Lent.az-ın “Evin içi” adlı yeni layihəsinin qonağı “Qarabağ”ın futbolçusu Namiq Yusifov oldu. Bizi evində qonaq qəbul edən Yusifovlar ailəsi əməlli-başlı hazırlıq görmüşdü. Namiqin anası Nəzakət xanım oğlunun uşaqlığından bəhs edərək, onu ərköyün böyütdüyünü, hər nazı ilə oynadığını bildirdi. Utancaqlığı ilə seçilən böyük qardaşı Anar isə Namiqin uğurları ilə fəxr etdiyini dedi. Qonaqlıq zamanı Nəzakət xanımın nəvələri – Ömər və Fatimə də üzümüzə xoş baxdılar. Qeyd edək ki, Ömər Namiqin oğlu, Fatimə isə qardaşı qızıdır.
- Ənənəvi sualla başlayaq: qonaq qəbul etmək və getməklə aran necədir?
- Düzü, mənim öz evimə gələn-gedən çox deyil. Amma anamgilə qonaq çox gəlir. Təbii ki, bizə də qonaq gələndə sevinirik. Qonaq getməyə gəldikdə isə buna nə çox vaxtım olur, nə də həvəskarıyam.
- Evin içində çox olursan, ya vaxtını daha çox evdən kənarda keçirirsən?
- Qurban müəllim (“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov) həmişə deyir ki, biz bir-birimizə evdəkilərdən yaxınıq. Çünki evdəkilərdən çox, bir-birimizin üzünü görürük. Bütün futbolçular kimi, mən də evdə az oluram.
- Ailə sənin üçün nə deməkdir?
- İnsanın ən çətin anında belə, rahatlıq tapdığı bir yer olmalıdır. Məncə, hamı ailəsinin yanında rahatlıq tapır.
- Bir sirrin, problemin olanda ailədə kiminlə bölüşürsən?
- Evlənəndən sonra daha çox həyat yoldaşımla. Əslində mənim o qədər də sirrim yoxdur, ürəyiaçıq adamam. Yəni hər adamla bölüşə bilərəm.
- Həyatda kimin məsləhətlərinə daha çox qulaq asırsan?
- Heç kimin (gülür). Ola bilər, məsləhətə qulaq asam. Amma özüm necə düz hesab etmişəmsə, həmişə elə yaşamışam.
- Belə çıxır ki, inadkarsan...
- Hə, demək olar. Amma nədən irəli gəlir, bilmirəm. Bəlkə də, uşaq vaxtı ərköyün böyüməyimdəndir. Ölənlərinizə rəhmət, uşaq vaxtı atamı itirmişəm. Anam isə nə demişəmsə, onu edib. Öz oğlumu da elə böyüdürəm. Nə deyirsə, mənim üçün qanundur.
- Məktəb illərini necə keçirmisən? Bildiyimiz qədərilə, oxuyan uşaq olmusan...
- Bəli, yaxşı oxumuşam. Şəklim məktəbin şərəf lövhəsində olub. Amma sonradan seçim qarşısında qaldım: futbol, ya məktəb? Mən futbolu seçdim.
- Əgər savad dalınca getsəydin, hansı peşəni seçərdin?
- Humanitar fənlərə marağım daha çox idi. Məncə, yaxşı vəkil ola bilərdim. Çünki həm inadkaram, həm də danışmağı xoşlayıram.
- Futbolçular arasında səni poliqlot adlandırırlar. Neçə dil bilirsən?
- Deməzdim, çox dil bilirəm. Rus dilində təmiz danışıram, çünki mən Rusiyada doğulmuşam. Və məktəbdə rus bölməsində oxumuşam. Deyilənə görə, ingilis dilində də yaxşı danışıram. Hər şeyi başa sala bilirəm. Planda ispan dilini də öyrənmək var. Bir ara başlamışdım öyrənməyə, ancaq yarımçıq qaldı. Səhlənkarlıq elədim. İstəyirəm üstünə düşüb, öyrənəm. Çünki lazımlı dildir.
