Evinizdə yaşayan qohumunuzun mənzil hüququ varmı?
01 aprel 2013 11:39 (UTC +04:00)

Evinizdə yaşayan qohumunuzun mənzil hüququ varmı?

Bəzilərimiz yaxın qohumlarımıza, dost-tanışımıza yaşamağa yerləri olmadığı üçün öz evlərimizdə müvəqqəti yaşamasına razılıq veririk. Bəzən onlar bizə lazım olan zaman mənzilimizi boşaltmır, hətta mənzilə sahiblənmək üçün əllərindən gələni əsirgəmirlər. Mənzildən müvəqqəti istifadə edən həmin şəxslərin evdən çıxmasını tələb etdikdə onların həmin mənzildən istifadə hüquqlarının olduğunu iddia edirlər.

Mülkiyyət sahibi bu halda nə etməlidir və mülkiyyətçinin hüquqları qanunla necə qorunur?

Bakı Hüquq Mərkəzi (BHM) hüquq təşkilatının əməkdaşı Dünyamin Novruzov Lent.az-a bildirib ki, yaranmış mübahisə Mülki Məcəllədə nəzərdə tutulmuş qaydada həll edilməlidir: “Mülki Məcəllənin tələbinə görə, yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin (mənzil sahibinin) ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər”.

Hüquqşünas deyir ki, əgər mənzilin sahibi qohumuna və ya tanıdığı birinə mənzildə yaşamasına yalnız şifahi razılıq veribsə, və onların arasında notariat qaydasında təsdiqlənən yazılı razılaşma bağlanmayıbsa, həmin şəxsin mənzil sahibinə məxsus mənzildən istifadə hüququ yaranmır: “Yuxarıda qeyd olunanlara əsasən demək olar ki, həmin şəxsin evdən istifadə hüququ ilə bağlı tələbi qanuna uyğun deyil və mənzilin mülkiyyətçisi mübahisəli mənzildən həmin şəxsin çıxarılmasını tələb edə bilər. Qanun bütün hallarda ev sahibinin mülkiyyət hüquqlarını tam şəkildə qoruyur”.

# 1159
avatar

Oxşar yazılar