Quba hadisələrində təqsirləndirilən bir qrup şəxs məhkəmədə son söz deyib
13 dekabr 2012 19:43 (UTC +04:00)

Quba hadisələrində təqsirləndirilən bir qrup şəxs məhkəmədə son söz deyib

 

 APA-nın şimal bürosunun xəbərinə görə, hakim Etibar Quliyevin sədrliyi ilə keçirilən məhkəmə prosesində təqsirləndirilən şəxslər son söz deyiblər. Onlar məhkəmədən bağışlanmalarını istəyiblər.

Proses dekabrın 14-də davam etdiriləcək.

Qeyd edək ki, bu ilin martın 1-də Quba şəhərində baş verən hadisələrə görə tutulan Qəribov Tapdıq Tacı oğlu, Fayizi Səxavət Ağahüseyn oğlu, Yunusov Xəyyam Sahib oğlu, Ələsgərov Niyaməddin Nurəddin oğlu, İlyasov Rəşad Tahir oğlu, Məhərrəmov Elgün Nadir oğlu, Qəribov Bəhruz Qəribbaba oğlu, Nəcəfi Ələkbər Zülfüqar oğlu və Mürşüdov Rafiq Vahid oğlu Cinayət Məcəlləsinin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə (yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə təqsirli bilinirlər.

Prokuror məhkəmədən Fayizi Səxavət Ağahüseyn oğlunun 6 il, təqsirləndirilən digər 8 nəfərin isə 5 il müddətində azadlıqdan məhrum edilməsini istəyib.

Bu gün Quba Rayon Məhkəməsində Fizuli Pənahovun sədrliyi ilə Quba hadisələrində təqsirləndirilən 7 nəfərin işi üzrə də növbəti məhkəmə prosesi baş tutub. Məhkəmə prosesində hadisə şahidlərinin ifadəsi alınıb.

Proses dekabrın 17-nə təyin olunub.

Qeyd edək ki, Quba hadisələrinə görə saxlanılan şəxslərdən Əliyev Habil Əhməd oğlu Azərbaycan Cİnayət Məcəlləsinin 127.2.3 (xuliqanlıq niyyəti ilə qəsdən sağlamlığa az zərər vurma), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə) və 315.2-ci (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələri ilə ittiham olunur.

 

Digər müttəhimlər - Akif Məmmədtağı oğlu Əliyev, Qəribov Səfər Fazil oğlu, Əmiraslanov Zimistan Əkrəm oğlu, Dadaşov Telman Əfqan oğlu, Abdullayev Samir Alim oğlu və Əkbərov Məmmədhəsən Məmmədəli oğlu isə CM-nin 186.2.1 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - zərərçəkmiş şəxsə külli miqdarda ziyan vurmaqla törədildikdə), 186.2.2 (əmlakı qəsdən məhvetmə və ya zədələmə - yandırmaqla, partlatmaqla və ya başqa ümumi təhlükəli üsulla törədildikdə və ya ağır nəticələrə səbəb olduqda), 233 (ictimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və bu cür hərəkətlərdə fəal iştirak etmə), 315.2 (hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) maddələrinin tələblərini pozmaqda təqsirləndirilirlər.

 

Xatırladaq ki, Quba Rayon İcra Hakimiyyətinin sabiq başçısı Rauf Həbibovun 2011-ci il noyabrın 22-də sosial məsələlərin müzakirəsinə həsr olunmuş müşavirədə səsləndirdiyi bəzi fikirləri qubalılara hörmətsizlik kimi qəbul edən 1000-ə yaxın sakin 2012-ci il martın 1-də İcra Hakimiyyətinin inzibati binası qarşısında etiraz aksiyası keçirib.

 

# 752
avatar

Oxşar yazılar