Bağçada DƏRS: Bakıda unikal məktəb - REPORTAJ
Bu məktəbdə hər şagirdin adına bir dibçək var...
Dərslər isə həyətdə - yaşıllıqlar içərisində açıq havada keçirilir...
Hətta bu məktəbdə güllərlə bərabər, şagirdlər xiyar, pomidor, bibər də əkirlər...
Söhbət paytaxtda yerləşən 279 nömrəli tam orta məktəbdən gedir. Lent.az-ın əməkdaşları sözügedən məktəbdə olublar.
Burada bütün dəhlizlər, siniflər güllərlə doludur...
Bizi ilk olaraq qarşılayan direktor Südabə Abdullayeva bildirir ki, məktəb 1987-ci ildə istifadəyə verilib:
“Məktəbimizdə 1 136 şagird, 104 müəllim heyəti var və biz “Yaşıl məktəb” layihəsinə 3-4 ildir ki, qoşulmuşuq. Təsəvvür edin ki, burada çiçəklərin sayı şagirdlərin sayından çoxdur. Ümumilikdə, 1 440 çiçəyimiz var ki, hər il onların sayı ən azı 100 ədəd artır. Artımı isə elə özlərindən edirik. Burada bütün dəhlizlər, siniflər güllərlə doludur və şagirdlərimiz dəhlizlərdə, siniflərdə, həyətdə güllərin olmasına artıq alışıblar. Onlar özləri də güllərin tozunu alır, onlara qulluq edirlər.
Mənim öz təklifimlə çiçək bağını salmışıq. May ayının əvvəlindən isə burada dərslər keçməyə başlamışıq. Bu bağın salınmasında valideynlər, müəllimlər, şagirdlər çox böyük əmək sərf ediblər. Burada 290 dənə çiçək, 60 qızılgül, 10-12 ədəd isə başqa növ gül ağacları əkilib”.
Bizim uşaqlarda aqressiya yoxdur...
Direktor əlavə edir ki, uşaqlar Botanika dərslərində cürbəcür nanələr, pomidor, xiyar, bibər və başqa növləri də eksperiment kimi əkərək, qulluq edirlər:
“Həmçinin ağaclarda gördüyünüz kimi quşlar üçün evciklər də düzəldilib. Bizim uşaqlarımız əsl təbiət, ekologiya sevən ruhda tərbiyə alırlar. Burada valideynlər də bizə çox dəstək olurlar. Bizdə uşaqlar gülü qırmırlar, əzmirlər, əksinə onlar balaca uşaq kimi güllərimizə baxır, əzizləyirlər.
Burada hər bir sinfin dərs keçməsi üçün şərait yaratmışıq. Onları siyahı üzrə bölürük və çalışırıq ki, hamı bu bağdan, təbiətdən istifadə edə bilsin. Bircə Riyaziyyat fənninin dərsi burada alınmır. Bundan əlavə məktəbimizin şahmat dərsləri də burada keçirilir.
Bizim uşaqlarda aqressiya yoxdur, bunun səbəbi isə yaşıllıqların burada çox olmasıdır. Burada dalaşmaq, bir-birinə qarşı kobudluq olmur. Uşaqların əsəbi sakitdir, bunu isə mən ancaq yaşıllıqla əlaqələndirirəm”.
Direktorla söhbətimiz bitdikdən sonra başlayacaq Coğrafiya dərsinə hazırlıqlara nəzər salırıq. Ətrafa şagirdlərin sözügedən fənnlə əlaqədar hazırladıqları palakatlar yapışdırılır və bir neçə dəqiqə sonra təqdimat dərsi start götürür.
Müəllimə uşaqlara suallar ünvanlayır, onlarla təbiətdə dərs keçməyə başlayır. Uşaqların isə dərslərindən, dərsin keçirilmə şəraitdən razılığı onların üzünə baxdıqda bəlli olur.
Təbiətdə keçirilən dərsin çox böyük fərqləri var...
Dərs bitdikdən sonra fikirlərini bizimlə bölüşən müəllimə Süleymanova Ülviyyə bildirir ki, bu bağı salmaq üçün atılmış təkərlər götürülərək rənglənib, içərisində isə güllər əkilib:
“Biz bu bağ üçün aksiya keçirdik və plastik butulkalar yığdıq ki, onlarda güllər əkə bilək. Nəzər yetirsəniz görərsiniz ki, dibçəklərin ətrafı plastik butulkalarda olan çiçəklərlə doludur.
Sinifdə keçirilən dərslə, təbiətdə keçirilən dərsin çox böyük fərqləri var. Belə keçirilən dərs uşaqların emosiyalarını, dərsə marağını tamamilə dəyişir”.
Son olaraq dərsdə iştirak edən 6-cı sinif şagirdlərindən də təbiətdə keçirilən dərslərin fərqlərini soruşuruq.
Paşayev Kamran bildirir ki, oksigen insanlar üçün çox faydalıdır:
“Biz oksigen sayəsində nəfəs alıb, yaşayırıq. Bura təbiətdir, güllər, ağaclar bizə oksigen verirlər. Bu da bizə lazımlıdır. Ona görə də dərslərimiz burada olan zaman daha çox xoşumuza gəlir.
Ejimenko Aleksandra adlı şagird isə ən çox buradakı quşların cəh-cəhini sevdiyini bildirir:
“Mənim bura ona görə xoşuma gəlir ki, burada quşların səsi gəlir, həmçinin qoxu və hava gözəldir. Həm də müəllimənin dərsi izah etməsi, mənim anlamağım burada daha yaxşı olur. İstəyərdim ki, daha çox dərslərimiz bu bağa salınsın".
Oxşar yazılar

Afrikanın dörd ən zəngin adamının sərvəti qitə əhalisinin yarısından çoxdur
12 iyul 2025 , 17:25
Bu 4 tarixdə doğulan insanlar həyatda uğur qazanırlar
12 iyul 2025 , 16:10
XƏBƏRDARLIQ: Yaxın saatlarda maqnit qasırğası başlayacaq
12 iyul 2025 , 12:29
"Sputnik Azərbaycan"nın rəhbərliyi FSB ilə əməkdaşlıq edib - BƏYANAT
12 iyul 2025 , 12:22
Sabah dəhşət isti olacaq
12 iyul 2025 , 12:12
Pul və ya miras: həftənin sonunda hansı BÜRCLƏRİN bəxti gətirəcək
12 iyul 2025 , 09:09
Çox çətin olacaq: 4 BÜRCƏ elə zərbə vurulacaq ki...
11 iyul 2025 , 18:38
XƏBƏRDARLIQ: Sabah günorta saatlarında çölə çıxmayın
11 iyul 2025 , 18:10