NASA nadir nailiyyətini elan etdi: Kosmik aparatı Günəşdən...
23 aprel 2021 07:11 (UTC +04:00)

NASA nadir nailiyyətini elan etdi: Kosmik aparatı Günəşdən...

NASA agentliyi kosmosun incələnməsi sahəsində əldə olunmuş nadir nailiyyətlərdən birini elan edib. 

Lent.az xəbər verir ki, əsas məqsədi Plutonun incələnməsi olmuş “New Horizons” kosmik aparatı artıq Günəşdən 50 astronomik vahid məsafəsində uzaqlaşıb. 

Beləliklə nəticə etibarilə New Horizons kosmik aparatı Günəşdən 7.5 milyard km məsafədə uzaqlaşıb. “New Horizons” bu cür nailiyyəti əldə etmiş 5-ci kosmik aparatdır. Günəşdən daha uzaq məsafədə yerləşən planetlərarası kosmik aparatlar isə Pioner-10, Pioner-11, Voyager-1 və Voyager-2-dir

“Uzaq məsafədə yerləşən bu cür başqa bir şeyi təsəvvür etmək çətindir. Bu məsafəni hiss etməyə imkan verən yeganə özəllik kosmik aparatın bizim təlimatlarımızı əldə etdiyini təsdiqləyən siqnalın bizə çatma müddətidir. “New Horizons” kosmosa göndərilən zaman bu siqnal demək olar dərhal bizə çatırdı. İndi isə bunun üçün 14 saat vaxt lazımdır” - deyə “New Horizons” missiyasının rəhbəri Alice Bowman bildirib.

Bu cür hadisəni qeyd etmək üçün “New Horizons” bir neçə müddət bundan öncə Koyper qurşağında Voyager-1 aparatının yerləşdiyi yerin fotosunu çəkmişdi. Təbii ki, çəkilmiş fotoda Voyager-1-i aydın şəkildə görmək mümkün deyil. Lakin NASA radiometrik müşahidə vasitəsilə onun məhz orda yerləşdiyini dəqiq bilir. 

Çəkiliş zamanı Voyager-1 aparatı New Horizons-dan 18 milyard km uzaqlıqda olub. Voyager-1 Günəşdən 152 astronomik vahid məsafəsində yerləşir. Bu isə təqribi olaraq 22.9 milyard km-dir. 19 yanvar 2006-cı ildə kosmosa göndərilmiş “New Horizons” dəfələrlə öz adını tarixə yazmağı bacarıb.

2007-ci ilin fevral ayında Yupiter ətrafında qravitasiya manevrindən istifadə edərək kosmik aparat öz sürətini saatda 58.500 km-ə çatdırmışdı (və ya saniyədə 16.25 km).

Bunun sayəsində “New Horizons” indiyənə kim insanlıq tərəfindən yaradılmış ən sürətli obyekt adını qazanmışdı. 2015-ci ilin iyul ayında kosmik aparat Pluton sisteminin ilk müşahidəsini uğurla reallaşdırmışdı. Daha sonra o, Koyper qurşağına tərəf yol aldı və 2019-cu ildə qurşağın obyektini müşahidə etmiş ilk aparat oldu. Belə ki, aparat Transneptun obyektlər sinifinə daxil olan Arrokoth adlı asteroidi müşahidə etmişdi. 

Hazırda isə “New Horizons” aparatı Koyper qurşağındakı müşahidələrinə davam edir. Bu ilin yay fəslində mütəxəssislər aparata yenilənmiş proqram təminatını göndərəcəklər və bunun sayəsində onun müşahidə imkanları daha da genişlənəcək. Kosmik aparatda olan nüvə batareyası 2030-cu illərin sonuna kimi aparatın stabil çalışmasına yardımçı olacaq.

Qeyd edək ki, 1 astronomik vahid Yer kürəsindən Günəşə qədər olan məsafəyə bərabərdir. Yer kürəsindən Günəşə qədər olan məsafə isə 149.597.870.700 km təşkil edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2757
avatar

Oxşar yazılar