Ağaqardaş Qaraşov deyib.
 
O bildirib ki, hər il dünyanın müxtəlif yerlərində minlərlə hektar meşə sahəsi yanır və yanğınların 90 faizdən çoxu kənar müdaxilələr, odla ehtiyatsız davranış nəticəsində baş verir: "Havaların isti və quraq keçməsini, habelə taxıl biçini mövsümü ilə əlaqədar meşələrdə və meşə fondu ilə həmsərhəd ərazilərdə yanğınların baş vermə təhlükəsini nəzərə alaraq, əhalini, xüsusən də meşə sahələrinə yaxın kəndlərin sakinlərini yanğın təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırırıq. Vətəndaşlara bir daha müraciət edirik ki, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqareti yerə atmasınlar, təbiətdə olarkən tonqalları söndürsünlər, fermerlər kövşənləri yandırmasınlar. Çünki cüzi ehtiyatsızlıq və məsuliyyətsizlik meşə yanğınlarına səbəb ola bilər. Meşə yanğınlarının baş verməməsi və qarşısının vaxtında alınması məqsədilə nazirlik tərəfindən sutkalıq növbətçiliklər təşkil edilib, meşə mühafizə xidməti işçiləri zəruri texniki avadanlıqlarla təchiz olunub. Ekologiya və Təbii Sərvətlər Nazirliyi bir daha hər kəsi təbiətdə olarkən odla ehtiyatlı olmağa, yanğın təhlükəsizliyi normalarına riayət etməyə və meşələri qorumağa çağırır".
# 1062
avatar

Oxşar yazılar