- Azərbaycan ailələrində valideynlər adətən kiçik oğulun yanında qalırlar. Evin sonbeşiyi sən olsan da, anan böyük qardaşının evində yaşayır. Bunu necə başa düşək?
- Bizdə elə oldu ki, anam qardaşımla qalır (gülür). Amma gələcəkdə istəyirəm ki, mənimlə yaşasın.
- Futbolçu olduğun üçün peşman deyilsən ki?
- Xeyr. Keçmişə qayıtmaq imkanım olsaydı, yenə futbolçu olardım. Çünki futbolda hər şey var: emosiya, adrenalin, maraq, pul.
- Emosiya demişkən, emosional insansan?
- Kənardan sakit görünə bilərəm, amma peşəmdə çox emosionalam. Oyunlarda bunu hiss etmək mümkündür. Adi həyatda isə sakitəm, heç deməzlər ki, idmançıyam. Meydançadakı döyüşkənlik və əzmkarlığı həyatda çox göstərmirəm.
- Həyatda nəyi bağışlamırsan?
- Düşünürəm ki, mən kinli deyiləm. Amma hərdən keçmişə boylananda özümü kinli insan kimi tanıyıram. Məndə belə bir şey var ki, hansısa insana cüzi bir səbəbdən qırıldımsa, o hiss məndə qalır. Düzdür, bağışlaya bilirəm. Bağışlamaq Allaha məxsusdur, biz kimik ki, bağışlamayaq? Amma bağışlasam belə, yenə o insana qarşı əvvəlki kimi ola bilmirəm. Bir-iki nəfər olub ki, mənə qarşı səhv ediblər, ancaq sonra səhvlərini başa düşüblər. Lakin mən onu satqınlıq kimi qəbul etmişəm və onlara qarşı əvvəlki kimi ola bilməmişəm.
- Məşhurluqla aran necədir?
- Adətən çox insan olan yerə getməyi xoşlamıram. Kompleksli deyiləm, sadəcə xoşuma gəlmir. Mənimki odur ki, həyat yoldaşımla elə bir yerə gedim ki, heç kim olmasın, sakitlik olsun. Romantikəm. Məşhurluq mənə problem yaratmır. Sadəcə, görürsən ki, şəhərdə baxırlar. Reaksiyalar fərqli olur. Kimsə mənə baxanda çalışıram ki, axıra qədər mən də baxam ki, yəni niyə baxırsan? (gülür). Deyirlər ki, tanış gəldiz, sizi bir adama oxşatdıq. Kimə oxşatdıqlarını soruşanda cavab verirlər ki, Namiq Yusifova. Onda deyirəm ki, bəli, həmin adamam.
- Namiq Yusifov üçün əsl dost nə deməkdir? Çox dostun var?
- Mənim əsl dostum, yəqin ki, yoxdur. Amma “qardaş” dediyimiz adamlar var, hamısını çox istəyirəm. Sırf dostum isə yoxdur. Bəlkə də, qəbahət məndədir, mən kimləsə dost ola bilmirəm. Məktəb vaxtında adətən qız dostum çox olurdu. Məndə uşaqlıqdan bir xüsusiyyət var ki, mənimlə birgə məşq edən uşaq belə, sonra başqası ilə birgə məşq edirdisə, o mənim üçün satqına çevrilirdi. Deməzdim ki, paxıllıq var məndə. Bu daha çox qısqanclığa oxşayır. Mənim səhvim odur ki, hamıya özüm kimi yanaşıram. Suala qayıtdıqda əsl dost pis və yaxşı günlərində yanında olandır. İndi elə bir zəmanədir ki, yaxşı günündə yanında çox adam olur. Allaha şükür, mənim hələ pis günüm olmayıb. Amma yaxın qardaşlar var ki, gecə saat 3-də də zəng edib desəm ki, problemim var, durub gələcəklər.
- Həyat yoldaşına qarşı qısqancsan?
