Əgər müəyyən insanlarla ünsiyyətdən sonra yorğunluq, boşluq və ya əsəbilik hiss edirsinizsə – bu o deməkdir ki, həmin əlaqələri bitirməyin vaxtı çatıb. Zəhərli insanlardan özünüzü qorumaq eqoizm deyil, əksinə, bu sizin psixi və emosional sağlamlığınızı qorumaq üçün vacib addımdır. Hərçənd bəzən bu əlaqələri kəsmək çətin ola bilər – xüsusilə əgər söhbət iş yoldaşları və ya qohumlardan gedirsə – psixoloqlar buna baxmayaraq bu addımı atmağı tövsiyə edirlər.
Lent.az bu prosesi necə düzgün həyata keçirmək barədə tövsiyələri sizə təqdim edir:
Psixoloqlardan zəhərli insanlarla münasibətləri kəsməyin yolları:
1. Hər insan ömrünüzdə qalmalı deyil
Vaxtilə sizə sevinc bəxş edən biri zamanla enerjinizi çəkən insana çevrilə bilər. Bu isə həmin münasibətin artıq öz müddətini doldurduğunun göstəricisidir. Belə bağları kəsməklə siz özünüzü emosional tükənmədən və mənfi təsirdən qorumuş olursunuz.
2. Ünsiyyətdən sonra hiss etdiklərinizə diqqət yetirin
Əgər kiminsə ilə söhbətdən sonra özünüzü ruhdan düşmüş, yorğun hiss edirsinizsə və danışıq yalnız onların problemləri ətrafında fırlanırsa, bu əlaqəni məhdudlaşdırmaq lazımdır. Bu cür münasibətlər sizə fayda verməyəcək, əksinə sizi daxildən yıxacaq.
3. Aydın şəxsi sərhədlər qoyun
Bəzən insanlar sizin vaxtınızı və enerjinizi nə qədər istismar etdiklərinin fərqində olmurlar. Odur ki, nəyin sizin üçün qəbuledilən, nəyin isə yolverilməz olduğunu açıq şəkildə bildirin.
Əgər biri bu sərhədləri pozursa – ona aydın şəkildə bunu bildirmək vacibdir. Tədqiqatlar göstərir ki, şəxsi sərhədlərini qoruya bilməyən insanlar stresə və emosional tükənməyə daha çox məruz qalırlar. Öyrənin ki, sizi narahat edən, sizə uyğun gəlməyən tələblərə “yox” demək hüququnuz var.
4. Günahkarlıq hissindən qurtulun
Zəhərli insanlarla münasibətləri kəsərkən sizdə günahkarlıq hissi yarana bilər. Amma başa düşmək lazımdır ki, emosional rifahınız üçün qayğı göstərmək sizin haqqınızdır. Öz ehtiyaclarınızı ödəmək vicdan əzabı doğurmamalıdır.
5. Sizi sevindirən insanlarla ünsiyyətdə olun
Öz həyatınızı sizi ilhamlandıran və dəstəkləyən insanlarla doldurun. Sizə enerji verən insanlarla daha çox vaxt keçirdikcə, enerji alanları təbii şəkildə azalacaq. Özünüzə icazə verin ki, sizi müsbət emosiyalarla dolduran insanlarla əhatə olunasınız — beləliklə zəhərli əlaqələr tədricən yox olacaq.