Bir sıra fənlər üzrə təhsilalanların biliyinin yekun qiymətləndirilməsi (attestasiyası) üçün Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən buraxılış imtahanı keçirilir. Bu barədə Lent.az-a Komissiyadan məlumat verilib. Buraxılış imtahanı ana dili (Azərbaycan bölməsinin şagirdləri üçün - Azərbaycan dili, rus bölməsinin şagirdləri üçün - rus dili fənni) və riyaziyyat fənləri üzrə Tələbə Qəbulu üzrə Dövlət Komissiyası tərəfindən mərkəzləşdirilmiş qaydada keçirilir. Şagirdlərə hər bir fənn üzrə 30, ümumilikdə 60 test tapşırığı təqdim edilir. Bundan əlavə, şagirdlər təqdim edilmiş mövzu üzrə yazı işi yerinə yetirirlər. İmtahanın müddəti 2 saatdır. Test tapşırıqlarının yerinə yetirilməsinə 1 saat 30 dəqiqə, yazı işinin yerinə yetirilməsinə 30 dəqiqə vaxt ayrılır.
Buraxılış imtahanında Ana dili fənni üzrə təqdim olunan mövzular müəyyən edilərkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları)“nda Ana dili fənni üzrə müəyyənləşdirilmiş məzmun standartları (ümumtəhsil məktəblərinin tədris prosesində şagirdlərin yiyələnməli olduqları, ünsiyyət prosesinin əsasını təşkil edən yazılı nitq bacarığı və vərdişləri) əsas götürülüb.
Yazı işi yerinə yetirərkən təhsilalan aşağıdakı yazılı nitq bacarığı və vərdişlərini nümayiş etdirməlidir:
- verilmiş mövzuya uyğun müxtəlif xarakterli və formalı mətnlər yazmaq;
- dil vahidlərindən məqsədyönlü istifadə etməklə, müxtəlif yanaşmalara və şəxsi düşüncələrə istinadən müxtəlif formalı rabitəli mətnlər qurmaq və təqdim etmək;
- ədəbi nümunələrlə bağlı fikirlərini ifadə etmək üçün müvafiq yazı forması seçmək;
- topladığı materialları ümumiləşdirmək, fikirlərini ədəbi dilin normalarına uyğun, yazılı formada ifadə etmək, yaradıcı yazılar, təsviri, mühakimə xarakterli mətnlər (inşa, esse, hekayə və təəssürat xarakterli yazılar və s.) qurmaq;
- nitqin müxtəlif üslub və tiplərində mətnlər qurmaq;
- mənbələrdən istifadə etməklə ayrı-ayrı mövzularda yaradıcı yazılar yazmaq;
- müxtəlif ədəbi mövzularda referatlar, təqdimatlar hazırlamaq;
- verilmiş mövzunu tərkib hissələrinə (giriş, əsas hissə, nəticə) ayırmaqla məntiqi ardıcıllığa riayət etmək;
- fərdi təəssüratların ifadəsində bədii ifadə və bədii təsvir vasitələrindən istifadə etmək;
- öz fikirlərini, hiss və düşüncələrini anlaşıqlı, rabitəli, aydın və yığcam şəkildə yazılı ifadə etməyi bacarmaq, ədəbi dilin normalarına (orfoqrafik, leksik, qrammatik) əməl etmək;
- mövzunu ümumiləşdirmək və nəticə çıxartmaq qabiliyyətini nümayiş etdirmək;
- mövzunun tələblərinə uyğun olaraq müxtəlif fakt və sitatlardan istifadə etməklə öz baxışlarını əsaslandırmaq;
- söz ehtiyatının zəngin olduğunu nümayiş etdirmək;
- ədəbi dilin üslubi imkanlarından istifadə etməyi bacarmaq;
- köhnəlmiş sözlərdən, dialekt sözlərindən, varvarizm və vulqarizmlərdən istifadəyə yol verməmək;
- ölkəsinin ədəbiyyatı, tarixi, mədəniyyəti, incəsənəti, görkəmli şəxsiyyətləri barədə müvafiq məlumatlara malik olduğunu nümayiş etdirmək;
- ictimai həyatda baş verən hadisələrə və sosial-mədəni sahələrdəki yeniliklərə yaş səviyyəsinə uyğun olaraq münasibət bildirmək;
- müvafiq normativ hüquqi sənədlərdə təsbit olunmuş insan hüquq və azadlıqlarına dair müddəaların mahiyyətini konkret tarixi hadisələrin, faktların, ədəbi əsərlərin nümunəsində şərh etmək.
