Türkiyə Cümhuriyyətinin banisi Mustafa Kamal Atatürk 57 illik həyatında bir çox önəmli proseslərə, hadisələrə imza atan siyasəçi olub. Onun yəhudi xalqına da böyük yardım göstərdiyi məlumdur.
Lent.az məşhur alim, Fizika üzrə Nobel mükafatı laureatı Albert Eynşteynin Mustafa Kamal Atatürkə məktubunu xatırladır.
Ötən əsrin 30-cu illərində Almaniyada hakimiyyətdə olan Nasional-Sosialist Partiyası və onun lideri Adolf Hitler ölkədə yaşayan yəhudi mənşəli vətəndaşlara qarşı milli zəmində ayrı-seçkilik etməyə, onların hüquqlarını məhdudlaşdırmağa başladı.
Məhz bu məqamda İsveçrə yəhudilərinin "Yəhudi Sakinlərin Rifahının Qorunması Uğrunda OSE İcmalar İttifaqı" təşkilatı 1933-cü ilin sentyabrında Türkiyəyə yardım məktubu göndərdi.
Məktubda Almaniyada yaşayan, təqiblərə məruz qalan yəhudi mənşəli tanınmış alim və ictimai xadimlərə Türkiyədə sığınacaq verilməsi istənilirdi. Məktubu OSE təşkilatının fəxri prezidenti Albert Eynşteyn yazmışdı.
"Möhtərəm zati-ailələləri, Sizə müraciət edərək Almaniyadan 40 professor və doktorun öz elmi və tibbi fəaliyyətini Türkiyədə davam etdirməsi üçün sizdən xahiş edirəm. Bu gün Almaniyada mövcud olan qanunlar yuxarıda adı çəkilən fəaliyyətləri mümkünsüz edib. Həmin insanların mütləq əksəriyyəti böyük təcrübəyə, biliyə və elmi nailiyyətlərə malikdir. Ölkəmizə gəlib, böyük fayda verə bilərlər. Xahişimizə müsbət cavab verməklə, sizin hökumətiniz yalnız böyük humanizm aktı göstərməyəcək, həm də öz ölkənizə böyük fayda vermiş olacaqsınız" , - deyə Eynşteyn məktubda yazırdı.
Məktub Türkiyənin o zamankı baş naziri İsmət İnönünün adına yazılmışdı. Yəhudi alimlərə icazə müəyyən prosedurlardan sonra prezident Mustafa Kamal Atatürk tərəfindən şəxsən verilmişdi. Eynşteynin söz verdiyi kimi, Almaniyadan gələn yəhudi alimlər qaçqın kimi gəldikləri Türkiyədə ölkənin təhsil sisteminin modernləşdirilməsinə, sosial və elm sahəsinə böyük töhfə verdilər. İkinci Dünya Müharibəsi başa çatdıqdan sonra onların əksəriyyəti ABŞ və digər Qərb ölkələrinə köçdü.
Amerikalı professor Arnold Reismanın fikrincə, Atatürkün jesti həmin 40 alimi labüd ölümdən xilas edib, həmçinin, Türkiyənin inkişafı üçün də faydalı addım olub.
Sürgündə olan almandilli alimlərin tarixini tədqiq edən amerikalı professor Reisman “Türkiyənin modernləşdirilməsi” adlı kitabında bu məqama toxunub:
“Amerika universitetlərində və xəstəxanalarındakı antisemitizmə görə çoxsaylı yəhudilər ABŞ-a gedə bilmədi. ABŞ Dövlət Departamentinin avropalı yəhudilərə viza verilməsinə az maraq göstərməsi, Türkiyəyə isə bu insanların malik olduğu beyin və bacarıq axınına ehtiyacı olması bu problemləri daha da ağırlaşdırdı... Və onların həyatları ona görə xilas oldu ki, məhz o vaxt Türkiyə Osmanlı İmperiyasının ağır qalıqlarını atmağa çalışır, öz cəmiyyətini, mədəniyyətini, həyat tərzini və ali təhsil sistemini müasirləşdirirdi”.
Hazırda həmin tarixi məktub Avropa Yəhudi Kitabxanasında yerləşir. Kitabxana Brüsseldə Aİ bina kompleksində yerləşir. O, keçmiş AB komissarı Leon Qordon tərəfindən həyat yoldaşı Marinin xatirəsinə təsis edilib və 2005-ci ildə açılıb. Onun kolleksiyasında bu gün Avropa İttifaqının bütün dillərində 3 mindən çox kitab var.