Sabiq Baş nazir  Fuad Quliyev
24 may 2021 13:50 (UTC +04:00)

Sabiq Baş nazir Fuad Quliyev

Fuad Quliyev haradadır? – UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar ki, qibtə belə edirdilər. Amma indi… İndi isə unudulanlar siyahısındadılar. Onlardan bəziləri xaricdə yaşayır. İndi də iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini təqdim edir.

Etiraf edək ki, F.Quliyevi cəmiyyətdə çoxları tanımır. Amma Azərbaycan Respublikasının dövlət və təsərrüfat xadimlərindən söz düşdükdə adı hörmətlə çəkilənlərdən biri Fuad Quliyevdir.

Elə isə gəlin onu sizlə tanış edək.

Fuad Xəlil oğlu Quliyev 1941-ci il iyulun 6-da Bakı şəhərində qulluqçu ailəsində anadan olub. O, 1948-ci ildə Bakı şəhərindəki 160 saylı orta məktəbin birinci sinfinə gedib və 1958-ci ildə həmin məktəbi müvəffəqiyyətlə bitirib.

Gənc Fuad mühəndis olmaq məqsədilə sənədlərini 1958-ci ildə M.Əzizbəyov adına Azərbaycan Neft və Kimya İnstitutuna verib. O, imtahanları müvəffəqiyyətlə verib institutun neft-mexanika fakültəsinə daxil olub. 1963-cü ildə institutu bitirib mühəndis-mexanik ixtisası alıb.

1963-cü ildə təyinatla Belarusiya SSR-in Kriçev sement-şifer kombinatına göndərilir. O, 1963-1965-ci illərdə Kriçev sement-şifer kombinatında sex mexaniki vəzifəsində işləmiş və kombinatda işin ahəngdarlığını artırmaq məqsədilə bir sıra səmərəli təkliflər irəli sürülüb.

1965-ci ildə Bakıya qayıdan F.Quliyev Elmi-Tədqiqat Neftmaşınqayırma İnstitutunda işə girir. 1965-1973-cü illərdə həmin institutda əvvəl kiçik, sonra isə böyük elmi işçi vəzifələrində çalışmış və neft quyuları üçün avadanlıqların, alətlərin, aqreqatların layihələşdirilməsi və s. aparılan elmi-tədqiqat işlərində yaxından iştirak edib.

1973-1977-ci illərdə F.Quliyev Bakı kondisioneri Elm-İstehsalat Birliyində konstruktor bürosunun xüsusi texnoloji qurğuların konstruktorlaşdırılması şöbəsinin müdiri, bu büronun baş mühəndisi, 1977-1982-ci illərdə isə Birliyin baş mühəndisi vəzifələrində çalışıb. F.Quliyev bu dövrdə Birlikdə özünü çalışqan, səmərəli təkliflər irəli sürən mütəxəssis və təşkilatçı kimi göstərir.

1982-ci ildə Fuad Quliyev Bakı Məişət Kondisionerlər zavodunun direktoru təyin edilir. F.Quliyev bu vəzifədə Birliyin müəssisələrində müxtəlif məişət kondisionerlərinin, mətbəx kombaynlarının, elektrik şirəçəkənlərin, elektrik mühərriklərinin və s. istehsal olunması sahəsində xeyli iş görüb.

Azərbaycanın ən böyük və müasir sənaye müəssisələrinin birinə başçılıq edən, artıq özünü istehsalata rəhbərlik etmək qabiliyyətinə malik olduğunu göstərən F.Quliyev 1994-1995-ci illərdə Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin tövsiyəsi ilə baş nazirin birinci müavini olmuş, baş nazir vəzifəsini icra edib. O, bu vəzifələrdə respublikanın xalq təsərrüfatının geriliyini aradan qaldırmaq, inflyasiyanın qarşısını almaq sahəsində xeyli iş görüb.

F.Quliyev 1995-ci ilin may ayından 1996-cı ilin iyul ayına kimi Azərbaycan Respublikasının baş naziri vəzifəsində çalışıb. O, bu vəzifəyə başladığı ilk gündən sənaye məhsullarının, xüsusən neft sənayesinin aşağı düşməsinin qarşısının alınması, iqtisadi böhranın aradan qaldırlıması, Azərbaycan neft sənayesinin və onunla bağlı sənaye sahələrinin təkmilləşdirilməsi, yeni-yeni texniki avadanlıqlarla təmin olunması, ümumiyyətlə, respublikanın düşdüyü ağır vəziyyətdən çıxarması üçün dünyanın bir çox ölkələrinin müxtəlif şirkət və iri sənaye müəssisələri ilə sazişlər, müqavilələr bağlanmasında yaxından iştirak edib.

1996-cı il iyulun 20-də Fuad Quliyev Azərbaycanın Baş naziri vəzifəsindən azad edilib.

Fuad Quliyev ixtisasca iqtisadçıdır. Sabiq Baş nazir hazırda Ukraynada yaşayır, bizneslə məşğuldu. Evlidir, iki övladı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 12285
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar