İlk sevgisini yuxularında görən, dövlət çevrilişində ittiham olunan kimyaçı - UNUDULAN MƏMURLAR
14 fevral 2022 19:00 (UTC +04:00)

İlk sevgisini yuxularında görən, dövlət çevrilişində ittiham olunan kimyaçı - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…

İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə “Azərkimya” Dövlət Şirkətinin sabiq prezidenti Fikrət Sadıqovdan bəhs edəcəyik. 

Fikrət Məmməd oğlu Sadıqov 28 aprel 1940-cı ildə Ordubad şəhərində anadan olub. O, Azərbaycan Dövlət Universitetinin Kimya fakültəsini və Nazirlər kabineti yanında Xalq təsərrüfatı akademiyasının ali kommersiya məktəbinin tam kursunu bitirib. Fikrət Sadıqov 1965-2005-ci illərdə Azərbaycanın kimya müəssisələrində müxtəlif vəzifələrdə: növbə rəisi, sex və istehsalat texnoloqu, sex rəisi, istehsalat şöbəsinin rəisi, baş mühəndis vəzifələrində çalışıb. O, daha sonra “Sumqayıt Kimya Sənaye” istehsalat birliyinin baş direktoru, 1992-2005-ci llərdə isə “Azərkimya” Dövlət Şirkətinin prezidenti vəzifələrini icra edib. 

Bundan başqa o, Sumqayıt şəhər sovetinin, Azərbaycan Ali sovetinin, 1995–2000-ci ildə isə Milli Məclisin deputatı seçilib. 

F.Sadıqov Heydər Əliyevin prezidentliyindən əvvəl “Azərkimya” Dövlət Şirkətinin prezidenti postunu tutmuş, onun dövründə həm də Milli Məclisin deputatı seçilib, orden və medallarla təltif olunub.

Qeyd edək ki, mətbuatda gedən yazılara görə, o Milli Məclisin ən imkanlı deputatlarından olub. 

2005-ci ildə o, dövlət çevrilişinə cəhddə ittiham olunaraq vəzifədən çıxarıldı, bir neçə gün istintaq təcridxanasında saxlanıldı, sonra isə ev dustağı edildi.

F.Sadıqov müsahibələrinin birində belə deyir:

“Birinci il ali məktəbə girə bilmədim. Barama toxuma ipək fabrikində işə düzəldim. Sonra tikintidə işlədim. Bir müddətdən sonra gedib Siyəzəndə fəhlə işlədim. İkinci il sənədlərimi yenidən verdim və oxudum”.

İlk sevgisindən danışan Fikrət Sadıqov:

“Sevgi elə bir şeydir ki, heç zaman yaddan çıxmaz. Birinci dəfə 9-cu sinifdə oxuyanda sevmişəm. Sinif yoldaşım idi. O qız bilmirdi bunu, heç kəs də.  İndinin indisində də yuxumda onu görürəm. Ailəsi, uşağı, nəvələri var”.

Fikrət Sadıqov Respublika Dövlət mükafatı laureatı, Qırmızı Əmək Bayrağı ordeni, Əmək Veteranı və Yusif Məmmədəliyev adına medal ilə təltif olunub. 

SSRİ-nin Fəxri Kimyaçısı və EP-300 qurğusunun bərpasına görə Respublikanın Əməkdar mühəndisi adlarını alıb. Onun rəhbərliyi ilə 2 elmlər namizədi hazırlanıb. 170-dən çox elmi əsərin, o cümlədən 41 müəlliflik şəhadətnaməsinin, 35 patentin müəllifidir. 100-dən çox səmərələşdirici təklifi var. Dəfələrlə simpozium və konfranslarda çıxış edib.

Fikrət Sadıqov hazırda Azərbaycan Milli Elmlər Akademiyasının Kataliz və Qeyri-üzvi Kimya İnstitutunda çalışır. O, həmin elmi-tədqiqat müəssisəsində laboratoriya müdiri vəzifəsini tutur. Ailəlidir, iki övladı var.

# 8151
avatar

Aytəkin Cəlali

Oxşar yazılar