Lent.az-ın “Bir sual bir cavab” rubrikasında növbəti mövzusu uşaqlarda epilepsiya xəstəliyinin müalicəsi ilə bağlıdır.
Uşaqlarda qıcolmaların və ya epilepsiyaların səbəbi müxtəlifdir. Bunlara genetik səbəblər, baş zədələri, beyin və onun örtüklərinin infeksiyaları, beyinə oksigen çatışmazlığı və digər səbəblər aiddir. Səbəbi tapmaq üçün epilepsiyanın sidromunu müəyyən etmək və neyroradioloji müayinənin nəticələri vacibdir.
Bir çox uşaqlıq dövrə aid olan epilepsiya sindromları xoşxassəli xarakter daşıyır, yəni onlar yetkinlik yaşına qədər davam etmir, uşağın inkişafı və intellekti adətən normal olur. Bu sindromların səbəbi genetik amillərə bağlıdır.
Maraqlıdır bəs, uşaqlarda epilepsiya xəstəliyi müalicə olunurmu?
Lent.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, nevroloq Kamran Salayev danışıb.
Onun sözlərinə görə, tutmaları kontrol etmək üçün istifadə edilən dərmanlara antiepileptik dərmanlar (AED) deyilir:
"Uşağa epilepsiya diaqnozu qoyulduqdan sonra AED ilə edib-etməmək qərarı vermək üçün potensial risk və faydalarına dəyərləndirmək vacibdir.
AED-lər epilepsiya xəstələrinin təxminən 70%-i üçün effektiv olur (təbii ki, düzgün dərmanı və ya dərman kombinasiyasını tapmaq üçün vaxt lazım ola bilər). Bir neçə dərman tutmaları kontrol edə bilmirsə, müalicə üçün digər variantlar nəzərdən keçirilə bilər. Məsələn: cərrahiyyə, vagus sinirinin stimullaşdırılması, pəhriz".