Rusiyalı zabitin oğlu necə Andorra kralı ola bildi? - MARAQLI
13 sentyabr 2024 20:15 (UTC +04:00)

Rusiyalı zabitin oğlu necə Andorra kralı ola bildi? - MARAQLI

Tarixdə özünü olmadığı şəxs kimi təqdim edən, reallıqdan uzaq lakin parıltılı tərcümeyi-halı ilə uğur qazanmış xeyli şəxs var. Daha çox avantürist adlandırılan belə şəxslər qısa müddətə olsa da ciddi uğurlar, hətta dövlətlərə rəhbərlik edəcək səviyyədə yüksəyə qalxırlar.
Lent.az bu dəfə belə avantürsitlərdən biri, Andorra knyazlığına 12 gün kral kimi rəhbərlik etmiş rusiyalı Boris Skosırev haqda yazımı təqdim edir.

1896-cı ilin iyun ayında Rusiya İmperiyasının Vilno şəhərində (indiki Litva paytaxtı Vilnüs) Çar ordusunun ehtiyatda olan zabiti, Sankt-Peterburqda ticarətlə məşğul olan Mixail Mixayloviç Skosırev və həyat yoldaşı Elizaveta Dmitriyevnanın ailəsində Boris adlı oğlan dünyaya gəldi. 


Borisin uşaqlığı və gəncliyi haqqında detallı bilgilər olmsa da, onun çox yaxşı təhsil aldığını güman etmək olar. Belə ki, onun sonralar həyata keçirdiyi hiylə dolu kombinasiyalar hazırlıqsız bir insanın bacara biləcəyi işlərdən deyildi. 
Birinci Dünya müharibəsi illərində 28 yaşlı Skosırev Çar qoşunlarına kömək etmək üçün Rusiyaya göndərilən ingilis zirehli divizionuna təyinat alır. Bu təyinat ona 1917-ci ildə Çar hakimiyyətinin devrilməsi və ardınca, bolşeviklərin hakimiyyəti ələ almasından sonra qanuni yolla İngiltərəyə köçməsinə imkan verir. Qaçqın statusu ilə Londonda dolanmaq Skosırev üçün çətin idi, eyni zamanda o öz zəhməti hesabına pul qazanmaqda da maraqlı deyildi. Buna görə Skosırev tezliklə bank çeklərini saxtalaşdırdığına görə Britaniya həbsxanasına göndərilir.
Ancaq İngiltərə Xarici İşlər Nazirliyinin rəsmisinin güvənini qazanaraq ona Rusiyadakı geniş əlaqələrindən danışır. Diplomatı öz dediklərinə inandıran rusiyalı avantürist  həbsdən çıxmağa nail olur. Bu dəfə o, Hollandiyaya köçür və burada vətəndaşlıq alır. 


Tezliklə Boris Hollandiya taxt-tacı qarşısında xidmətlərinə görə "Qraf Oranski"titulunu aldığını elan edir. 
Təəccüblüdür ki, o dövrdə Skosırevi bu yalanına görə ifşa edə bilmədilər, baxmayaraq ki, Hollandiya polisinin sənədlərində o, "beynəlxalq dərəcəli fırıldaqçı"kimi keçirdi. Skosırev zövqlə geyinməyi bacaran, bir neçə xarici dildə danışan, siyasətdən xəbədar və həmsöhbəti ilə istənilən mövzuda söhbət etməyi bacaran biri idi. Boris Skosırev qısa zamanda bir neçə sevgili dəyişiri, az qala İspaniyada həbsxanaya düşür, ardınca isə avtomobil maqnatının keçmiş həyat yoldaşı Florens Marmonla evlənir. Varlı qadının pulu Skosırevə Kolumbiyada öz adına ticarət şirkəti qurmağa imkan verdi.

İspaniya və Fransa arasında səyahət edərkən avantüristin diqqətini 1930-cu illərdə Avropanın ən kasıb ölkələrindən biri olan kiçik Andorra cəlb edir. Skosırev bu cırtdan ölkənin taxtını tutmağa qərar verir.

1990-cı illərin əvvəllərinə qədər Fransanın başçısı və Kataloniya yepiskopu Andorranın hökmdarları hesab olunurdu və onlara illik xərac verilirdi. Amma bu amil rusiyalı avantüristi qorxutmurdu. Andorranın ərazisini və Skosırevin ünsiyyətcilliyini nəzərə aldıqda, qısa zamanda onu Andorrada hər kəs tanıyırdı.

