<b>“Bizi zəhərləyəndən sonra meyitlərin içindən...” -<span style="color:red;"> DÖYÜŞÇÜ GÜNDƏLİYİ </b>
17 fevral 2014 16:18 (UTC +04:00)

“Bizi zəhərləyəndən sonra meyitlərin içindən...” - DÖYÜŞÇÜ GÜNDƏLİYİ

Lent.az Fransanın Milli Qəhrəmanı, məşhur azərbaycanlı döyüşçü Əhmədiyyə Cəbrayılovun müharibə gündəliyini əldə edib. Bu həftədən etibarən həmin gündəliyi hissələrlə sizə təqdim edəcəyik.

 

Gündəlikdə Əhmədiyyə Cəbrayılovun Fransa prezidenti olmuş Şarl De Qolla bağlı müharibə xatirələri, dostluq münasibətləri, “Mixaylo” ləqəbli məşhur azərbaycanlı partizan Mehdi Hüseynzadə ilə görüşləri və indiyə kimi heç yerdə rastlaşmadığınız digər maraqlı faktlar yer alıb.

 

Əhmədiyyə Cəbrayılov 22 sentyabr 1920-ci ildə Şəki rayonu Oxud kəndində anadan olub. 1927-ci ildə Şəki rayonu Oxud kənd natamam orta məktəbinə, 1935-ci ildə Şəki Kənd Təsərrüfatı texnikumunun maldarlıq-ipəkçilik şöbəsinə daxil olub, 1938-ci ildə həmin məktəbi bitirib ipəkçi ixtisasına yiyələnib. 1939-cu ildə Azərbaycan SSR Nazirlər Soveti sədrinin əmrinə əsasən Quba-Qusar-Xaçmaz-Dəvəçi-Yalama rayonlararası ipəkçilik idarəsinin aqronomu olub. İl ərzində yaxşı göstəricilərinə görə dövlət tərəfindən 3000 manat mükafat, döş nişanına layiq görülüb.

 

***

 

...Əhmədiyyə Cəbrayılov bir axşam qəzet oxuyarkən hərbi məktəbə qəbul elanını oxuyur. Səhəri gün Bakıya gəlib ordu sıralarına keçmək üçün hərbi komissarlığa müraciət edir. O, hərbi komissarlıqda qəzetdəki elanı göstərərək, uşaqlıq arzusu olan Nevinominsk təyyarəçilik məktəbinə göndərilməsini xahiş edir. Cəbrayılovu həmin məktəbə göndərirlər. 19 yaşlı Əhmədiyyə komsomol biletini, xasiyyətnamə, idmanda qazandığı diplom, təşəkkürnamə, döş nişanlarını da özü ilə aparır. İmtahanlardan müvəffəqiyyətlə keçərək məktəbə daxil olur.

 

1939-cu ilin noyabr ayında isə kursant formasını əyninə geyinir. Qısa zamanda təyyarənin bütün sirlərini, silahlardan, texnikadan istifadə qaydalarını mənimsəyir. Alman dilini öyrənən Cəbrayılov bu dildə sərbəst danışdığı üçün kiçik leytenant rütbəsi də alır.

 

1941-ci ildə elan edilməmiş müharibə başlayan zaman Cəbrayılov təyyarəçi kimi Rostov, Xarkov, Kiyev, Poltava, Moskva, Minsk, Smolensk, Lvov ətrafındakı döyüşlərdə iştirak edir. Hərbi rəhbərlik kiçik leytenant Cəbrayılovun bacarıqlı olmasını nəzərə alıb, onu 350 saylı polka siyasi rəhbər (zampolit) təyin edir. Məhz bu polk bir çox şəhər, kənd və xutorları alman faşistlərindən təmizləyir. Bu döyüşlərdəki şücaətinə görə isə Cəbrayılova leytenant rütbəsi verilir. Döyüşlərin birində yaralanan Cəbrayılov sağalandan sonra kəşfiyyata göndərilir. Tapşırığı uğurla yerinə yetirən şəkili zabit 1942-ci ildə baş leytenant rütbəsi alır.

 

Əhmədiyyə Cəbrayılov gündəliyindən olduğu kimi:

 

“1942-ci ilin aprel-may aylarında alman faşist işğalçıları bir çox şəhər və xutorları mühasirəyə almışdılar. Rəhbərliyin əmri ilə bombardmançı təyyarə ilə döyüşə göndərildim və almanlar mənim təyyarəmi vurdular. Ağır yaralandım. Mənim döyüşdüyüm ərazidəki sovet əsgərləri, doqquzuncu ordunun döyüşçüləri mənim yaralarımı sarıdılar, çox kömək göstərdilər. Ağır yaralı olsam da, həmin zabit və əsgərlərə qoşulub, əks-hücumlarda iştirak elədim və əsir düşdüm.

