«Azərikimya» İstehsalat Birliyinin təklifi üzrə kimyaçıların kompleks müayinə olunması və müalicəsi məqsədilə Mərkəzi Neftçilər Xəstəxanasının geniş tərkibli həkim briqadasının iştirakı ilə Sumqayıtda sağlamlıq aksiyasının növbəti mərhələsi başlanılıb. İstehsalat Birliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, tibb işçilərinin 15 nəfərdən ibarət bir qrupu bütün həftə ərzində kimyaçılara kompleks tibbi xidmət göstərəcəklər. Terapevt, nevropatoloq, kardioloq, oftalmoloq və cərrahlar ötən ilin ortalarında Etilen-polietilen zavodunun ərazisində mövcud standartlar səviyyəsində inşa edilərək, ən müasir avadanlıqlarla təmin edilmiş «Kimyaçı» poliklinikasında müalicəyə ehtiyacı olan kimyaçıların kompleks müayinəsini həyata keçirəcək və onlara müvafiq müalicə təyin edəcəklər. Lazım bilindiyi halda bir qrup pasient üçün bilavasitə poliklinikada göz, burun-bogaz və digər cərrahiyyə əməliyyatları yerinə yetiriləcək.
Budəfəki aksiyanın ilk günündə artıq 100-ə yaxın əməkçi həkimlərin müayinəsindən keçib, müxtəlif xəstəlik simptomları ilə bağlı müvafiq analizlər aparılmış və müalicə təyinatları verilib.