Nurşən Quliyev: “Məlumat varsa, dövlət orqanlarına təqdim etsinlər”
19 dekabr 2012 18:06 (UTC +04:00)

Nurşən Quliyev: “Məlumat varsa, dövlət orqanlarına təqdim etsinlər”

«APA» İnformasiya Agentliyinin Baş direktoru Nurşən Quliyev “Kaspi”nin suallarını cavablandırır.

- Son günlərdə bir neçə xəbər portalına haker hücumları oldu. Bu vəziyyətə sizin münasibətiniz necədir?
 

- Təbii ki, bunu çox pis hal kimi dəyərləndirirəm. Biz də zaman-zaman bu kimi problemlərlə rastlaşırıq. Burada müxtəlif səbəblər, o cümlədən texniki, təhlükəsizlik məsələləri, kənardan müdaxilələr və sair. Bütövlükdə bu kimi hallar təhlükəsizlik məsələləri ilə bağlı olduğuna görə saytların təhlükəsizliyinə xüsusi diqqət yetirilməlidir. Saytların təhlükəsizliyi gücləndirilməlidir. Son hücumlarla vaxtilə “APA Holding”ə daxil olan saytlar da üzləşiblər. İmkan daxilində texniki heyətin gücündən yararlanıb bu kimi halların qarşısını almağa çalışırıq. Bəzən belə problemlər uzun müddət davam edir. Bunun qarşısını almaq üçün isə xeyli miqdarda vəsait və güc sərf edilir. Görünən budur ki, problem tam aradan qalxmır və hətta digər saytlar da bu cür hallarla rastlaşırlar.
 

- “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlu saytlara haker hücumunu daxilimizdəki “ermənilərin”, “Qafqazinfo.az” xəbər portalının rəhbəri Elbrus Ərud “həmkarlar”ın təşkil etdiyini bildirib. Bəs, ciz necə düşünürsünüz, bu hücumlar haradan və kim tərəfindən təşkil edilə bilər?
 

- Mən bu sahə üzrə mütəxəssis deyiləm. Ona görə də bu sualla bağlı konkret mövqe bildirmirəm. Amma, adlarını çəkdiyiniz şəxslərin bəyanatlarına gəlincə, əgər onlarda bu hücumların kimlər tərəfindən təşkil edilməsi barədə əsaslandırılmış, konkret faktlara söykənən məlumatlar varsa, müvafiq dövlət qurumlarına təqdim etsinlər. Həmin qurumlar da araşdırma aparıb bunu müəyyənləşdirər, adları ictimaiyyətə açıqlayar, hamı da bundan xəbər tutar. Bu səbəbdən mən deyə bilmərəm ki, bu hücumlar daxildən, yoxsa xaricdən edilib. Konkret bizim saytlara hücuma gəlincə, hakerlərin həm Azərbaycan daxilindən, həm də xaricdən müdaxiləsi ilə üzləşmişik.
 

- Sizcə, saytların haker hücumuna məruz qalmasına səbəb nə ola bilər?
 

- “APA Holding”ə daxil olan saytlara haker hücumlarını biz öz aramızda geniş müzakirəsini etmişik. Çox zaman bunu ermənilərlə əlaqələndirmişik. Çünki “Apa.az” və “Vesti.az” saytlarında ermənilərin xoşuna gəlməyən çoxsaylı materiallar yer alır. Amma geniş miqyasda saytlarımıza hücumun səbəbini dəqiq ifadə eləmək mümkün deyil. Bu səbəblər müxtəlif ola bilər. Məncə səbəbi saytlara hücum edən hakerlərin özündən soruşmaq lazımdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1325
avatar

Oxşar yazılar