Ümumdünya Səhiyyə Təşkilatı əvvəlcə 5 yaşdan kiçik uşaqlara maska taxmağı tövsiyə etməyib, halbuki onlar da koronavirusu yaya bilərlər.
Lent.az xarici mediaya istinadla bildirir ki, bəzi ölkələrdə maska taxmağın icazə verilən yaşı 2-3 ilə endirilib. Bununla birlikdə, İtaliyadakı kiçik bir yeni araşdırma göstərib ki, maskalar körpələr üçün də təhlükəsiz ola bilər: 4 aya qədər uşaqlara maska taxmaq olar.
Tədqiqat müəllifləri 47 uşağı iki qrupa bölüblər: iki yaşa qədər və ikidən on iki yaşa qədər. Daha sonra hər iki qrupdakı uşaqların oyun və yüngül idman da daxil olmaqla normal fəaliyyətləri əsnasında maska taxması tələb olunduğu bir təcrübə aparıblar.
Yaşlı iştirakçılardan 12 dəqiqə maska taxaraq dəhlizdən keçmək istənilib. Tədqiqat zamanı həkimlər hər uşağın vəziyyətini izləyib.
Məlum olub ki, uşaqlardan heç biri maska taxarkən nəfəs almaqda çətinlik çəkməyib, hətta kiçik uşaqlar da. Ekshalasiya olunmuş karbon dioksid miqdarı da əhəmiyyətli dərəcədə dəyişməyib.
“Araşdırmamız uşaqlarda tibbi maskaların istifadəsinin oksigen desaturasiya epizodları və ya tənəffüs çətinliyinin klinik əlamətlərinin inkişafı ilə əlaqəli olmadığını göstərib”, - alimlər bildiriblər.