Alman faşistləri maşın, motosiklet və velosipeddə, əsirlərsə piyada, ac-susuz gündə 60 km yol qət edirdik. Yerli adamlar əsirlər keçəsi yola çörək qırıntıları, kartof, meyvə, kələm tökürdülər ki, biz bir bəhanə ilə onların tökdüklərini götürüb yeyək, acından ölməyək. Alman işğalçıları əsirlərə yemək verən adam görəndə yerindəcə güllələyirdilər. Əsirlərin arasında mülki vətəndaşlar da var idi. Əsirlərin çoxunu qoca, qadın, uşaqlar təşkil edirdi. Yolda ölənlər çox olurdu. Yerli sakinlərin yola tökdüklərinə əl uzadan əsirlərə də güllə atırdılar. Bir meşədən keçirdik, hava qaralmışdı. Yaralı olsam da, hər an qaçmağa fürsət axtarırdım. Meşədən keçəndə ukraynalı əsirlərin köməyi ilə qaçıb canımı qurtara bildim. Amma yaralı olduğuma görə çox uzağa qaça bilmədim, almanlar məni tutub yenidən əsirlər qatdılar. Düz üç dəfə belə oldu. Məni ona görə öldürmürdülər ki, əynimdə təyyarəçi paltarı var idi. Onlara da hərbi sirlər lazım idi deyə mənə əl vurmurdular. Amma “Dakau” konslagerində olanda çox işgəncələrə məruz qaldım. Həmin düşərgədə itləri əsirlərin üzərinə qısqırdıb ləzzət alır və şəkil çəkərək evlərinə göndərirdilər. Əsirləri elektrik stuluna bağlayaraq çığırmalarına tamaşa edirdilər. “Dakau”da sağlam bədənli və boy-buxunlu əsirləri seçib, öz tərəflərinə çəkirdilər. Mənim isə boyum balaca olduğuna, həm də yaralı olduğuma görə öz tərəflərinə çəkmək istəmədilər. Bizi təzə paltar vermək adı ilə hamama apardılar və əmr etdilər ki, əynimizdə heç bir paltar qalmamalıdır. Mən də oxumağa gedəndə nişanlı idim. Nişanlım mənə bir dəsmal bağışlamışdı. Həmin ağ dəsmalın dörd tərəfində dövlət başçılarının şəkli var idi. Ən ağır döyüşlərdə də o dəsmalı göz bəbəyim kimi qoruyurdum…

 

…Hamamda bərk səs-küy olduğundan pencəyimdə gizlətdiyim sənədi tez dəsmala büküb ağzıma qoya bildim. Çimmək əmri veriləndə mən də o biri əsirlərlə birlikdə otağa daxil oldum, əsirlər su kranını açdılar və su əvəzinə buxar gəldi. Mən yavaş-yavaş halsızlaşır, taqətdən düşürdüm, birdən yıxıldım. Gözümü açanda özümü bir kəndli evində gördüm. Soruşdum ki, bura haradı? Qoca kişi mənə astadan alman dilində dedi ki, almanlar əsirləri qaz ilə boğub meyitləri dərəyə atırlar. Biz yaşlılar da onları basdırırıq. Səni götürəndə bədənin isti idi. Tez arabada otun arasında gizlədib evə gətirdim, kənddən bir qoca həkim çağırdım sənə baxsın.

 

Qoca alman Cəbrayılova deyir ki, əgər faşistlər onun evində sovet zabitini saxladığını bilsələr, özünü öldürər, evini isə yandırarlar. Cəbrayılov gündəlikdə qeyd edir ki, tək yaşayan bu alman həm də kasıb bir insan idi.

 

“Kişi dedi ki, odun yığanda meşədən bir paraşüt və kostyum tapmışam. Soruşdu ki, əyninə gələrmi? Baxdım, təyyarəçi kostyumu idi. Elə bil əynimə biçilmişdi. Ancaq paraşütü götürmədim və qocadan onu yandırmağını xahiş elədim. Çünki paraşütü evində tapsaydılar, başına oyun açardılar. Qocayla sağollaşıb, ayrıldım. Amma yolu azmışdım, harda olduğumu bilmirdim. Bir kənddə almanlar yenə məni tutdular. Nə qədər sual verdilərsə danışmadım, elə bildilər ki, lalam, ya da yaxşı danışa bilmirəm. Məni yenidən əsirlərə qoşdular. Üst-başımı axtardılar, heç nə tapa bilmədilər. “Azərbaycan” deyəndən sonra tərcüməçi gətirdilər. O mənimlə rus dilində danışırdı. Birtəhər başa saldım ki, azərbaycanlıyam. Amma əynimdəki təyyarəçi paltarı yenə başıma bəla oldu. Çünki bu dəfə Almaniyada yerləşən “Elzamsiya” adlı əsir düşərgəsinə gətirdilər. Burda da mənə olmazın işgəncələr versələr də, təyyarəçi olduğumu dandım, dedim ki, təyyarədə xidmətçiyəm. Çünki təyyarəçi olduğumu bilsəydilər, hərbi sirləri öyrənib, özümü də öldürəcəkdilər. Təyyarəçi paltarını soruşanda dedim ki, bu geyimdən xoşum gəlir. Bundan sonra məni çox ağır işlərə göndərdilər. Yaxşı işlədiyimə görə gündə 200 qram jmıxdan bişirilmiş çörək verirdilər. Çox vaxt ot yeyirdim...”

