[b]Buxarest Bəyannaməsi açıqlandı[/b]
04 mart 2019 18:20 (UTC +04:00)

[b]Buxarest Bəyannaməsi açıqlandı[/b]

 
Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan xarici işlər nazirlərinin keçirdiyi xüsusi görüşün nəticələrinə dair Buxarest Bəyannaməsi imzalanıb.
 
XİN-dən ONA-ya verilən məlumata görə, sənədi Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov, Gürcüstanın xarici işlər naziri David Zalkaliani, Rumıniyanın xarici işlər naziri Teodor-Viorel Meleşkanu və Türkmənistanın Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Mərədov imzalayıb.
 
Nazirlər suverenliyə, ərazi bütövlüyünə və beynəlxalq səviyyədə tanınmış sərhədlərin toxunulmazlığına qarşılıqlı hörmətlərini bir daha təsdiq ediblər.
 
Onlar dördtərəfli əməkdaşlıq formatında Qara dəniz və Xəzər dənizi arasında beynəlxalq nəqliyyat marşrutunun inkişafı ilə bağlı bütün dörd ölkə üçün mühüm layihəni qeyd ediblər.
 
Qara dəniz və Xəzər dənizi ölkələrinin Avropa və Asiyanı birləşdirən rəqabət qabiliyyətli əlaqə qismində Qara dəniz-Xəzər dənizi yük daşımaları marşrutunun daha da təşviqində mühüm rol oynadığını vurğulayıblar.
 
Qara dəniz-Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan əraziləri boyunca Asiya dövlətlərindən Xəzər dənizi və Qara dəniz vasitəsilə Avropaya malların səmərəli daşınmasının qurulmasını hədəfləmiş digər oxşar regional layihələri tamamlayacağını bildiriblər.
 
Avropa Qonşuluq Siyasətinin və Mərkəzi Asiya üzrə Aİ Strategiyasının əsas elementlərindən biri kimi təşkmilləşdirilmiş qarşılıqlı bağlılığın prioritetliyini vurğulayaraq, karqonun səmərəli daşınması üçün alternativ marşrut və Mərkəzi və Şimal-Qərbi Avropa su kanalları ilə vacib əlaqə kimi Konstanta limanı və Dunay çayı arasında birbaşa marşrutu inkişaf etdirmək üçün bütün zəruri şəraitlərin yaradılmasının vacibliyini qeyd ediblər.
 
Avropa İttifaqını Mərkəzi Asiya ilə Azərbaycan, Gürcüstan, Rumıniya və Türkmənistan üzərindən keçməklə birləşdirən beynəlxalq nəqliyyat marşrutunu inkişaf etdirmək üçün Aİ ilə mövcud və digər potensial əməkdaşlıq formatlarından ən yaxşı şəkildə yararlanmağın vacibliyini vurğulayıblar.
 
Beynəlxalq nəqliyyat marşrutu çərçivəsində layihələrin və təşəbbüslərin həyata keçirilməsində özəl müəssisələrin və biznes dairələrinin fəal iştirakının təşviqinin vacibliyini nəzərə alaraq, beynəlxalq tərəfdaşları konsepsiya çərçivəsindəki təşəbbüslərin həyata keçirilməsində fəal əməkdaşlığa çağırıblar.
 
Regional iqtisadi əməkdaşlığın və inteqrasiyanın artım üçün geniş imkanlar təklif etdiyini, habelə daha geniş regionda mövcud olan uzunmüddətli iqtisadi potensialdan istifadə etməyə və onu inkişaf etdirməyə kömək edə biləcəyini təsdiqləyiblər, eləcə də regionda iqtisadi rifahın əldə edilməsində təsirli vasitə olan iqtisadi əməkdaşlığın daha da inkişaf etdirilməsinin zərurətini vurğulayıblar.
 
