Təhsil Nazirliyi Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının ümumtəhsil məktəblərinin 4-cü sinifləri üçün istifadədə olan dərsliklərə dair yekun rəyinə cavab göndərib. Bu barədə Lent.az-a TQDK-nın mətbuat xidmətindən məlumat verilib. Nazirliyin IV sinif üzrə 13 dərsliklə bağlı göndərdiyi cavablar 2 hissədən ibarətdir ki, birinci hissədə TQDK-nın qeydləri, ikinci hissədə isə nazirliyin ona cavabı qeyd olunub. Təhsil Nazirliyinin “Azərbaycan dili 4” və “Həyat bilgisi 4” dərsliyinə göndərdiyi cavabda yekun rəydə göstərilmiş iradlara münasibət bildirilib.
“Azərbaycan dili 4” dərsliyi üzrə verilən cavabda qeyd olunub ki, TQDK-nın rəyində qeydlər nömrələnməyib, iradlar qoyulmuş meyarlar üzrə düzgün qruplaşdırılmayıb. Nazirlik tərəfindən bəzi iradlar əsassız hesab edilsə də bəzi fikirlər qəbul edilib. Daha sonra bildirilir ki, “Riyaziyyat 4” dərsliyi üzrə “Standartların əks olunması baxımından” başlığında verilən rəydə 20 standartın formalaşdırılmadığı barədə qeyd edilən bütün iradlar əsassızdır.
TQDK “Həyat bilgisi 4” dərsliyi ilə bağlı verilən rəylərə cavab olaraq bildirir ki, kurrikulum əsasında hazırlanan dərslikdə forzas yoxdur: “Sizin forzas adlandırdığınız kitabın cildinin 2-ci səhifəsidir. Gerbin təsvirinə gəldikdə isə onun çapı tam tələblər səviyyəsində icra olunub. “Həyat bilgisi-4” dərslik komplekti kurrikuluma əsasən hazırlanıb. Dərslikdə və müəllim üçün vəsaitdə, iş dəftərində təqdim edilən məlumat, suallar və tapşırıqlar sistemli şəkildə şagirdlərdə bilik, bacarıq, vərdiş və dəyərləri praktiki cəhətdən formalaşdırmağa tam imkan yaradır və yalnız rəydə göstərilən bəzi redaktə və korrektura xətaları nəzərə alınmalıdır.