Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınlar davam edir - VİDEO  - YENİLƏNİB
17 avqust 2022 10:27 (UTC +04:00)

Qəbələ, Şabran, Quba və Siyəzəndə yanğınlar davam edir - VİDEO - YENİLƏNİB

Qəbələ, Şabran, Quba və Siyəzən rayonlarında yerləşən dağlıq relyefdə, meşə və meşətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Lent.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

Məlumata görə, bəzi ərazilərdə yanğınlar nəzarətə götürülərək alovun daha geniş ərazilərə yayılmasının qarşısı alınıb, soyutma işləri aparılır.

Qeyd edilib ki, yanğınsöndürmə tədbirləri mürəkkəb relyefli dağlıq ərazilərdə həyata keçirilir, isti və küləkli hava şəraiti, əsən külək tüstülənmə ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

***

16 avqust, saat 18:33

Məlumat verildiyi kimi, Azərbaycanın Şimal və Şimal-qərb regionlarında bəzi meşə və meşəətrafı ərazilərdə baş vermis yanğınların söndürülməsi tədbirləri davam etdirilir.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Lent.az-a verilən məlumata görə, yanğınsöndürmə əməliyyatları mürəkkəb dağlıq relyefdə və yaşayış yerlərinin yaxınlığındakı ərazilərdə həyata keçirilir.

İsti və küləkli hava şəraiti yanğın ocaqlarının tam söndürülməsinə mane olur.

Yanğınla mübarizə tədbirlərinə hazırda Dövlət Yanğından Mühafizə Xidmətinin, Şimal və Şimal-qərb regional mərkəzlərinin, Mülki müdafiə qoşunları və Xüsusi Riskli Xilasetmə Xidmətinin qüvvələri və xüsusi texnikası, FHN-in Aviasiya dəstəsinə məxsus “BE 200 ÇS” amfibiya təyyarəsi və 2 ədəd helikopteri, həmçinin Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları, “Azərsu” ASC-nin, yerli İcra Hakimiyyətinin müvafiq texnikaları və sakinlər cəlb olunub.

FHN bir daha əhaliyə müraciət edərək xüsusilə havaların isti və quraq keçdiyi bu günlərdə yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə, yanğına səbəb ola biləcək hər hansı ehtiyatsızlığa yol verməməyə çağırır.

Yanğınsöndürmə əməliyyatları davam etdirilir.

Əlavə məlumat veriləcək.

***

15:41

Xəbərə yanğın baş verən ərazidən video əlavə olunub

***

saat 14:25

Şabran rayonunda baş vermiş yanğının söndürülməsi tədbirləri davam etdirilir.

FHN-dən Lent.az-a verilən məlumata görə, hazırda rayonun Zörhamı kəndində güclü küləklə müşayiət olunan yanğının operativ söndürülməsi işlərinə Fövqəladə Hallar Nazirliyinin Aviasiya dəstəsinin “BE 200 ÇS” amfibiya təyyarəsi də cəlb olunub.

Qeyd edək ki, dünən günorta saatlarından etibarən Şabran rayonunda baş vermis yanğınların söndürülməsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin, Şimal Regional Mərkəzinin qüvvələri, o cümlədən Nazirliyin Aviasiya dəstəsinin helikopteri iştirak edir. Hal-hazırda rayonun yanğınsöndürmə işləri davam etdirilir.

***

14.10

Şabranın daha bir ucqar dağ kəndində yanğın başlayıb.

Lent.az APA-ya istinadən xəbər verir ki, yanğın biçilmiş taxıl sahəsində qeydə alınıb.

Zöhramı kəndində davam edən alovun söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin texnikası və canlı qüvvəsi cəlb olunub. Alov yaşayış evlərinə yaxınlaşıb. Güclü külək yanğının sürətlə yayılmasına səbəb olur, eləcə də söndürülməsini çətinləşdirir.

Hazırda yanğının söndürülməsi üçün lazımi tədbirlər görülür.

***

13:25

Quba və Şabran rayonlarının dağlıq ərazilərindəki meşə sahəsində yanğın başlayıb.

Lent.az xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova bildirib. O qeyd edib ki, hazırda ETSN-in yerli qurumları, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin əməkdaşları tərəfindən yanğının söndürülməsi və digər ərazilərə keçməsinin qarşısının alınması istiqamətində tədbirlər görülür:

“Son günlər havanın isti və quraq keçməsi təbiət ərazilərində yanğının başvermə ehtimalını artırır. Bunu nəzərə alaraq, hər kəsdən, o cümlədən meşə ərazilərinə yaxın kəndlərin əhalisindən, təbiət qoynunda istirahət edən turistlərdən xahiş edirik ki, yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl etsinlər, odla ehtiyatlı davransınlar, söndürülməmiş siqaret kötüklərini ətrafa atmasınlar”.

# 9582
avatar

Oxşar yazılar