Xəbər verildiyi kimi "Liverpul"un yarımmüdafiəçisi Dioqo Jota avtomobil qəzasında dünyasını dəyişib.
Faciə iyulun 3-də səhər tezdən İspaniyanın Samora əyalətində magistral yolda baş verib.
28 yaşlı cinah oyunçusu avtomobildə Portuqaliyanın ikinci liqasında "Penafiel"də çıxış edən kiçik qardaşı Andre ilə birlikdə olub - o da qəzada dünyasını dəyişib.
Qeyd olunur ki, qəzaya səbəb portuqaliyalının idarə etdiyi "Lamborghini" ilə başqa avtomobili ötərkən təkərinin deşilməsi olub.
Jotanın maşını yoldan çıxaraq alovlanıb.
Məlum olduğu kimi, portuqaliyalı karyerası ərzində "Vulverhempton", "Atletiko Madrid", "Porto" və "Pasuş de Fereyra"da çıxış edib.
2020-ci ildə o, "Liverpul"la müqavilə imzalayıb. Liverpul klubu ilə Jota İngiltərə çempionu olub, həmçinin ölkə Kubokunu və İngiltərə Liqa Kubokunu qazanıb.
Portuqaliya millisi ilə Jota iki dəfə UEFA Millətlər Liqasının qalibi olub.
Dioqo Jotanın dünən sosial şəbəkədə paylaşdığı video onun hesabında sonuncu olub. İyunun 22-də o, ona üç uşaq dünyaya gətirən Ruta Kardoso ilə ailə qurub.