- Qısqancam, amma çalışıram ki, bunu göstərməyim. Çünki qadına onu qısqandığını göstərəndə ayağı yer alır.
- Futbolçusan, daim diqqət mərkəzində olan adamsan. Bəs həyat yoldaşından özünə qarşı necə, qısqanclığı hiss edirsən?
- Həm də necə?.. (gülür). Bizim ailədə problem çox vaxt elə bunun üstündə yaranır. O da kürəyini yerə vuran deyil, deyir ki, qısqanmıram səni. Hər dəfə bir bəhanə gətirsə də, hiss edirəm ki, çox qısqanır.
- Tez özündən çıxansan?
- Yox. Çalışıram ki, həmişə hisslərimi cilovlayım, əsəbiləşməyim. Amma birdən olur ki, özündən çıxırsan. Məndə bu hal daha çox evdə baş verir.
- Səni nə əsəbiləşdirir?
- Haqsızlıq görəndə pis oluram. Zalımın yazığa, varlının imkansıza qarşı yuxarıdan aşağı münasibəti məndə təəssüf hissi oyadır. Çalışıram ki, ofisianta, ustaya , bir sözlə hamıya qarşı yaxşı davranım.
- Deməli, sənin üçün münasibət qurmaqda pul o qədər də rol oynamır...
- Çoxları əvvəl mənə deyirdi ki, kənardan lovğa görsənirsən. Lovğa insanla oturub sadəlik eləyəndə, o sənə yuxarıdan aşağı baxır. Buna görə də, hər insana qarşı onun səviyyəsində davranmalısan.
- Həyatda pul sənə nə dərəcədə vacibdir?
- Pul yeri gələndə çox şeyi həll edir. Arada eşidirsən ki, kiminsə uşağı xəstədir, müalicəyə aparmalıdır, amma pulsuzluq üzündən apara bilmir. Elan verirlər ki, uşağın əməliyyatına 1000 manat pul lazımdır, tapılmasa, vəziyyəti daha da pisləşə bilər. Oturub fikirləşirsən ki, yeri gələndə 1000 manat böyük pul deyil, amma kiminsə həyatını həll edir. Belə şeyləri görəndə anlayırsan ki, pul çox şeyi həll edir. Mənim üçün pul yaxşı yaşamaq üçün lazımdır.
- Sən pulun ağasısan, yoxsa pul sənin?
- Mən inadkaramsa, pulun üzərimdə ağalıq etməsinə imkan vermərəm. Amma əvvəl çox bədxərc idim. İndi isə çalışıram ki, bədxərclik eləməyim. Ailə qurandan və yaşlaşandan sonra pulu diqqətlə xərcləyirəm. Başa düşürəm ki, pul bu gün varsa, sabah olmaya da bilər. Buna görə də, işini ehtiyatlı tutmaq lazımdır.
- Bir çox futbolçularımız həm də bizneslə məşğuldurlar. Sən necə?
- Açığı, bir neçə dəfə cəhd etmişəm, ancaq alınmayıb. Qərar vermişəm ki, futbolu qurtarandan sonra biznes qurum. Futbol zamanı vaxtın olmur. Özüm də gördüm ki, gərək işin üstündə özün durasan. Ya da elə adam tapmalısan ki, həm sənə canı yansın, həm də özü də həmin işə sərmayə yatırsın. Öz malı olanda insan daha məsuliyyətli yanaşır.
- Maaşının neçə faizini ailənə, anana və özünə ayırırsan?
- Məndə bölüşdürmək yoxdur. Məndə ya pul çox olur, ya da olmur. Arada elə olur ki, anamdan pul alıram. Anada həmişə ehtiyat pul olur (gülür). Çünki ona nəsə almaq üçün verdiyi pulları xərcləmir, saxlayır ki, özünə lazım olanda götürərsən.
- Oğlunun gələcəkdə futbolçu olmağını istərdin?
