33
16:19
02 May 2018

Azərbaycan dövlətçiliyində Heydər Əliyev fenomeni

Hər bir dövlət müstəqilliyinin davamiyyəti onun qurucusu olan öndərlərin siyasi dühası ilə müəyyən edilir. Bu baxımdan ötən əsrin 90-cı illərinin əvvəllərində müstəqilliyini yenidən əldə edən və tarixdən gələn dövlətçilik ənənələri üzərində bir dövlət quran Azərbaycana Heydər Əliyev kimi müdrik liderin, uzaqgörən siyasətçinin, mahir dövlət xadiminin rəhbərlik etməsi dövlətçilik tariximizdə öz əhəmiyyəti ilə seçilir. Əvvəlcə, Azərbaycan SSR Dövlət Təhlükəsizliyi Komitəsinə, 1969-cu il iyulun 14-dən respublikamıza rəhbərlik edən Heydər Əliyev ölkəmizin müstəqil dövlətçilik ənənələrinin yeni müstəvidə inkişaf etdirilməsində, milli mənlik şüurunun oyanışında əvəzsiz xidmətlər göstərmişdir.
Heydər Əliyev 1969-1970-ci illərdə keçirilən Azərbaycan KP MK-nın plenumlarında, fəallar yığıncaqlarında, toplantılarda və başqa yığıncaqlarda məruzə və çıxışlarında ardıcıl olaraq təsərrüfat və mədəni quruculuq məsələlərini təhlil edir və qarşıya yeni-yeni vəzifələr qoyurdu. Həmin illər Azərbaycanın iqtisadi və ictimai-siyasi həyatında dönüş mərhələsi oldu. 80-ci illərin əvvəllərində (1982-1987) Moskvaya yüksək vəzifəyə irəli çəkiləndən sonra da Heydər Əliyev Azərbaycanın milli dövlətçilik maraqlarını daha yüksək səviyyədə müdafiə etməyə başladı. Millətsevər Heydər Əliyevin Azərbaycanda nüfuzunun yüksək olması və xalq tərəfindən sevilməsi 70-ci illərin sonundan etibarən Moskvanı açıq şəkildə olmasa da, gizlicə narahat edirdi. 1987-ci il oktyabr ayının 21-də keçirilən Sov. İKP MK plenumunda Heydər Əliyev “xəstəliyinə görə” vəzifəsindən azad edildi. Lakin bütün bunlara baxmayaraq Heydər Əliyev qətiyyətlə siyasi fəaliyyətindən əl çəkmədi. 1990-cı il yanvar ayının 20-də baş verən “qanlı faciə”yə görə o, Qorbaçovun qərəzli şəkildə yeritdiyi qeyri-insani siyasəti kəskin şəkildə pislədi. O vaxtki Azərbaycan və SSRİ rəhbərliyinin maneolma cəhdlərinə baxmayaraq, Heydər Əliyev çətinliklə də olsa, 1990-cı il iyul ayının 20-də Bakıya qayıtdı. Buradan isə Naxçıvana getdi. Naxçıvanda xalq tərəfindən böyük sevgi ilə qarşılanan Heydər Əliyev həmin il Naxçıvan MR Ali Sovetinin deputatı seçildi. Bundan sonra yenidən bütün diqqətini Azərbaycanın milli dövlətçiliyinin bərpasına yönəldən milli təəssübkeşimizin tələbi ilə Naxçıvan MR-in adından “sovet və sosialist” sözləri götürüldü. 1991-ci il sentyabr ayının 1-də Heydər Əliyev Naxçıvan MR Ali Sovetinin sədri seçildi, müstəqilliyimizin mühüm atributlarından olan üçrəngli dövlət bayrağımız Naxçıvan Ali Məclisi binasının üzərində dalğalanmağa başladı. 1991-ci ilin payızında Azərbaycanın dövlət müstəqilliyinin əldə edilməsində Heydər Əliyevin mühüm rolu oldu.