Bakı Beynəlxalq Dəniz Limanı infrastrukturunun inkişafında əldə edilən nailiyyətlərlə yanaşı, Ələtdəki Azad İqtisadi Zonanın (AZ), Batumi limanlarının (GÜR), Poti (GÜR), Constantsa (RUM) və Türkmənbaşı Beynəlxalq Dəniz Limanının (TM) yaradılması, habelə Anakliya (GÜR) Dərin Dəniz Limanının tikilməsini vurğulayıblar, beynəlxalq nəqliyyat marşrutunun müvəffəqiyyətli və effektiv istismarı üçün qeyd olunan limanların təklif etdiyi vasitələr / imkanlardan faydalanmanın əhəmiyyətini önə çəkiblər.
 
Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutu daxilində və xaricində malların sürətli və təhlükəsiz daşınmasını təmin edəcək bütün dörd iştirakçı dövlətdə yerinə yetirilən digər infrastruktur layihələrinin inkişafını önə çəkiblər.
 
Sürətli və effektiv tərəqqinin təmin edilməsi üçün praktik addımların həyata keçirilməsini razılaşdırdılar, xüsusilə də:
 
- Qara dəniz - Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun (bundan sonra "BSCS beynəlxalq nəqliyyat marşrutu") yaradılması təşəbbüsünün səmərəli həyata keçirilməsini təmin etmək məqsədilə, danışıqlar aparmaq və bütün texniki aspektlər üzrə əməkdaşlıq etmək üçün dördtərəfli ekspert işçi qrupunun təsis edilməsi;
 
- əməliyyat proseduralarının optimallaşdırılması və müvafiq milli orqanların səmərəli əməkdaşlığının təmin edilməsi yolu ilə BSCS beynəlxalq nəqliyyat marşrutunun fasiləsiz işləməsini təmin etmək;
 
- BSCS beynəlxalq nəqliyyat marşrutunun rəqabət qabiliyyətinin artırılması üçün tariflərin uyğunlaşdırılması və gömrük proseduralarının sadələşdirilməsi işini asanlaşdırmaq;
 
- bu layihənin həyata keçirilməsi üçün iştirakçı dövlətlərin milli operatorları arasında əməkdaşlığı asanlaşdırmaq;
 
- mövcud təhdidlərin yumşaldılması məqsədilə, müvafiq tədbirlərin görülməsi üçün dəhliz boyunca qalan infrastruktur boşluqlarını və asanlaşdırma ehtiyaclarını müəyyənləşdirmək;
 
- BSCS beynəlxalq nəqliyyat marşrutunu digər maraqlı dövlətlər və beynəlxalq təşkilatlarla, xüsusilə Avropa İttifaqı ilə birgə təşviq etmək, müvafiq infrastrukturu daha da inkişaf etdirmək və əlavə yük axınlarını cəlb etmək;
 
- BSCS beynəlxalq nəqliyyat marşrutunun təhlükəsiz, səmərəli, əlverişli və ekoloji cəhətdən əsaslandırılmış şəkildə istifadəsini təşviq etmək;
 
- nəql olunma prosesinin bütün tərəfləri üçün rəqabət şəraitinin təmin edilməsi məqsədilə, iştirakçı dövlətlərin nəqliyyat qanunvericiliyinin təkmilləşdirilməsini nəzərdən keçirmək;
 
- bərələrin işlənmə müddətinin azaldılması, ixrac-idxal proseduralarının sadələşdirilməsi və xidmət keyfiyyətinin yaxşılaşdırılması baxımından rəqəmsal texnologiyalardan istifadənin və qabaqcıl informasiya mübadiləsi sisteminin tətbiqini təşviq etmək;
 
- beynəlxalq nəqliyyat marşrutu olan Qara dəniz – Xəzər dənizi coğrafiyasını genişləndirmək məqsədilə maraqlı ölkələrlə dialoqu davam etdirmək;
 
- nailiyyətləri qiymətləndirmək və Qara dəniz – Xəzər dənizi beynəlxalq nəqliyyat marşrutunun təşviqi üçün növbəti addımları planlaşdırmaq məqsədilə ildə bir dəfədən az olmamaq şərti ilə nazirlər səviyyəsində mütəmadi görüşlər keçirmək.
# 673
avatar

Oxşar yazılar