- Kim olmaq istədiyini özü seçəcək. Allah qismət eləsə, istəyərəm futbolçu olsun. Amma mən ona deyə bilmərəm ki, mütləq futbolçu olmalısan. Nəyə həvəsi varsa, həmin peşənin də sahibi olar. Bəlkə deyəcək ki, rəssam olmaq istəyirəm (gülür). Azərbaycanda nadir hallarda futbolçuların övladları futbolçu olur.
- 15 il əvvəlki vaxt, yəni pulsuzluq dövrü olsaydı, oğlunun futbolçu olmaq fikrinə yenə qarşı çıxmazdın?
- Mən futbola gələndə pulu fikirləşməmişəm. Allaha şükür olsun ki, ailəmizin maddi vəziyyəti həmişə yaxşı olub. Mənim futbola həvəsim var idi. Bilirsiz, uşağın özündən çox şey asılıdır. Mənə evdən deyirdilər ki, oxu. Amma futbola başlayandan sonra dərsdən qaçıb məşqə gedirdim.
- Belə başa düşürəm ki, övladını çox sıxmağı xoşlamırsan...
- Bizdə uşağı sıxmaq yoxdur. Təbii ki, nəzarətdə saxlamaq lazımdır. Bəlkə sabah “bandit” olmaq istəyəcək? (gülür). Düzgün istiqamət tapmaqda ona yardımçı olmağa çalışacam.
- Özünün edə bilmədiyin nəsə varmı ki, onu oğlunun etməsini istərdin?
- Biz futbolçular uşaqlığı o qədər də görməmişik. Uşaq yaşlarımızdan məşq edib, əziyyət çəkmişik. Hətta məktəbdə oxuyanda təlim-məşq toplanışlarına gedirdim. Qayıdanda məktəbdəki uşaqlar deyirdilər ki, Namiq gedib kef eləməyə. Daha bilmirdilər ki, oraya getmək, milliyə düşmək üçün nə qədər əziyyət çəkməlisən. Mən əziyyət çəkdiyim halda, məktəb yoldaşlarım isti sinifdə otururdular. Sözü ona gətirirəm ki, əziyyət çəkmirdilər. Suala gəlincə, oğlumun xaricdə təhsil almasını istərdim.
- Məsuliyyətli insansan?
- Hə, amma arada səhlənkarlığa yol verirəm. Bu özümdən asılı olmur. Dəqiq deyiləm. Ya harasa tez gedəcəm, ya da gecikəcəm. Məndə qədər söhbəti yoxdur. “Qızıl orta”nı tuta bilmirəm. Bu xüsusiyyətimi özüm də bəyənmirəm.
- Uşaqlıqdan geyiminə xüsusi fikir verənsən?
- Uşaq vaxtı anam mənə köhnə pulla 3 min yol pulu verirdi. Yol pulu isə 250 manat idi. Yəni pulun böyük qismi məndə qalırdı. Həmin pulları yığırdım, ya özümə nəsə alırdım, ya da məktəbdə xoşladığım qızlara hədiyyə. Ümumiyyətlə, nəsə almaq məni sakitləşdirir. İndinin özündə də kefim olmayanda şoppinqə gedirəm. Hərə bir yolla adrenalin alır da.
- Boş vaxtını necə keçirirsən?
- Yatmağı xoşladığım üçün boş vaxt olan kimi yatıram. Bəlkə də, həyatımın yarısından çoxunu yatmışam. Gün ərzində bir də görürsən ki, 12 saat yatıram. Yaxşı ki məşq var, yoxsa məni oyatmaq mümkün olmaz (gülür). Mən məşqə ciddi yanaşıram. Amma başqa getməli yer varsa, yuxum gəldisə, təxirə salıram.
- Bəs harda istirahət etməyi xoşlayırsan?
