“Qarabağ bülbülləri”nin rəhbəri kükrədi: “Biri Teymur Əmrahdı, o biri də Aygün Bayramova...” - MÜSAHİBƏ
26 avqust 2013 15:15 (UTC +04:00)

“Qarabağ bülbülləri”nin rəhbəri kükrədi: “Biri Teymur Əmrahdı, o biri də Aygün Bayramova...” - MÜSAHİBƏ

... Biri varmış, biri yoxmuş, Azərbaycanın Qarabağında bir bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O, gülü sevir, başına dolanır, onun üçün cəh-cəh vurur və qoruyurmuş. Günlərin bir günündə arı bu gülü görür, onun şirəsini dadmaq istəyir. Arı gülə doğru uçanda bülbül bunu görür. Elə həmin an sinəsini qabağa verib, tez arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır... Lakin bülbül ölmür... Sevgisi və cəsarəti bülbülü, sancdığı arıyla birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir...

 

... Mən bu insanı sevgisi uğrunda ölümə belə getməyə hazır olan o bülbülə bənzədirəm nədənsə. Güllərini sevə-sevə yetişdirir, böyüdür, arılardan qorumağa çalışır. Bəzən gülləri ona xilaf çıxır. Arını görüb bülbülü unudurlar. Bəzən də arılar onu sancır... Bülbül yaralanır, ağrınır, ürəyindən qara qanlar axıdır. Ancaq ölmür. Güllərə olan sevgsi yarasını unutdurub yenidən öz bağına qaytarır bülbülü. Yeni-yeni güllərini başlarına dolana-dolana, sevə-sevə yetişdirmək üçün...

 

Əfsanəvi “Qarabağ bülbülləri” ansamblının yaradıcısı və bədii rəhbəri Murad Rzayev artıq 42 ildir tələbə yetişdirir. Onun yetişdirdiyi tələbələr bu gün Azərbaycanın tanınmış sənətçiləri, əməkdar, xalq artistləridir. Amma bu o demək deyil ki, musiqi sahəsində nailiyyət qazanmalarında xidməti olan müəllimlərini unutmurlar. Unudublar, biganəlik ediblər, telefon zənglərinə cavab verməyiblər. Hətta telefonu üzünə qapadanlar da olub. Yenə də sınmayıb Murad Rzayev. Missiyasını davam etdirib. Yeni tələbələr yetişdirib. O ümidlə ki, yeni tələbələri əvvəlkilər kimi nankor çıxmazlar. Ancaq bu dəfə də ümidləri puç olub...

 

Murad Rzayev Lent.az-a müsahibəsində də elə bu məqama toxundu.    

 

- Azərbaycanda keçirilən məşhur müsabiqələrdə bizim ansambldan 27 nəfər iştirak edib, müxtəlif yerləri tutub. Ansamblın üzvü Səma Sultanova 40-a qədər ölkə arasında keçirilən Beynəlxalq Türk dili Olimpiadasının ikinciliyini qazandı. Hazırda isə növbəti muğam müsabiqəsi keçirilir. Televiziya vasitəsilə də canlı yayımlanır. Müsabiqənin 20-liyinə düşən beş ifaçı “Qarabağ bülbülləri” ansamblının üzvləridir - Babək Quliyev, Arzu Qaraşova, Dürdanə Keytiyeva, Mirpaşa Şükürov və Murad Əbdüləzimov. Hər halda bir ansambldan beş uşağın 20-liyə düşməsi böyük nailiyyətdir. Mən müsabiqəni daim izəyirəm. O beş uşaqdan bircəciyi də efirdən deməyib ki, biz hansı ansambldan gəlmişik. İndi məşhur olan tələbələrim də heç vaxt adımı çəkmirdilər. Məni tanıyanlar da soruşurdu ki, uşaqlar niyə belə hörmətsizlik edirlər, bu ansambldan gəldiklərini danırlar? Deyirdim eybi yox, gələcək nəsil belə eləməz. Amma onlar da elədi... Deməli, əvvəlcə bu ansamblda fəaliyyət göstərirlər. Sonra hansısa musiqi məktəbinə daxil olurlar, orda bir müəllimdən dərs alırlar. Efirdən də məhz həmin müəllimin adını çəkirlər. Hətta elə qızlar var ki, bütün müəllimlərinin, sənətdə ona kömək edən şəxslərin adlarını bir-bir sadalayırlar, məndən başqa. Biri də demir ki, biz bu ansambldan çıxmışıq. Onlara mikrofon tutmağı, mahnı oxumağı, səhnə davranışını mən öyrətmişəm. Onu məktəbdə keçməyiblər, mən keçmişəm. İlk dəfə mən onları televiziyaya çıxartmışam. Televiziyanın nə olduğunu hələ o vaxt görüblər, indi yox. İndi də yavaş-yavaş məşhur olurlar və burdan getdiklərini demirlər. Bu, artıq bir məllim kimi mənə çox pis təsir edir, ürəyimi ağrıdır. Bu nə deməkdir? Bircə kəlmə demirlər ki, biz “Qarabağ bülbülləri”ndən gəlmişik.

