Motivasiya - Mərhəmət
07 iyun 2016 16:20 (UTC +04:00)

Motivasiya - Mərhəmət

Sevda Sultanova:
 
Azərbaycan kinosunda Cəbiş müəllim obrazı bir mərhəmət heykəlidir. Mərhəmət sevgisiz mövcud ola bilməz.  Çünki, mərhəmət dinindən, dilindən, irqindən, milliyətindən asılı olmayaraq insanı sevməkdir. Və bu, fövqəladə hissdir.  Düşünürəm ki, insana sevgi qadın-kişi, valideyn-övlad sevgisindən daha bəşəridir.
 
Biz bəzən deyirik ki, virtual dünya insanı bir birinə özgələşdirir, soyuqlaşdırır, laqeydləşdirir. Mən vaxtilə xərçəngdən əziyyət çəkən Nərmin Hüseynova ilə bağlı sosial şəbəkələrdə başlanan yardım aksiyasını xatırlayıram. Yüzlərlə insan könüllü bu aksiyaya qoşuldu və burda ona yazıq münasibət yox, məhz sevgi, mərhəmət vardı.
 
Çox vaxt mərhəmət hissi ilə yazıqlığı səhv salırlar. Xüsusən, telekanallarda ehtiyacı olan insanlara  yardım məqsədilə hazırlanan veilişlərdə əllərindən gələn hər şeyi edirdilər ki, insanları ağlatsınlar, yazıq vəziyyətinə salsınlar. Bunun mərhəmətlə əlaqəsi yoxdur. Mərhəmət bir əxlaq kodeksdir, həyat tərzidir...
 
İlqar Rəsul:
 
Məncə Cəbiş müəllimi doğruluq, dürüstlük heykəli adlandırmaq daha düzgün olardı. Çünki o filmdə Cəbiş müəllim mərhəməti ilə deyil dürüstlüyü ilə cəmiyyətə bir nümunə kimi təqdim olunur.
 
Mərhəmət xeyirxah, insansevər bir hissdir. İnsanlığın ilahi xilasının da məhz mərhəmət hissinin hər şeyə üstün gəlməsi sayəsində mümkün olacağını söyləyənlər də var.
Bütn dinlərin təməl prinsipləri insanı məhz mərhəmətli olmağa çağırır. İslam dininin də insanların mərhəmət duyğusunu alovlandırmaqda, onları mərhəmətli olmağa təşviq etməkdə məqsədi həm də cəmiyyətdə və ailədə ədalət prinsipinin qorunmasına nail olmaqdır. Amma mərhəmət ədalətin qaynağı olsa da, ondan daha geniş və sərhədsiz məfhumdur. Əslində, ədalət mərhəmət duyğusunun tərkib hissəsidir və ondan üstündür. Amma bütün bublarla yanaşı mən hesan edirəm ki, insan aşırı mərhəmətli olmamalıdır. Əkls halda bir çoxları onun mərhəmətinin hüdudsuzluğundan gen-bol bəhrələnib mərhəmətsiz insanlara çevrilə bilərlər. Ən azı həmin adama qarşı...
 
Səbinə Bayramova - psixoloq:
 
Mərhəmət insanın daxilində olan, müsbət tərəfləri daha çox olan bir hissdir. Mərhəmət kiminsə hər hansı üzüntüsü ilə yaxından tanış olmaq, şəfqət, qayğı göstərmək, həmin iztirabı onunla birgə çəkmək deməkdir. Mərhəmət ədalətin ortaya çıxmasına səbəb olur. Deyək ki, qanun əsasında kiminləsə bağlı mərhəmətli qərar verilirsə, bu artıq ədalətin ortaya çıxmasına səbəb olur. Əgər bu qərar bir nəfərə deyil hamıya tətbiq olunarsa, onda bərabərlik ortaya çıxır. Yəni mərhəmət həm ədalətin, həm də bərabərlik duyğusunun ortaya çıxmasına kömək edən bir hissdir...    
 
Cavid Zeynallı:
 
Mərhəmət hissi var, ədalət hissi var, bir də bərabərlik hissi var. Əslində bərabərlik və ədalət mərhəmət hissindən doğan dəyərlərdir. Amma bunlar arasında bir fərq var. Məsələn, birinə layiq olduğunu vermək ədalət, ondan artığını vermək isə mərhəmətdir. Deyək ki, mən bir yerdə işləyirəm və mənə layiq olduğum maaşı verirlər. Bu ədalətdir. Bir də var mənə layiq olduğumdan artıq maaş verirlər. Bu isə artıq mərhəmətdir. Cəmiyyətdə nə qədər sosial çarxlar çəkilsə, təbliğat aparılsa da, bu gün dünyada mərhəmət hissinin qıtlığı yaşanır. Məsələn, dünyada gedən müharibələr elə mərhəmət hissinin olmaması deməkdir. Bu gün Suriyada minlərlə uşağın ölməsi dünyada mərhəmət hissinin çatışmamasının bir göstəricisidir... 
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 645

Oxşar yazılar