Tarixin ən hazırcavab saray təlxəyi – Krala sillə vurdu, edamdan xilas oldu
10 mart 2025 16:09 (UTC +04:00)

Tarixin ən hazırcavab saray təlxəyi – Krala sillə vurdu, edamdan xilas oldu

Orta əsirlərdə bütün kral saraylarında bir neçə formada təlxək var idi. Onların bəziləri musiqi ifa edir, bəziləri janqlyorluq edir, bəziləri isə aktyor səhnəcikləri qurmaqla hökmdarı və əyanlarını əyləndirirdi. Orta əsr Avropasında təlxəklər imtiyazlı sinif üçün mühüm sosial rol ifa edirdilər. Söz azadlığının olmadığına görə lordlar kralı tənqid edə bilmirdilər, kral isə lordları tənqid etməyi özünə sığışdırmırdı. Onların əvəzinə bu işi təlxəklər öz üslublarında görürdülər. Bu zaman təlxək sərhədi aşardısa, onu öldürməzdilər, başqa cür cəzalandırardılar. 

Lent.az tarixin ən hazırcavab, iti ağıla malik təlxəyi, Fransa kral sarayında xidmət etmiş Tribule haqda yazını təqdim edir.

Tribule (1479-1536) Fransa kralları XII Lüdovik və I Fransikin saray təlxəyi olub. Onun haqqında, xüsusən də həyatının ilk illəri ilə bağlı dövrümüzə məlumat çatmayıb. Onun əsil adının Le Ferrial olduğu məlumdur.

Tribule zarafatcıl, müasirlərinin xatirələrinə görə, çirkin olduğu qədər də müdrik və hazırcavab biri idi. Epitafiyada o, istedadlı rəssam, akrobat, mim, rəqqas, “söz adamı”, həm də orta səviyyəli musiqiçi kimi təsvir edilmişdir. Çox güman ki, o, 1515-ci ildə İtaliya yürüşü zamanı Kral I Fransiski müşayiət edib.

İllər keçdikcə Tribule lətifələrin, zarafatların və bir çox nağılların qəhrəmanına çevrildi, hətta Rabye və Viktor Hüqonun əsərlərinə personaj kimi girməyi bacardı və buna görə də saray təlxəyinin reallıq dərəcəsini müəyyən etmək o qədər də asan deyil. Tribule haqda ən maraqlı əhvalat təlxəyin görünməmiş cəsarətindən sonra yaranan qalmaqal idi: o, açıq şəkildə Fransa kral I Fransiskin ənsəsinə bir sillə vurmuşdu.

Adətən təlxəklərə hər şey bağışlanırdı, lakin bu dəfə kralın səbri tükəndi və o, Tribuleni edam etməklə hədələdi. Nəhayət, bir az sakitləşən Fransisk təlxəyə indiyə qədər etdiyindən daha təhqiramiz şəkildə üzr istəyə bilsə, onu bağışlayacağını deyir. Tribule isə buna belə cavab verdi: “Çox üzr istəyirəm, əlahəzrət, sizi tanımadım! Həmin an sizi kraliça kimi qəbul etdim!”.

Bir tərəfdən, monarxın arzusu tam yerinə yetirildi, lakin bundan bir gün əvvəl kral ölüm cəzası altında bütün təbəələrinə kraliçanı təhqir etməyi qadağan edən fərman vermişdi və buna görə də Tribule həmin fərmanla edam oluna bilərdi. Tribule cəlladın yanına gətirildir və Tribuleni edam etmək istəməyən Fransisk I ona nədən öləcəyini seçməyi təklif etdi.

Tribule yenə iti ağlını işə salır və cavab verir ki, qocalıqdan ölmək istəyir. Təlxəyin hazırcavablığına heyran olan kral onu əfv edir. Ancaq belə bir fikir var ki, əfvdən sonra Tribule Fransadan qovulub. İstənilən halda, edamdan xilas olan Tribule 1536-cı ildə 57 yaşında vəfat etdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 626

Oxşar yazılar