Milyonlarla insanın itkin düşdüyü –  UNUDULMAZ MÜHARİBƏLƏR   - VİDEO
30 avqust 2021 18:31 (UTC +04:00)

Milyonlarla insanın itkin düşdüyü – UNUDULMAZ MÜHARİBƏLƏR - VİDEO

Müharibələrin sonunun necə başa çatmasından asılı olmayaraq hər zaman insan itkisi və göz yaşı ilə yadda qalır...

Müharibələrin törədilməsinin başlıca səbəbləri əsasən hər hansı bir dövlətin başqa bir dövlətə torpaq iddiası, var-dövlət hərisliyi və s. olub. Minlərlə insanın yaxını, doğması ya müharibələrdə həlak olur, ya da düşmənə əsir düşərək, illərlə haqqında xəbər çıxmır.

Uzun illər dünyada davam edən müharibələrdə saysız-hesabsız insan taleyi hələ də doğmaları üçün naməlumdur.

Lent.az dünyada baş verən unudulmaz müharibələrin bir neçəsini təqdim edir:

1914-1918-ci illəri əhatə edən Birinci Dünya Müharibəsi bəşəriyyət tarixində İkinci Dünya Müharibəsinə qədərki ən böyük müharibələrdən sayılır. Rəsmi məlumatlara görə, Birinci Dünya Müharibəsində 3 470 138 nəfər itkin düşüb.

Tarixin ən qanlı müharibəsi kimi tarixə düşən İkinci Dünya Müharibəsi qurbanlarının dəqiq sayı isə məlum deyil. Altı il davam edən və dünyanın 70-ə yaxın dövlətinin cəlb olunduğu bu müharibədə həlak olanların sayı 35-68 milyon göstərilir. Amma mənbələrin əksəriyyəti bu müharibəyə 100 milyondan çox adamın birbaşa əldə silah cəlb olunduğunu, ölənlərin sayının isə 50 milyondan çox olduğu bildirilir. Öldürülən adamlardan 15 milyonu əsgər, qalanı isə dinc əhali olub.

Bu müharibələrdən ən dəhşətlisi isə hər hansı bir millətin, xalqın kökünü kəsmək, yer üzündən silmək məqsədini güdən müharibələrdir. Ən pisi isə də odur ki, soyqırımları törədənin özü ustalıqla maskalanır, öz əməlini, vəhşiliyini ört-basdır edir. Dünya ictimaiyyətini çaş-baş salır, əsrlərlə öz məkrli siyasətlərini yürüdür, nəsilləri bu ruhda tərbiyə edir. Məqam gələndə cildini dəyişə bilir, haqlını “günahkar” kimi qələmə verməyə çalışır, özünə tərəfdarlar tapır.

“Dənizdən-dənizə Böyük Ermənistan” yaratmaq xülyası ilə məkrli “qonşularımız” məhz belə qırğınlar, soyqırımlar törədənlərin önündə gedib, bu gün də getməkdədir. Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü zamanı Ermənistan tərəfindən bir çox beynəlxalq hüquq normaları, o cümlədən beynəlxalq humanitar hüququn tələbləri kobud şəkildə pozulub. Müharibə qaydalarına zidd olaraq, mülki əhali qorunmayıb, əksinə onlar girov götürülüb və öldürülüb.

Bir çox hallarda əsir və girovlara ağlasığmaz işgəncələr verildikdən sonra onlar dünyasını dəyişib. İşgəncələrin izlərinin itirilməsi məqsədilə onların cəsədləri Azərbaycan tərəfinə təqdim edilməyib. Beynəlxalq humanitar hüquq normalarının Ermənistan tərəfindən pozulmasının ən qabarıq nümunəsi Xocalı soyqırımıdır.

1992-ci il fevralın 26-da Xocalı şəhəri Ermənistan tərəfindən tam mühasirəyə alınaraq yerlə yeksan edilib, dinc əhali pusquya salınaraq onlara divan tutulub. 613 nəfər, o cümlədən 63 uşaq, 106 qadın, 70 qoca vəhşicəsinə öldürülüb. 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki, 130 uşaq valideynlərindən birini itirib. Aralarında 76 uşağın olduğu 487 nəfər yaralanıb. Amma təəssüf ki, bununla da bitmir. Xocalı soyqırımı zamanı yüzlərlə azərbaycanlı əsir və girov götürülüb. Onlardan 196 nəfərin, o cümlədən 36 nəfər uşaq, 65 nəfər qadının taleyi naməlum olaraq qalmaqdadır.

Ermənistan-Azərbaycan münaqişəsinin başa çatmasına baxmayaraq, münaqişə zamanı Ermənistan tərəfindən əsir və girov götürülən minlərlə soydaşımızın 3 890 nəfəri hələ də itkin düşmüş şəxs kimi qeydiyyatdadır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3831
avatar

Nigar Adil

Oxşar yazılar