 

- El arasında buna deyirlər - əlimin duzu yoxdu.

 

- Hə, elə çıxır da. Əvvəlki tələbələrim də elə, bunlar da. Yenə əvvəlkilər bir az düzəliblər artıq. Gec də olsa, haqq gəlib öz yerini tapıb. Eləsi var ki, adımı çəkir. Eləsi də var ki, mənim yox, başqa müəllimlərinin adını çəkir ki, onlara şərəf gətirsin. Axı sən burdan getmisən. Heç o müəllim sənə doğru-düzgün dərs də deməyib. Mən konkret ad çəkmək istəmirəm. Çəksəm, biabırçılıq olar. Bəs bunlar ki, gəncdirlər. Onlar niyə demirlər? Bilmirəm, “Qarabağ bülbülləri”  ansamblı hörmətsizdir, ya Murad Rzayev? Niyə bizi danırlar? Qoy, uşaqlar yaxşı yerlər qazansınlar, məşhurlaşsınlar – ürəkdən istəyirəm. Amma mənim əziyyətimi itirməsinlər də. Konsertlərə, hərbi hissələrə getməyimizi nə tez unutdular? Arasından cəmi bir tətil keçib də.

 

- Yəqin ki, olanları özlüyünüzdə götür-qoy edəndə bir nəticəyə gəlib çıxırsınız. Sizcə, niyə belə olur?

 

- Məəttəl qalıram, sadəcə.  Fikirləşirəm ki, yəqin bunlara qadağan ediblər, hansısa vasitəylə təsir ediblər ki, ad çəkməyin. Sürücü yol qaydasını pozduqda, hansısa səhvə yol verəndə ona cərimə yazırlar. Amma mənim cəriməm ömürlükdü deyəsən. Bəs mənim səhvim nədi, yaxşı? İstedadlı uşaqları yetişdirmək?! Bütün sənət adamları, tanış-tunuşlar hörmətimi saxlayır. Amma tələbələrim... Bunlar birdən-birə Asəf Zeynallı adına musiqi məktəbinə, konservatoriyaya, İncəsənət Universitetinə girdilər? Ya hazır şəkildə müsabiqəyə gəldilər? Niyə biri demir ki, “Qarabağ bülbülləri”ndən gəlmişəm? Tələbə ilk müəlliminin adını çəkməz? Yəqin bunları öyrədirlər ki, bizdən başqa heç kimin adını çəkmə. İnanırsan, nə qədər mənə zənglər gəlir ki, bu uşaq sizin tələbəniz deyil, yaxud o gün yubiley konsertinizdə oxuyan deyil? Deyirəm hə. Axırda utandığımdan telefonu söndürürəm ki, heç kim zəng eləyə bilməsin. Evdə də ailəmə cavab verə bilmirəm. Yoldaşım deyir görürsən vaxtilə o tələbələrin deməyəndə arxayın idin ki, bunlar elə olmaz. Bunlar da belə nankor çıxdı. Niyə belə edirlər, özüm də bilmirəm.  Axı mən onların uğrunda nə qədər zülm çəkmişəm.

 

- Siz də xalq artisti, professor olsaydınız, birinci elə sizin adınızı çəkərdilər...

 

- Allah köməyin olsun, ürəyimdən dedin. Mənim də fəxri adlarım olsaydı, adımı şərəflə çəkərdilər. Bunu mənə camaat deyir – “Murad müəllim, onların adını ona görə çəkirlər ki, onlar tanınmış adamlardı. Fəxr edirlər ki, filan xalq artisti mənim müəllimimdi. Amma düşünmürlər ki, mən xalq artisti olmasam da, SSRİ-nin maarif əlaçısıyam, əməkdar maarif xadimiyəm. Az adamın bu titulu var. Müllimlik hara, artistlik hara? Mənim “Bayatı Şiraz” muğamı üzərində etdiyim improvizə ilə beynəlxalq muğam müsabiqəsi açılır. Qarabağa aid bütün filmlərdə, verilişlərdə o musiqidən istifadə edirlər. Muğam tarixində ikinci improvizə yoxdur. Bir dənədir, onu da mən eləmişəm. Vaxtilə mən başqa ölkələrdə milli musiqimizi təbliğ edəndə indiki məşhur sənətkarlar heç yox idi. Moskvanın Böyük Teatrında, Kremldəki Qurultaylar Sarayında konsertlərimizə bütün ölkə baxırdı. Amma mən qalmışam arxada, başqaları keçib önə. Eləcə də tələbələrim.  

