“Blatnoy” mahnılar, yataq otağındakı yad adam, avara Çe Gevara... – TİFLİS GÜNDƏLİYİ
19 fevral 2013 13:10 (UTC +04:00)

“Blatnoy” mahnılar, yataq otağındakı yad adam, avara Çe Gevara... – TİFLİS GÜNDƏLİYİ

əvvəli: http://news.lent.az/news/115094

 

İntihar edəni tapmadılar

 

Metexi körpüsündən özünü Kür çayına atan adamın meyiti həmin gecə tapılmadı. Natiya ilə bir-iki saat soyuqdan əsə-əsə gözlədik. Amma xilasedicilər Kürün həmin hissəsini ələk-vələk eləsələr də, intihar edən adamı tapmadılar.

 

Kükürd hamamlarına qədər gedib çatmadıq. Qanımız qaralmışdı. Evə qayıtdıq. Səhəri gün Natiya Filarmoniyanın yanında yerləşən Çaçava klinikasında müayinə olundu. Məlum oldu ki, onun problemi müalicə ilə bitən deyil. Həkim bir neçə gün sonraya əməliyyat təyin elədi.

 

Tiflisdə vəziyyət gündən-günə pisləşir. «Gürcü arzusu»nun hakimiyyətə gəlişi ilə Saakaşvili rejiminin qurbanları – məhbuslar az qala kütləvi şəkildə əfv olunur. Əfv olunanlar təkcə rejim qurbanları deyil. Aralarında xeyli qanuni oğrular, cinayətkarlar da var. İllərdir Saakaşviliyə söysə də, arxayınlığından qapı-pəncərəsini açıq qoyan Tiflis sakinləri indi qaranlıq düşməmiş bütün ehtiyat tədbirlərini görürlər.

 

Taksi sürücüləri ilhama gəlib, oğru dünyasını tərənnüm edən «blatnoy» mahnılara qulaq asır, müştərilərlə söhbətə girişib, Saakaşvilinin ünvanına ağızlarına gələni deyirlər.

 

Yad kişinin sirli gəlişi

 

Natiya səhər mən oyanmadan çıxıb həkimə gedib. Qapını bərk çırpmadığından açıq qalıb. Məni yuxudan qapının cırıltı ilə açılmağı oyatdı. Hələ özümə gəlməmiş evin tən ortasında yad kişinin dayandığını gördüm. Arıq, qarayanız, əli və boynu yaralar, çapıqlar və döymə ilə dolu, ortayaşlı bir adam. Qorxudan quruyub qaldım. Kişi vəziyyətimi görüb, qayıdıb evdən çıxdı və qapının arxasında dayanıb rusca dedi:

 

- Bura Dodo Çiçinazenin evidi?

 

Cavab verə-verə ildırım sürətilə geyindim. O bir də qapını döydü və otağa girdi:

 

- Mənə Dodo Çiçinadze lazımdır.

 

- Axı o neçə ildi ki, ölüb.

 

- Bilmirəm, mən iyirmi ildən artıqdı türmədə idim.

 

Ürəyim qopdu. O isə otağın ortasında mil dayanıb, suallarını yağdırmaqda davam eləyirdi:

 

- Dodonun qardaşı oğlu olmalıdı. Qogi Çiçinadze. O hanı?

 

- Bilmirəm.

 

- Necə bilmirsiz? Bura onun evidi axı.

 

- Mən burda kirayədə qalıram.

 

- Onda deməli onun ünvanını ya da nömrəsini bilirsən.

 

- Yox, evi onun anası kirayə verir. Mən ancaq onun nömrəsini bilirəm.

 

- Tez ona zəng edin. Onlar mənə təcili lazımdı. Mən iyirmi altı ildi ki, Qogini axtarıram...

 

Əlacsız qalıb, ev sahibəsinin nömrəsini yığıram. Adamın əllərindəki yaralara, döymələrə baxanda, əl-ayağım əsir. Bir yanlış hərəkət edərsəm, məni boğub, bıçaqlayıb öldürə biləcəyini düşünürəm. Xanım Babo dəstəyi götürən kimi vəziyyəti ona izah edib, telefonu yad kişiyə verirəm.

 

Yad kişi yarım saat xanım Babo ilə gürcü dilində nəsə danışır. Danışdıqca əl-qol atır, əsəbi halda otaqda dolaşır, nəsə izah etməyə çalışır. Qışqırır, tez-tez Qoginin adını çəkir. Sonra əli ilə mənə qələm-kağız gətirməyimi əmr edir. Tez qələm-kağız gətirirəm. Alıb nəsə bir nömrə yazır. Sonra yenə xanım Babo ilə nəsə danışır. Qəfildən telefonu atır və arxasınca qapını bərk çırparaq, çıxıb gedir.  

 

Telefonu götürüb, təzədən xanım Babonun nömrəsini yığıram. Nə baş verdiyini soruşuram. Yazıq qadın məndən betər qorxub. Deyir ki, yad kişi onun oğlunu axtarır. Ona iyirmi altı ildir bildiyi bir sirri deyəcəkmiş. Babo ondan nə sirr olduğunu soruşub.  Yad adam deyib ki, Qoginin atası ilə anasının niyə boşandığını bilir. Çünki anası Qogiyə süd vermirmiş.

 

Babonu da həm heyrətləndirmiş həm də güldürmüş bu absurd söhbət bir az eynimi açdı. Amma gözümü açan kimi otağın tən ortasında yad kişini görməyin dəhşəti hələ də çəkilmirdi.

 

Seymur Baycan tez-tez belə qəribə əhvalatlar danışanda heç kim inanmır ki, adamın başına belə işlər gələ bilər...bu hadisədən sona yazığı başa düşməyə başladım.

