Kimlər dəniz limanı kapitanı ola bilər?
08 aprel 2013 13:29 (UTC +04:00)

Kimlər dəniz limanı kapitanı ola bilər?

 

Nazirlər Kabineti “Dəniz limanı kapitanı haqqında Əsasnamə”ni təsdiqləyib.

 

Lent.az-ın verdiyi məlumata görə, Əsasnamə dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalara, Azərbaycan Respublikasının müvafiq sahədəki qanunvericiliyinə, eləcə də Beynəlxalq Dəniz Təşkilatının qətnamələrinə uyğun olaraq hazırlanıb.

Dəniz limanı kapitanı Azərbaycan Respublikasının dəniz nəqliyyatı sahəsində qoşulduğu beynəlxalq konvensiyaların və daxili qanunvericiliyin tələblərinə əsasən fəaliyyət göstərən liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyini və  məcburi üzmə qaydalarına riayət olunmasını təmin edən, bilavasitə Azərbaycan Respublikası Dövlət Dəniz Administrasiyasının rəisinə tabe olan vəzifəli şəxsdir.

Liman kapitanı Administrasiyanın rəisi tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Liman kapitanının müavini Administrasiya ilə razılaşdırılmaqla, liman rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilir. Liman kapitanının vəzifə səlahiyyətlərinin icrası ilə bağlı xərclər müvafiq liman tərəfindən ödənilir. Liman kapitanının aylıq vəzifə maaşı liman rəhbərinin müavininin vəzifə maaşı həcmində müəyyən edilir (liman kapitanının statusu liman rəhbərinin müavininin statusuna bərabər tutulur). Liman kapitanının dəniz üzgüçülüyünün təhlükəsizliyinin təmin olunması ilə əlaqədar sərəncam və göstərişlərinin icrası gəmi kapitanları, dəniz nəqliyyatı sahəsində çalışan bütün gəmiçilik şirkətləri, digər müəssisələr, təşkilatlar və şəxslər üçün məcburidir.

Liman kapitanı vəzifəsinə kapitan sertifikatına (diplomuna) və nəqliyyat gəmilərində kapitan vəzifəsində ən azı 5 (beş) il iş təcrübəsinə malik olan Azərbaycan Respublikasının vətəndaşları təyin olunurlar. Liman kapitanı Liman Nəzarəti Müfəttişliyinə rəhbərlik edir. Liman Nəzarəti Müfəttişliyinin tam təminatı müvafiq liman tərəfindən həyata keçirilir. Liman Nəzarəti Müfəttişliyinin ştat cədvəli liman kapitanı tərəfindən tərtib olunur və Administrasiya ilə razılaşdırılmaqla, liman rəhbəri tərəfindən təsdiq edilir. Liman Nəzarəti Müfəttişliyinin işçiləri liman kapitanının təqdimatına əsasən liman rəhbəri tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunurlar. Liman nəzarəti müfəttişi vəzifəsinə “Gəmiqayırma və gəmi təmiri mühəndisliyi”, “Gəmi energetik qurğularının istismarı mühəndisliyi”, “Dəniz naviqasiyası mühəndisliyi” ixtisaslarından birinə və müvafiq vəzifədə azı 3 (üç) il əmək stajına malik olan şəxslər təyin oluna bilərlər. Liman nəzarəti müfəttişləri Administrasiya tərəfindən attestasiyadan keçirilirlər. Liman kapitanı gerbli möhürə, Liman Nəzarəti Müfəttişliyinin işçiləri isə onların vəzifəsi və şəxsi nömrəsi göstərilən möhürə malikdirlər.

 

Liman kapitanı vəzifə və hüquqlarını Azərbaycan Respublikasının qanunvericiliyində, dəniz nəqliyyatı sahəsində beynəlxalq konvensiyalarda və Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində, habelə Administrasiyanın normativ hüquqi aktlarında nəzərdə tutulmuş qaydada həyata keçirir. Liman kapitanının vəzifələri aşağıdakılardır:

- liman akvatoriyasında dəniz üzgüçülüyünün təhlükəsizliyini və məcburi üzmə qaydalarına riayət olunması məqsədi ilə ticarət gəmiçiliyi sahəsində Azərbaycan Respublikasında qüvvədə olan qanun, qayda və beynəlxalq müqavilələrə riayət olunmasını təmin etmək;

- gəmilərin limana girişini və çıxışını rəsmiləşdirmək;

- gəmi sənədlərini, eləcə də sertifikat (diplom) və şəhadətnamələri yoxlamaq;

- liman akvatoriyasında gəmilərə bələdçi xidmətinin göstərilməsini təşkil etmək;

- liman ərazisində və akvatoriyasında dənizdə batan əmlakın çıxarılmasını təmin etmək ;

- dəniz hadisələrinin (insidentlərinin) araşdırılmasını təmin etmək;

- dəniz qəzalarının araşdırılmasında iştirak etmək;

- limanda və onun yaxınlığında bədbəxt hadisələrə düçar olmuş insanlara, gəmilərə yardım göstərmək məqsədi ilə xilasetmə əməliyyatlarını təşkil etmək.  Xilasetmə əməliyyatlarını həyata keçirərkən, liman ərazisində yerləşən mənsubiyyətindən asılı olmayaraq, bütün gəmilər liman kapitanının əmrlərinə tabe olmalıdır;

- limanda, limanın yaxınlığında olan kanal və farvaterlərdə dərinliklərin tələb olunan səviyyədə saxlanılmasına nəzarət etmək;

- limanda və limanın yaxınlığında naviqasiya avadanlıqlarının işlək vəziyyətdə saxlanılmasını təmin etmək;

- liman kapitanının sərəncamında olan naviqasiya və hidrometeoroloji məlumatların gəmi kapitanlarına çatdırılmasını təmin etmək.

 

Liman kapitanının  hüquqları:

- limanda olan gəmilərin nəzarət yoxlamasının həyata keçirilməsində iştirak etmək;

- gəmi jurnallarını yoxlamaq, o cümlədən onların nömrələnməsini, qaytanlanmasını və təsdiq edilməsini təmin etmək;

- Liman Nəzarəti Müfəttişliyinin işçilərinin vəzifə təlimatlarını təsdiq etmək;

- liman nəzarəti müfəttişlərinin attestasiyadan keçirilməsində iştirak etmək;

- dənizçilərin bilik və bacarıqlarının qiymətləndirilməsində  iştirak etmək.

 

Liman kapitanı aşağıdakı hallarda gəmilərin səfərə çıxmasını qadağan edə bilər:

- gəmi üzməyə yararlı olmadıqda;

- gəminin yüklənilməsində, təchizatında, heyət üzvləri ilə komplektləşdirilməsində çatışmazlıqlar olduqda;

- dəniz üzgüçülüyünün, gəmidə olan insanların həyatının və ətraf mühitin təhlükəsizliyini aşkar surətdə təhdid edən hallarda;

- müəyyən edilmiş rüsum, yığım və cərimələr ödənilmədikdə;

- gəmi sənədlərinə olan tələblər pozulduqda;

- qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;

- Beynəlxalq Dəniz Təşkilatının qətnamələrində nəzərdə tutulduğu hallarda;

- “Azərbaycan Respublikasında gəmilərin nəzarət yoxlamasına dair Əsasnamə” ilə müəyyən edilmiş hallarda.

# 939
avatar

Oxşar yazılar