5 dil bilən keçmiş AMİP-çi, nazir və səfir -  UNUDULAN MƏMURLAR
01 noyabr 2021 20:15 (UTC +04:00)

5 dil bilən keçmiş AMİP-çi, nazir və səfir - UNUDULAN MƏMURLAR

Vaxtı ilə vəzifədə idilər. Hər kəs onları tanıyır və demək olar qibtə edirdilər. Amma indi…
İndi isə unudulanlar siyahısındadırlar. Onlardan bəziləri xaricdə yaşayır. Hazırda iş-güc sahibi olanlar da var. Amma bir çoxu təqaüdlə dolanır.

Lent.az vaxtilə yüksək dövlət vəzifələrində çalışan və hazırda unudulan sabiq məmurlarla bağlı layihəsini davam etdirir.

Layihəmizdə bu dəfə  Azərbaycanın sabiq xaric işlər naziri və  Macarıstandakı sabiq səfiri Vilayət Quliyevdən bəhs edəcəyik:

Vilayət Quliyev 1952-ci ildə noyabrın 5-də Ağcabədi rayonunda anadan olub. O, 1975-ci ildə Bakı Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. 1978-ci ildən mətbuatda çıxış etməyə başlayıb. “Vətən” cəmiyyəti idarə heyətinin, "Ulduz" jurnalı və "Elm" qəzeti redaksiya heyətlərinin üzvü, 1992-ci ildə isə “Millət”  qəzetinin baş redaktoru olub.
1982-ci ildə filologiya elmləri namizədi, 1990-cı ildən isə filologiya elmləri doktoru dərəcəsi alıb. 3 monoqrafiya və 300-dən çox məqalənin müəllifidir. 12-dən artıq kitabı çap olunub. 

Yaradıcılığının əsas istiqaməti Azərbaycan - Rusiya, İran, Türkiyə arasındakı 19-20 əsrlərdə mövcud olan ədəbi mühitin tədqiqi, tarixi və mədəni əlaqələrimizin təhlili təşkil edir.

1992-1993 illərdə Azərbaycan Milli İstiqlal Partiyası təşkilat komitəsinin və siyasi şuranın üzvü olub.

1996-cı ildə Azərbaycan Respublikası Milli Məclisinin deputatı seçilib. 1999-2004 –cü illərdə Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsində çalışıb. 2004-2010-cu illərdə V.Quliyev Azərbaycan Respublikasının Polşa Respublikasında, 2010-2021-ci illərdə isə Macarıstandakı səfiri olub.

23 iyul 2021-ci ildə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Macarıstan Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Sabiq səfir 1994-cü ildə Hacı Zeynalabdin adına Azərbaycan Milli mükafatına, 2019-cu ildə isə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb. 

Qeyd edək ki, Azərbaycanın dördüncü xarici işlər naziri Vilayət Quliyevin Şamil və Humay adında 2 övladı var. Onlardan biri Humay Quliyeva bu il mart ayının 14-də vəfat edib.  Vilayət Quliyev hazırda heç bir yerdə işləmir və yaradıcılıqla məşğuldur.

O, rus, türk, ərəb, ingilis və fars dillərini bilir.

# 12273
avatar

Aytəkin Cəlali

Oxşar yazılar