NASA-nın hərəkət fizikası laboratoriyasının fizikləri yeni varp mühərrik konsepsiyasını təqdim ediblər.
Lent.az xəbər verir ki, fiziklərin təqdim etdikləri yeni konsepsiya fizika qanunlarını pozmadan işıq sürətindən daha tez hərəkət etməyi bacaran kosmik gəmi modelini təklif edir.
1960-cı illərdə insanlar “Star Trek” serialı vasitəsilə ilk dəfə varp mühərrik ilə tanış olmuşdular. Həmin serialda fantastik kosmik gəminin heyəti təyin edilmiş nöqtəyə maksimal tez bir zamanda çatırdılar. Bu nəzəri texnologiyanın məğzi işıq sürətindən daha sürətli hərəkət etməkdə deyil.
Bu texnologiyanın əsas məğzi zaman-məkanın elə dərəcədə sıxılmasıdır ki, təyin edilmiş nöqtəyə qısa yol ilə çatmaq mümkün olsun.
NASA-nın fizikləri olan Alexey Bobrick və Gianni Martire yeni növ varp mühərrik konsepsiyasını təqdim ediblər və onların sözlərinə görə gələcəkdə insanlar bu cür mühərriki yarada biləcəklər. Bu barədə Phys.org saytı xəbər verib. 20-ci əsrin sonunda Miguel Alcubierre adlı fizik Eynşteyn tənlikləri əsasında hazırlanmış ideyanı təklif etmişdi. Onun ideyasında, önündəki zaman-məkanı sıxan və daha sonra onu arxasında yenidən genişləndirən kosmik gəmi əks olunmuşdu. Bu üsul ilə kosmik gəmi çox qısa müddət ərzində uzun məsafələri qətt edə bilər.
Lakin bu cür mühərrik böyük həcmdə mənfi enerji qəbul etməli olardı. Bu isə öz növbəsində varp mühərrikin yaradılmasını mümkünsüz edir.
Alekey Bobrik və Gianni Martire isə zaman-məkanın sıxılması üçün mənfi enerjinin yerinə güclü qravitasiya gücündən istifadəni təklif ediblər. Əsas məqam ondan ibarətdir ki, planet ölçüsündə olan kütləni kosmik gəminin idarəolunan moduluna kimi sıxışdırmağın yolunu tapmaqdır. Daha sonra onun qravitasiyasından istifadə etmək olar. Hazırda bu cür mühərriki yaratmaq qeyri-mümkündür.
Alimlərin fikirlərinə əsasən, gələcəkdə insanlar bu cür inkişaf səviyyəsinə çata biləcəklər.