Elə olub ki, mən heç yemək yemirdim. Axşam saat 6-7 yə qədər ac qalırdım. Uşaqlara dərs keçirdim. Bəhrəsi də budur. İndi nə mənim, nə də ansamblın adını dillərinə gətirə bilmirlər. Mənim adımı çəkməsinlər, istəmirəm. Ansamblın adını çəksinlər də. Axı ansambldakı başqa uşaqlara da pis təsir edir. Mən hələ axırıncı tələbələrimdən danışıram. Onlardan əvvəlkiləri saysam, dəftər dolar. Hamı mənə eyni sualı verir – “nə oldu o biri tələbələrin də belə oldu, bunlar da?” Özüm də bu sual qarşısında acizəm.  

 

-  Yəqin, bu uşaqlar özlərindən böyüklərə baxıb görüblər ki, onlar adınızı çəkmir, amma irəli gedirlər.  

 

- Düppədüz. Bu uşaqlar görüblər ki, əvvəlki tələbələrim heç yerdə mənim adımı çəkmirlər. Bunlar da o hərəkəti təkrarlayırlar. Məşhur tələbələrim indi ağız dolusuyla adımı çəkirlər. Amma bunu vaxtında demək lazım idi. İnsana qiyməti vaxtında vermək lazımdı. İndikilər də 5-10 ildən sonra - mən sağ qaldım, ya qalmadım - desə ki, müəllimimiz kimdi, daha nəyimə lazımdı. Hər şey zamanında gözəldi. İndi müsabiqəyə bütün dünya baxır. Niyə xalq bilməsin ki, bunlar “Qarabağ bülbülləri” ansamblından  gəliblər? Özü də bu kollektiv adi kollektiv deyil axı. Beynəlxalq müsabiqələr laureatıdı. Respublikanın ən öndə gedən kollektividi. Bu saat ən böyük problemimiz də Qarabağ problemidir. Heç olmasa Qarabağın adına hörmət etsinlər də. Axı onların çoxu qarabağlıdır. Hörmət eləmirlər. Tələbələri Murad Rzayevi tanımır. Yaxşı ki, mənim əlimdə bütün üzvlərin ərizələri, şəkilləri var. Onların hamısı faktdır. Eləsi var ki, deyir mən bu ansmblda heç olmamışam. Söhbət 30-40 minə klip çəkdirənlərdən gedir, mənim kimi 150 manat maaş alandan yox.

 

- Tətildən sonra uşaqlar ansambla gələndə onlara nəsə deyəcəksiniz?

 

- Gələndə deyəcəm yəqin. Amma istəyirəm özləri hər şeyi başa düşsünlər. Təəssüf ki, tək onlar deyil. Çoxları elədi. Bu ansamblın adını çəkməyi özlərinə qəbahət bilirlər. Deyirlər adını çəksəm, mənə xələl gətirər.

 

- Bu 40 il ərzində ansambla gələn üzvlərin sayını hesablamısınız?

 

- Yox. O qədər çoxdurlar ki, onu heç hesablayıb bir tərəfə çıxa bilmərəm. Bircə onu bilirəm ki, otururam çayxanada. Uşaqlar gəlir ki, Murad müəllim, siz mənim müəllimim olmusuz. Bəzən üzü də, adı da yadımdan çıxır. Amma özü adını, kəndini deyən kimi o saat yadıma düşür. Elələri də var ki, məni yaddan çıxarıb. Araz Hüseynov yaxşı ifaçıdı. Bir dəfə də demir ki, Murad müəllim bizim müəllimimiz olub. Başqa müəllimlərin adını çəkir, onlarla fəxr duyur. Simarə İmanovanı səhnəyə birinci dəfə mən çıxarmışam. Bir dəfə adımı çəkməz. Xatun bizim ansamblda fəaliyyət göstərib. Öz adı Nərgizdi. Amma bir dəfə də deməz. O qədər məşhurlar var ki, adını çəksəm, məəttəl qalarsız.

 

- Amma Teymur Əmrah artıq adınızı çəkir.

 

- Hə, sağ olsun. Bir Teymur, bir də Aygün Bayramova - iki tələbəm mənə bəs edir.

 

- Bəs Tacir Şahmalıoğlu?

 

- O da adımı çəkməyə başlayıb artıq.

 

- Tələbələrinizin bu cür hərəkətlərini görəndə “zəhmətimi halal eləmirəm” dediyiniz anlar olub heç?