 

Cəbrayılov gündəliyində qeyd edir ki, 1942-ci ilin may ayında almanlar əsirlərin içərisindən komandirləri, partiyaçıları və yeriyə bilməyən adamları xəndək qazaraq basdırırdılar. Hətta ürəyi soyumayan faşistlər əsirləri basdırdıqları torpağa atəş açırdılar. Cəbrayılov isə 1940-cı ildə aldığı partiya biletini pencəyin çiyin hissəsinə tikmişdi. Zabit olduğunu dana bildiyi üçün sevinsə də, partiya biletinin tapılmasından çox qorxurdu:

 

“Almanlar əsirlərin üst-başını axtaranda canıma üşütmə düşdü. Əgər əsirlərin üstündən Leninin, Stalinin şəkli olan vəsiqə, bilet çıxırdısa, “kommunist” deyərək yerindəcə güllələyirdilər. Növbə mənə çatanda tərcüməçi almanları başa saldı ki, müsəlmandı. Müsəlman olduğuma, həm də guya dil bilmədiyimə görə danışdıqlarıma inanırdılar”.

 

1942-ci ilin oktyabr ayında bir qrup əsiri işləmək üçün Fransaya aparırlar. Onların içərisində Cəbrayılov da var idi. Fransada dağılmış binaları təmizləyən zaman Cəbrayılovun vəziyyəti ağırlaşır, sətəlcəm olur, gündəliyində qeyd elədiyi kimi yazsaq, hətta qan tüpürür. Günlərin birində yerdə qan görən alman əsgəri əsirləri sıraya düzərək kimin tüpürdüyünü soruşur. Qorxudan heç kim cavab vermir.

 

“Əsirlikdə hər bir əsirin ön və arxa tərəfində taxta parçası asaraq üzərinə nömrə və düşərgənin adı yazılır. Alman əsgəri nömrə ilə çağıraraq iyirmi nəfəri düzdü və dedi ki, kimdirsə boynuna almasa, hamınızı güllələyəcəm. İrəli çıxaraq dedim ki, mən tüpürmüşəm. Alman əsgəri məni güllələməyə aparanda Alman SS-nin yerli dəstəsinin rəhbəri ordan maşınla keçirdi. Maşınını saxlatdırıb əsgərdən soruşdu ki, 4167 nömrəli əsiri hara aparırsan? Əsgər cavabında dedi ki, bu ağır xəstə olduğuna görə güllələməyə aparıram. Bu da Allahın işidir. SS-nin komandiri dedi k, bu gün mənim şad günümdü öldürmək olmaz, onu bağışlayıram, aparın hospitala.

 

...Hospitalda Madam Janna adlı yaşlı süpürgəçi qadın var idi. Türkə ərə getmişdi, türk dilini də yaxşı bilirdi. Madam Janna həmişə partizanlara kömək edirdi. Fürsət düşdükcə oturub mənimlə danışırdı, xəlvəti çörək və dərman gətirirdi. Mənə o qədər qayğı göstərirdi ki... Bir birimizə ana-oğul deyirdik. Sonradan öyrəndim ki, bizi Fransanın Tuluza şəhərində işlədirlər. Bizim üstümüzdə duran alman əsgərinin adı isə Henri idi. Madam Janna 28 il İstanbulda ərdə olmuşdu, amma almanlar ərini və oğlunu asmışdılar. İçində onlara böyük nifrət var idi. Həkimlərin verdiyi dərmanları qəbul edib pisləşirdim. Madam Janna onları qəbul etməyə qoymurdu, özü gətirdiyi dərmanları mənə verirdi. Onun verdiyi dərmanları içdikcə vəziyyətim yaxşılaşırdı. Günlərin birində Madam Janna mənə dedi ki, amerikalılar Atlantik sahillərinə qoşun toplayır, sən nə etmək fikrindəsən? Cavab verdim ki, xəstə adamam, kimdir mənə sahib duran? Madam Janna bu sözümü gözləyirmiş kimi sual verdi ki, mən sənə sahib dursam razı olarsan? Fikirləşmədən “bəli” dedim. Söhbət edə-edə Madam Janna mənə dərman verdi və iyirmi dəqiqədən sonra heç nə bilmədim, özümdən getdim...”

 

***

 

Növbəti hissədə Madam Jannanın Əhmədiyyə Cəbrayılova qarşı belə addım atmasının, həmçinin niyə qəbirdə gecələdiyinin səbəblərini, partizanlara necə qoşulduğunu biləcəksiniz.

 

Ardı var...

 

İntiqam Valehoğlu

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3908
avatar

Oxşar yazılar