- Adətən ailəmlə istirahət edirəm. Əvvəllər ekzotik ölkələrə getməyi xoşlayırdım. İki dəfə Tailandda olmuşam. Evlənəndən sonra isə daha çox Dubaya gedirik. Çünki oranın hava şəraiti əlverişlidir, uşağı dənizə aparırıq. Bir də müsəlman ölkəsi olduğu üçün bizə xoş gəlir. Əvvəllər mən uzaq məsafəli ölkələrə getməyi xoşlayırdım. Tailanda təyyarə ilə 12 saat uçmuşam, vecimə də olmayıb. Amma indi bir az qorxuram. Deyirəm ki, işlə bağlı deyilsə, nəyə lazımdır 10-12 saatlıq yolu getmək? Çünki daha özümdən başqa, ailəmi də fikirləşirəm. Evdə gözləyən var.
- Uşaqlıq xatirələrində sənin üçün ən dəyərli olan nədir?
- Mənim uşaqlığım maraqlı keçib. Bakının Əhmədli qəsəbəsində böyümüşəm, amma indi orda yaşamıram. Bizim məhlədə futbol da, voleybol da oynamaq üçün meydança var idi. Məhləmiz müəllimlər məhləsi sayılırdı, mədəni, maraqlı məhlə idi. Oğlanlı-qızlı bir yerdə “gizlənqaç”, “parol-parol” oyunları keçirirdik, ətraf məhlədə qalanlar isə gəlib baxırdılar. Həmin məhlədə böyüyüb, boya-başa çatmışam.
- Siyasətə necə, marağın var?
- Mənim hər şeyə marağım var.
- Hakan Şükür futbolu atdıqdan sonra siyasətə qoşuldu. Səni də nə vaxtsa siyasətdə görə bilərik?
- Mən buna pis baxmıram. İnsan hərtərəfli olmalıdır. Siyasətdə idmanı da kimsə təmsil etməlidir axı. Kaxa Kaladze indi Gürcüstanda nazirdir. Kliçko da siyasətin içindədir. Belə şəxslər siyasətdə olmaqla idmana nəsə kömək edə bilərlər.
- Bilirik ki, namaz qılansan. Bəzi dairələrdə sən, eləcə də “Qarabağ”ın digər yerli futbolçularının adları vəhabiliklə birgə hallanır. İstərdim ki, özün bu məsələyə aydınlıq gətirərdin...
- İslam dini birdir, Allah da təkdir. İslam bizdən əvvəl təriqətlərə bölünüb. Yəni bizə aid olmayan şeydir. Hamı deyir belə, elə, amma ortada bir şey yoxdur. Gəlsin, bir adam sübut eləsin ki, “Qarabağ”da hansısa futbolçu həmin təriqətin üzvüdür. Deyirlər ki, filan futbolçunun saqqalı var. Mən də həmin adamlara cavab verirəm ki, peyğəmbərin də saqqalı olub, Hüseynin də, Həsənin də. Deyirlər, şalvarı qısadır. Deyirəm, o da sünnədir, hamısı peyğəmbərimizin elədiyi şeylərdir. Bu, İslamı parçalamaq üçün ortaya atılan təxribatdır. Şükür Allaha, “Qarabağ”da hamısı ibadət edən adamlardır. Bunlar pis iş görmürlər, bara, diskotekaya getmirlər, içki içmirlər, oğurluq etmirlər axı.
- Ən bəyəndiyin sual hansı oldu?
- Tam səmimi deyirəm, hamısını bəyəndim.
- Sonda layihə ilə bağlı ürək sözlərin...
- İlk dəfədir ki, Azərbaycanda belə bir layihə görürəm. Çox gözəl, uğurlu layihədir. Belə kreativ layihələr nə qədər çox olsa, bir o qədər yaxşıdır. Düşünürəm ki, layihəniz çox uğurlu olacaq. Mən həmişə deyirəm ki, futbolçu brend olmalıdır. Biz təkcə özümüzü yox, ümumilikdə futbolu təmsil edirik. Buna görə də, geyimimizə, hərəkətimizə, davranışımıza fikir verməliyik. Belə rubrikalar isə bizim özümüzü ictimaiyyətə daha yaxşı tanıtmağımıza kömək edir. Buna görə sizə təşəkkürümü bildirirəm.