 

- Kim olursa olsun, əgər zəhməti itirirsə, əlbəttə, ona halal eləmirəm. Nə vaxtsa torpağa basdırılsa da, Amerikanı gəzsə də, zəhmət halal olsa, bəhrəsini mütləq görəcək. Ona görə də gərək ustadına kəm baxmayasan. Axı o, əziyyət çəkir. Şagird evdə çörəyini yeyib məşqə gəlir. Amma bilmir müəlim yemək yeyib, ya yox, istirahət edibmi, evdə nə dərdi var? Tələbə bunu başa düşmür. Dükandan adicə nəsə alanda satıcıya deyirik ki, halal elə. Bəs müəllim tələbəsinə halallıq verməsə, necə olar? Nə qədər də qəlbimdən keçsə, heç vaxt dilimə o sözü gətirməmişəm. Bunu demək mənə çox ağırdı. Öz tələbəmdi, əziyyətini çəkmişəm, bəli. O əziyyəti də xalqa görə çəkmişəm. Ona görə çəkməmişəm ki, sabah çıxıb efirdən adımı desin. Yaxud yolda görəndə əlimi öpsün, ayaqqabımı silsin. Ona görə əziyyət çəkmişəm ki, sabah böyüyüb xalqın sevimli sənətkarı olsun. Sadəcə qoy bilsinlər ki, bu əziyyəti çəkən adamın özü nə əziyyət çəkir, dolanışığı, şəraiti necədi.

 

- Bu 42 il ərzində yetişdirdiyiniz tələbələrinizin əksəriyyəti fəxri adlar aldı. Sizin isə hələ də fəxri adınız yoxdu. Bundan sonra fəxri ad almaq istəyərsiz?

 

- Ömrümün 50 ilini sənətə qurban vermişəm. Uşaq yaşlarımdan teatrda aktyorluq eləmişəm. Bu vaxta qədər üç iş yeri dəyişmişəm – mədəniyyət evində fəhlə, bədii rəhbər və müdir. 21 yaşımdan müdir işləyirəm. 15 respublikanın əməkdar müəllimiyəm. Bundan böyük ad var? Əməkdar, xalq artisti adları mənə aid deyil, onu tələbələrim alır. Həm də elə adamlara xalq artisti adı veriblər ki, onların cərgəsinə qoşulmaq istəmərəm. Mənim fəxri adım “əməkdar incəsənət xadimi” olmalıdır. Mən müəlliməm, bəstəkaram. Keçən il tanınmış xalq artistləri prezident İlham Əliyevə, xanımı Mehribban Əliyevaya və mədəniyyət və turizm naziri Əbülfəs Qarayevə müraciət ünvanladılar. Ümid edirəm ki, sentyabrda fəxri adlar verilsə, mən də yaddan çıxmaram. Mənə nazirlikdən məktublar gəlib. Qeyd ediblər ki, gördüyünz işlər təqdirəlayiqdir. Gözləyirəm. Amma fəxri addan önəmli mənim sosial təminatımdı. Mənə normal ev şəraiti yaratsınlar, prezident təqaüdü versinlər. 32 kvadratmetrlik evdə 7 nəfər yaşayırıq. O da kirayədi, öz evim deyil. 50 ildir dövlətə xidmət edirəm. Düz 16 yaşımdan. Amma hələ də qarşılığında heç nə almamışam. Gülməlidir vallah - bu boyda sənət adamlarını yetişdirən adam özü kirayə yaşayır. Mənimki ayrı cür yaşayışdır. Ailədə də, uşaqların da yanında pis olmuşam. Sabah nəvələrim əsgərlikdən gələcək. Amma nə vəziyyətdə yaşayırıq. Camaat kurorta, istirahətə gedəndə mən ev dərdi çəkmişəm ki, görəsən, kirayə pulunu necə düzəldəcəm? 150 manatla ailə saxlamaq olar? Təkcə 250 manat kirayə pulu veririk. Yoldaşımın maaşını da, oğlumun fəhlə pulunu da üst-üstə qoyub o pulu ödəyirik. Hərdən yoldaşım məni danlayır. Deyir, bütün günah özündədir. Heç incimirəm o sözlərdən. Düz deyir, bəlkə həqiqətən də mən səhv eləmişəm. Amma yox, düz eləmişəm. Mədəniyyətimizə, musiqi xəzinəmizə neçə-neçə bülbül səsli sənətçilər bəxş etmişəm. Heç nə güdmədən, təmənnasız şəkildə xalq üçün çalışmışam. Düzdür, bir ara problemlərdən bezib ansamblın fəaliyyətini dayandırmaq istədim. İllərdir bir otaqlı zirzəmiyə sığınıb “Qarabağ bülbülləri”. Xeyli çətinliklərrimiz var. Amma düşünüb-daşınandan sonra bu fikrimdən vaz keçdim. Mənimki istedadlı uşaqları tapıb yetişdirməkdi. Əlimdən ondan başqa iş gəlmir. Tələbələrim də ki... Eybi yoxdu, unudurlar unutsunlar. Görünür, bir müəllim kimi mənim də alnıma bu yazılıb. Mən öz alın yazımı yaşayıram sadəcə...

# 3387
avatar

Xəyalə Muradlı

Oxşar yazılar