Bundan sonra Skosırev Andorra Dövlər Şurasına dövləti firavanlığa aparacaq islahatlar planını təqdim edir. Qısaca plan iri xarici şirkətlərin və imkanlı şəxslərin marağını cəlb edəcək güzəştli vergi sisteminin yaradılmasından ibarət idi. Bunun müqabilində Boris Skosırev onu sadəcə olaraq dövlət başçısı etməyi xahiş edirdi.
Dövlət Şurası bu cür “müdaxiləni” qəbuledilməz hesab edir və Skosırevə Andorranı tərk etməyi göstəriş verir. Dövlətin ölçüsünü nəzərə alaraq, Boris sözün həqiqi mənasında Andorradan bir neçə kilometr uzaqlaşır və arvadının pulunu səxavətlə reklama xərcləyərək ictimai rəyi manipulyasiya etməyə davam edir.
7 iyul 1934-cü ildə Skosırev və həyat yoldaşı "qeyri-qanuni" Andorraya gəlir və yenidən öz inkişaf planını təklif edir. Və bu dəfə ölkədəki böhranlardan yorulmuş Ali Şura 23 lehinə, bir əleyhinə səslə Skosırevin şərtlərini qəbul edir. Rus məmurunun oğlu özünü Andorra Kralı Birinci Boris elan edir.
Təəccüblüdür ki, baş verənlər nə fransızlar, nə də ispanlar operativ reaksiya verir. Yeni monarxın iqtisadi təklifləri sağlam görünürdü, lakin Urhell yepiskopu Andorrada qumar zonasının yaradılması ideyasını bəyənmir.
Skosırev katalon din xadimi ilə mübahisə etməsəydi, kim bilir, bundan sonra nə baş verərdi. Lakin Boris qəfildən müharibə elan etmək qərarına gəlir.
Bundan xəbər tutan yepiskop Andorraya 5 jandarm göndərir, onlar "kralın" tərəfdarlarını bir güllə də atmadan zərərsizləşdirir, sonra isə “kral”     Skosırevi Barselonaya, ardınca isə Madridə aparır.

İspan müstəntiqləri araşdırmanın iplərini qısa zamanda itirir. “Qraf Oranski” heç də qraf olmadığını, bolşeviklərdən qaçan Çar zabiti olduğunu bildirir. Amma ən əsası, ona hakimiyyəti zorla qəsb etmək ittihamını irəli sürmək mümkün deyildi. Formal olaraq hər şeyi qanun çərçivəsində edilmişdi. Nəticədə, İspanioya məhkəməsi 1934-cü il oktyabrın 31-də onu yalnız sərhədi qanunsuz keçməkdə ittiham edərək 1 il müddətinə azadlıqdan məhrum edir. Cəzasını çəkdikdən sonra Skosırev Portuqaliyaya deportasiya edilir.
Skosırev orada da əlaqələr qurur, "Andorra kralı olması ilə bağlı xatirələrini danışır və planlarını tam həyata keçirə bilmədiyi üçün təəssüfünü bildirir.
Boris Skosırev nəhayət pasport ala bilir və həyat yoldaşının yaşadığı Fransaya gedir. Marsel limanında onu barəsində məlumatlı olan Fransa polis qarşılayır və yenidən həbsə atır.
Ancaq "kral" polisi hədələməyə başlayır ki, Portuqaliyanın rəhbəri "Doktor Salazar" onun müdafiəsinə qalxacaq. Polis buna inanmır, amma tezliklə diplomatik kanallar vasitəsilə məhbusun azad edilməsi tələbi gəlir.
Sonralar Skosırev dəfələrlə həbs olunur və 1938-ci ildə Fransada İspaniyadakı respublikaçıların tərəfdarı damğası altında "arzuolunmaz elementlərin" saxlandığı bir düşərgəyə göndərilir. Fransanın işğalından sonra o, alman düşərgəsinə düşür. 1942-ci ildə almanları onu tərcüməçi kimi işə götürməyə razı sala bilir və buna görə faşistlərin məğlubiyyətindən sonra təqiblərə məruz qalır.
Skosırevin sonralar dediyinə görə, o, Hitler Almaniyasının məğlubiyyətindən sonra 1945-ci ildə sovet işğalı zonasında saxlanılır və nasistlərlə işbirliyinə görə düşərgələrdə 25 il cəza alır. Sibir düşərgələrində on il keçirdikdən sonra Xruşşovun elan etdiyi amnistiya ilə azad edilir və xaricə gedir.
Boris Skosırev Almaniyada məskunlaşır və sadə vətəndaş kimi ömür sürür.  Ömrünün son çağlarında o iddia edirdi ki, Andorra son nəticədə onun ideyaları sayəsində tərəqqiyə nail oldu, lakin ona heç bir qiymət verilmədi.
12 gün taxtda oturmuş "monarx" 1988-ci ildə 92 yaşına qədər xoşbəxt yaşadı və Almaniyanın kiçik Boppard şəhərinin qəbiristanlığında dəfn edildi.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 5997
avatar

Oxşar yazılar