Misir Mərdanov: “O uşaqların taleyi hamını düşündürür...”
20 dekabr 2012 12:45 (UTC +04:00)

Misir Mərdanov: “O uşaqların taleyi hamını düşündürür...”

Azərbaycanda dövlət uşaq müəssisələrində daimi yaşayan uşaqların 18 yaşından sonrakı taleyi ilə bağlı məsələ hər kəsi düşündürür. Lent.az-ın məlumatına görə, bunu təhsil naziri Misir Mərdanov deyib. Nazir bildirib ki, 18 yaşdan sonra həmin uşaqlar Təhsil Nazirliyinin tabeliyindəki müəssisələrdən çıxır, bunların sonrakı taleyi digər qurumların öhdəliyinə keçir. M.Mərdanov qeyd edib ki, müəyyən hallarda özlərinə yer tapa bilməyən həmin uşaqlar yenidən uşaq evinə geri qayıtmağa məcbur olurlar: “Təhsil Nazirliyi həmin uşaqların 18 yaşdan sonrakı taleyi ilə və onların işlə təmin olunması ilə bağlı Prezident Administrasiyası və Nazirlər Kabinetinə təklif göndərib. Həmçinin, bu uşaqların ali məktəblərə qəbul olduqdan sonra təhsil haqqından azad olunması ilə bağlı da nazirlik Prezident Administrasiyası və Nazirlər Kabinetinə müraciət edib”.

 

M.Mərdanov qeyd edib ki, ümumilikdə “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı” çərçivəsində 715 nəfər uşaq bu müəssisələrin məzun olub. Onların 101-i peşə liseyinə, 1-i Cəmşid Naxçıvanski adına Hərbi Liseyə qəbul olunub. Bunlarda 14 nəfər işlə təmin olunub. 359-u ümumtəhsil məktəblərinə yenidən geri qayıdıb. Bunlar da 9-cu sinifdən sonra qəbul imtahanlarından kəsilən uşaqlardır: “Hökumətin növbəti dövlət proqramı çərçivəsində Qusar internat məktəbi ləğv olunub, onun əvəzində Qusar peşə məktəbi yaradılıb. Ümumilikdə isə 2008-ci ildə 55 uşaq müəssisəsi fəaliyyət göstərib ki, bunun da 13-ün bağlanması nəticəsində cari ildə 42 uşaq müəssisəsi fəaliyyət göstərir. Himayədar ailəyə, uşağa göstərdiyi xidmətə görə 120 manat, uşağın xüsusi qayğı ilə əhatə olunmasına görə 50 manat verilir. Yaradılmaqda olan himayədar ailələr haqqında standartlar hazırda Nazirlər Kabinetinə verilib. Yeni yaradılan xidmətlər dövlət büdcəsindən maliyyələşəcək”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1650

Oxşar yazılar