1992-ci ilin oktyabrında respublikanın 91 nəfər ziyalısı “Səs” qəzeti vasitəsilə Heydər Əliyevə müraciət etdi və bunun nəticəsində Yeni Azərbaycan Partiyası yaradıldı. 1992-1993-cü illərdə Azərbaycanın başı üzərini yenidən dövlət müstəqilliyini itirmək təhlükəsi aldı. Belə bir vəziyyətdə – 1993-cü ilin iyun ayında Heydər Əliyev xalqın təkidli tələbi ilə Naxçıvandan Bakıya gəldi. 1993-cü il iyun ayının 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin sədri seçildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Bununla da Azərbaycanın müstəqil dövlətçilik ənənələrinin inkişaf etdirilməsi, möhkəmləndirilməsi və onun dünya dövlətləri sırasında öz layiqli yerlərindən birini tutması sahəsində yeni bir mərhələ başlandı. Onun hakimiyyətə qayıdışı ilə milli ideologiyamızın əks olunduğu dövlətçilik konsepsiyası hazırlandı. Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində 1994-cü ilin mayında Ermənistanla atəşkəs barədə razılıq əldə edildi. 1994-cü ilin sentyabr ayının 20-də isə xarici ölkələrin neft şirkətləri ilə Xəzərin neft və qazla zəngin strukturlarının işlədilməsi barədə “Əsrin müqaviləsi” adlı tarixi sənəd imzalandı. Bununla da Azərbaycanın iqtisadi cəhətdən daha da inkişaf etdirilməsinə və onun təhlükəsizliyinin təmini üçün daha uğurlu tədbirlər həyata keçirməyə imkan verdi. Xəzər neftinin dünya bazarına nəqlinə imkan verən Bakı-Tbilisi-Ceyhan neft, həmçinin Bakı-Tbilisi- Ərzurum qaz kəmərlərinin işə düşməsi Azərbaycanın dövlət müstəqilliyinə verilən daha bir töhfə oldu.
Heydər Əliyevin rəhbərliyi altında hazırlanaraq 1995-ci ildə keçirilən ümumxalq referendumunda qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası demokratik, dünyəvi, hüquqi və unitar respublika kimi dövlət mexanizminin əsasını qoydu. Ümummilli liderimiz Azərbaycanın perspektiv inkişaf prioritetlərini düzgün müəyyənləşdirərək sivil Qərb dəyərlərinin cəmiyyətdə tam mənimsənilməsinə, demokratik dəyərlərin daha möhkəm intişar tapmasına, insan və vətəndaş hüquq və azadlıqlarının etibarlı təminatına hər zaman xüsusi diqqətlə yanaşmışdır. Prezident Heydər Əliyev beynəlxalq təşkilatlar və Avropanın mötəbər təşkilatları ilə səmərəli və işgüzar əlaqələrin qurulmasına mühüm diqqət yetirirdi. Azərbaycan liderinin NATO, ATƏT, Avropa İttifaqı kimi beynəlxalq qurumların işində fəal iştirakı da, heç şübhəsiz, Azərbaycanın xarici siyasətinin uğurları və ölkəmizin nüfuzunun göstəricisi sayıla bilər.
Heydər Əliyev tərəfindən əsası qoyulan balanslı xarici siyasət konsepsiyasının uzaqgörənliyi ondan ibarətdir ki, bu, müasir dövrdə Azərbaycan dövləti qarşısında duran problemləri həll etməyə qadir olan yeganə konsepsiyadır. Onun qətiyyəti nəticəsində Azərbaycan Respublikası 2002-ci ildə Avropa Şurasına tamhüquqlu üzv qəbul edilərək ümumavropa ailəsinə qovuşmuş və burada öz layiqli yerini tutmuşdur. Müasir Azərbaycanın inkişaf modelinin təzahürlərindən biri də azərbaycançılıq ideologiyasıdır. Ümummilli lider Heydər Əliyev milli ideyanın yaranması, xalqa çatdırılması istiqamətində xalqımıza çox böyük, əhəmiyyətli bir elmi irs qoyub getdi. Məhz bu elmi təlimata əsaslanaraq bu gün müstəqil Azərbaycan dövləti sürətlə inkişaf edir.
Heydər Əliyev bütövlükdə türk dünyasının böyük dövlət xadimi, eyni zamanda müasir dövrdəki dövlətçiliyin yeni tipologiyasının əsaslarını qoyanlardan biridir. Heydər Əliyevin bu sahədəki zəngin təcrübəsi bu gün bütün dünyada etiraf olunur, hörmətlə qarşılanır və yüksək qiymətləndirilir. Ulu Öndərin dövlət idarəçiliyi məktəbinin ən görkəmli nümayəndəsi, beynəlxalq aləmdə nüfuzlu siyasətçi kimi qəbul olunmuş, müasir təfəkkürlü, səriştəli və cəsarətli Prezidentimiz İlham Əliyev atdığı addımlarda Heydər Əliyev siyasi kursunun layiqli davamçısı olduğunu təsdiqləmişdir. Ölkə başçısının vurğuladığı kimi Azərbaycan artıq böyük bir regional amildir. Sabitlik, təhlükəsizlik və inkişaf amilidir. Qazanılan hər bir uğur isə ümummilli lider Heydər Əliyevin təməlini qoyduğu dövlətçilik strategiyasının əməli nəticəsi kimi diqqət çəkir. Ümummilli liderin qeyd etdiyi “Azərbaycan dünyaya Günəş kimi doğacaq” fikri artıq öz təsdiqini tapmaqdadır.
Nailə Məmmədova “Azerbaijan Realities