Bu gün Krım tatarlarının  sürgününün 81-ci ili tamam olur
18 may 2025 12:57 (UTC +04:00)

Bu gün Krım tatarlarının sürgününün 81-ci ili tamam olur

Krım Tatar Türkləri, Sovet İttifaqının lideri İosif Stalinin qərarı ilə 18 may gecəsi cəmi 15 dəqiqə ərzində doğma yurdlarından qoparılaraq, qeyri-insani şəraitdəki yük vaqonlarında Orta Asiyaya sürgün edildilər.

Lent.az xəbər verir ki, bu barədə “TRT Haber”-də geniş məlumat dərc edilib.

Bu gün Krım Tatar Sürgününün 81-ci ildönümüdür...

Krım tatar türklərini yox etmə siyasəti

Rusiya çariçası II Yekaterinanın Krım tatar türklərini məhv etməyə yönəlmiş siyasəti ilə başlayan sürgünlər Sovet İttifaqı dövründə ənənəvi olaraq daha da gücləndirildi. Rusiya bu siyasətləri fərqli üsullarla davam etdirdi. Krımın Osmanlı imperiyasının nəzarətindən çıxmasından sonra Krım tatar türklərinin faciəsi heç vaxt bitmədi. Anadolu sürgün edilmiş Krım türklərinin ilk ünvanı oldu. Rus çarlığının təzyiqləri səbəbilə bir çox Krım tatarı Osmanlı imperiyasına sığındı.

II Dünya Müharibəsində Krım tatarlarına təzyiqlər başladı

İkinci Dünya Müharibəsinin başlamasından bir müddət sonra Krım yarımadasını itirən Sovet Rusiyası, bu ərazini Almaniyadan geri aldıqdan sonra Krım tatarlarına qarşı təzyiqlərə başladı. Almaniya ilə əməkdaşlıqda ittiham edilən Krım türklərinə qarşı bu uydurma səbəblərlə yeni bir sürgün dalğası baş verdi. Sovet lideri Stalinin imzaladığı gizli qərarla Krım tatarlarının Orta Asiyanın müxtəlif bölgələrinə sürgün edilməsinə qərar verildi.

15 dəqiqəyə yataqlarından qaldırıldılar

Stalinin qərarı 1944-cü ilin 18 may gecəsi qüvvəyə mindi. Bu qərardan sonra təxminən 250 min nəfər Krım Tatarı – əsasən qadınlar, uşaqlar və yaşlılar – cəmi 15 dəqiqə içində heyvan daşınan vaqonlara yığıldı və susuz, aclıq içində, qeyri-insani şəraitdə üç gün ərzində Orta Asiyaya sürgün edildi. Bu vaqonlarda ən az 150 min insan aclıqdan, susuzluqdan, xəstəliklərdən və sərt hava şəraitindən həyatını itirdi. Sürgün olunduqları yerlərdə yaşayış və sığınacaq imkanları olmayan Krım Türkləri vətən həsrəti və acısı ilə yaşadı və vətən mübarizəsinə sarıldı.

Sovet İttifaqının Daxili İşlər Xalq Komissarlığı bu sürgün üçün 32 min nəfərlik təhlükəsizlik qüvvəsi cəlb etmişdi.

Krım 2014-cü ildə qanunsuz ilhaq edildi

Stalindən sonra Ukrayna Sovet Sosialist Respublikasına “hədiyyə edilən” Krım, 2014-cü ildə Rusiya tərəfindən qanunsuz şəkildə ilhaq edildi.

II Yekaterina dövründən bu yana vətənlərində qalmaq uğrunda mübarizə aparan Krım tatarlarının bu günkü lideri Mustafa Abdülcəmil Kırımoğlu və Krım davasının önəmli simaları bu gün doğma torpaqlarından sürgün edilib. Başda Kırımoğlu olmaqla bir çox şəxsə Rusiya tərəfindən Krıma giriş qadağası qoyulub.

Təkcə şəxslərə deyil, Krım tatarlarının iradəsini təmsil edən Krım Tatar Milli Məclisi də Rusiya məhkəməsi tərəfindən “ekstremist təşkilat” elan edilərək fəaliyyətləri dayandırılıb.

Krım Tatarları vətənlərindən uzaqda

Rusiyanın yarımadanı qanunsuz ilhaq etməsindən sonra bir çox Krım tatarı doğma yurdunu tərk etmək məcburiyyətində qalıb.

Bu mübarizəni beynəlxalq aləmdə diplomatik şəkildə davam etdirən Ukraynadakı Krım Tatarları indi də Rusiyanın Ukraynada başlatdığı müharibə səbəbilə təhlükə altındadır. Rus ordusunun hücumlarından qorxan bir çox Krım Tatar Türkləri yenidən ölkələrini tərk edərək, əsasən Türkiyəyə və digər ölkələrə sığınmaq məcburiyyətində qalıblar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 308

Oxşar yazılar