Təhsialanların yazacaqları inşaya (esseyə) qoyulan tələblər haqqında
Ümumi orta və tam orta təhsil səviyyələri üzrə buraxılış imtahanlarında təhsilalanlara təklif olunan mövzu üzrə Azərbaycan və ya rus dilində inşa (esse) yazması tələb olunur. Təhsilalanlara müstəqil mühakimə yürütmək bacarığını nümayiş etdirməyə imkan verən ictimai, iqtisadi və mədəni həyata aid hadisə və proseslər, təhsil, peşə seçimi, ətraf mühit, mənəvi dəyərlər, eləcə də respublikamız və görkəmli şəxsiyyətlərimiz haqqında mövzular təklif olunur.
İnşanı (esseni) yazarkən şagird:
- mövzunu tərkib hissələrinə ayırmalı;
- tərkib hissələri (giriş, əsas hissə və nəticə) üzrə ardıcıl yazmaqla mövzunu açmalı;
- müxtəlif fakt və sitatlardan istifadəyə üstünlük verməli;
- fərdi təəssüratların ifadəsində mühakimə, təsvir və ya təhkiyəyə üstünlük verməli;
- öz fikirlərini anlaşıqlı, rabitəli və aydın surətdə ifadə etməyi bacarmalı, ədəbi dilin normalarına (orfoqrafik, leksik, qrammatik), durğu işarələrinin işlənməsi qaydalarına əməl etməli;
- mövzunu ümumiləşdirmək və məntiqi nəticə çıxarmaq qabiliyyətini nümayiş etdirməli;
- mövzunun tələblərinə uyğun olaraq öz baxışlarını əsaslandırmağı bacarmalı, söz ehtiyatı zəngin olmalı;
- dilin üslubi imkanlarından istifadə etməyi bacarmalı;
- dialekt sözlərindən, arxaizm, varvarizm, vulqarizm və köhnəlmiş sözlərdən yersiz istifadəyə yol verməməli;
- səliqəli və aydın xətlə yazılmalıdır.
Yazı işi şagirdin oxuduğu bölmədən asılı olaraq Azərbaycan dili və ya rus dilində yerinə yetirilməlidir. Yazı işi şagirdin qiymətləndirilməsi zamanı mübahisəli hallar yarandıqda qiymətləndirilir və ondan əlavə meyar kimi istifadə edilir.
Qiymət həm məzmunu, həm də yazı savadını nəzərə almaqla verilir. Yazı işi aşağıdakı meyarlara görə “məqbul” və ya “qeyri-məqbul” qiymətlə qiymətləndirilir:
- verilmiş mövzunun başa düşülməsi;
- yazıda əks etdirilən materialların, fakt, hadisə və sitatların dəqiqliyi;
- məntiqi ardıcıllıq, abzaslararası qrammatik rabitə, fakt və hadisələri təhliletmə qabiliyyəti, mövzunun açılma səviyyəsi;
- şagirdin mövzuya özünəməxsus yanaşması, öz fikrini ifadə etmək bacarığı;
- fikirlərin yığcam, aydın və anlaşıqlı ifadə olunması;
- mühakimələrin və fikirlərin inandırıcılığı;
- yazı işinin ədəbi dilin normalarına, üslubun tələblərinə və durğu işarələrinin işlədilməsi qaydalarına riayət etməklə tərtib olunması.
- “Məqbul” qiyməti mövzunun qənaətbəxş səviyyədə əhatə olunduğu yazılara verilir. Belə yazılarda şagird fikirlərini aydın və rabitəli surətdə ifadə etməlidir. Yazı işi səlis ədəbi dildə yazılmalı, müvafiq üslubun tələblərinə uyğun olmalıdır. Yazıda 3-5 fakt yanlışlığı, bir o qədər də orfoqrafiya, durğu işarəsi və qrammatik səpkili səhvlər ola bilər.
- “Qeyri-məqbul” qiyməti mövzunun zəif açıldığı və ya heç açılmadığı, yazının hissələri arasında məntiqi əlaqənin pozulduğu, çoxlu nitq və üslub səhvləri olan yazılara verilir.