 

Saakaşvilini döymək istəyirlər və ya Tiflisdə 92-93-dür

 

Bu günlərdə Mərkəzi Kitabxananın qarşısında çıxış etmək istəyən prezident Saakaşvilinin çıxışını yarımçıq kəsdilər. Mühafizəçiləri və tərəfdarlarını döydülər. Gürcülər prezident devirməyə alışıb. Özlərini hər şeyə qadir hiss eləyirlər.

 

Bununla belə ölkənin iqtisadi vəziyyəti çox pisdi. Azərbaycanda 92-93-cü illərin qıtlığı, qarma-qarışıqlığı var hər yerdə. Hakimiyyətə gələnlər nə eləməli olduqlarını bilmirlər. Ölkədə aləm bir-birinə dəyib.

 

Evdən daha bir neçə maraqlı əşya tapmışam. Qaynadılaraq sterilizə olunan şüşə şprislər, bir ovuc köhnə düymə və bir dəstə ağappaq süni qızılgül. Düymələrdən boyunbağı düzəltmək istəyirəm, gülləri Rafiq Tağının şəklinin önünə qoydum, şprislərin taleyi barədə isə hələ düşünürəm.

 

«Million alıx roz»un 150 yaşlı qəhrəmanı

 

Tiflis daha bir hadisələr silsiləsini yaşayır. Məşhur gürcü rəssamı, Alla Puqaçovanın dillər əzbəri «Milyon qızılgül» mahnısının qəhrəmanı Pirosmaninin 150 illik yubileyidir. Şəhər Pirosmaninin əsərlərinin nəhəng reproduksiyaları, afişalarla bəzədilib.

 

Yeni il həyəcanı, təmtərağı, havası çoxdan ötsə də hələ turistlərin ayağı şəhərdən kəsilməyib. Şəhərdə addımbaşı əcnəbiyə rast gəlmək olur. Xüsusilə farslar, cənubi Azərbaycandan olanlar çoxdur. Səbəbi sadədir: şiə rejimindən canlarını qurtarıb, başını açmaq, nəfəs almaq, bir-iki qədəh şərab içmək istəyənlər bir neçə il əvvələ qədər Azərbaycana üz tuturdular. Amma Bakıda otellərin bahalığı, xidmətin aşağı keyfiyyəti, satıcıların, taksi sürücülərinin onlara fırıldaq gəlməsi, İranlı qonaqları Bakıya deyil, ucuzluq və rahatlığın baş alıb getdiyi Tiflisə üz tutmağa məcbur edib.

 

Dinçi, solçu, demokrat

 

Hazırda Ankarada yaşayan, siyasətçiliklə publisistikanın arasında qalan dostum Seymur Həziyevdən zəng gəlir. Seymur bir aydan çoxdur ki, Tiflisdədir. Türkiyəyə jurnalist vizası almağa çalışır. Proses uzun sürdüyündən, Həziyev aydan çoxdur ki, burda avara qalıb. Nurçu tələbələrin yataqxanasında qalan Seymur zəng edib, axşam yeməyi təklif eləyirdi. Dedim ki, yaxınlıqdakı yapon restoranına suşi yeməyə gedək. Həkim, bloqqer, fotoqraf, qrafik dizayner, müxalifətçi gənc Hacı Hacıyev də bizə qoşuldu. Birlikdə yaponların şorbalarından içib, suşi yedik. Seymur Həziyev yapon restoranında işləyən gürcü qızına bir neçə şirin söz deyib, qızı bişirməyə cəhd eləyəndə bunun ziyalı və intellektual adama yaraşmadığını deyib, onu fikrindən daşındırdım.

 

Səhəri gün Həziyev mənə Tomas Morun «Utopiya» əsərini hədiyyə aldı. İkinci əl kitab idi, bukinistdən səkkiz lariyə almışdı. Sonra oturub, türklərin «Entel köy Efe köyə qarşı» filminə baxdıq. Əla söhbətlərimiz alınır: Seymur nurçulardan, mən solçulardan, Hacı isə demokratiyadan danışırıq.

 

Bir neçə gün sonra Seymurun vizası düzəldi. Datakartını mənə bağışlayıb, Ankaraya çıxıb getdi. Bir az kədərləndim.

 

Gürcü Çe

 

Fevral ayı olmasına baxmayaraq, Tiflisdə havalar qızmağa başlayıb. Maqnoliyalar, vəhşi əzgillər tumurcuqlayıb. Qonşuluqda yaşayan üçuşaqlı həyasız bir arvad var. Səhərdən axşama qədər səsi bütün həyəti başına götürür. Gah gürcü, gah rus dilində balalarına qışqırır, qarğıyır, hədələyir. Əgər o susubsa, deməli yoxdur, harasa dükan-bazara gedib. Arada uşaqlarına qışqırmaqdan doymayıb, Darecanın pişiklərinə də bağırır.

 

O gün Samqori bazarının yanında saqqal, bığ və beretin köməyi ilə özünü Çe Gevaraya oxşadan cavan bir oğlan gördüm. Oğlan doğrudan da əməlli-başlı Çeyə oxşayırdı. Yaxınlaşıb oğlandan nəsə soruşmaq istədim. Komendantenin gürcü dilində danışmağı maraqlı olardı. Amma ürək eləmədim. Allah bilir, avaranın biridi.

 

Axşam düşmüşdü. Rustavelidə bir az gəzişib, evə qayıdırdım, bukinistdə gözüm bir kitaba sataşdı. Çe Gevaranın şəkli vardı üz qabığında. Kitabın adı gürcü dilində olduğundan heç nə başa düşmədim. Hitlerin «Mənim savaşım» və Mussolininin xatirələri də vardı rəfdə. Hamısı da gürcü dilində...

 

(Ardı var)

# 2971
avatar

Oxşar yazılar