Dünya Bankı DSMF-ya xüsusi sertifikat verdi
20 dekabr 2012 11:37 (UTC +04:00)

Dünya Bankı DSMF-ya xüsusi sertifikat verdi

Gələn il əhaliyə göstərilən 20 növ elektron  xidmətin sayının artırılaraq 25-ə çatdırılacaq

 

Dövlət Sosial Müdafiə Fondunun (DSMF) informasiya kommunikasiya texnologiyalarının tətbiqi ilə səmərəli idarəetmə sahəsindəki fəaliyyəti beynəlxalq qurumlar tərəfindən yüksək qiymətləndirilir.

 

DSMF-in İctimaiyyətlə əlaqələr sektorundan Lent.az-a verilən məlumata görə, Dünya Bankı Azərbaycan Hökuməti ilə əməkdaşlığının 20 illiyi münasibətilə Dövlət Sosial Müdafiə Fondunu  “Müasir kompüter texnologiyalarının imkanlarından istifadə etməklə köhnəlmiş iş metodlarından yeni iş metodlarına keçid” nominasiyası üzrə xüsusi sertifikata layiq görüb.

 

Qeyd edək ki, bundan  öncə DSMF  Avropa Sosial Təminat Forumunda “Avropanın uğurlu təcrübəsi” müsabiqəsinin "İnformasiya-kommunikasiya texnologiyalarının tətbiqi ilə effektiv idarəetmə" nominasiyası üzrə Avropa qalibi elan edilib. 

 

DSMF-in rəsmi internet informasiya ehtiyatında  (http://www.sspf.gov.az/eservices/) yerləşdirilən mövcud elektron xidmətlərdən istifadə edənlərin sayında da artım müşahidə olunmaqdadır.  Artım daha çox məcburi dövlət sosial sığorta haqlarının onlayn ödənilməsi xidməti üzrə qeydə alınıb. İyun-noyabr ayları ərzində 21 min 544 sığortaedən tərəfindən 57 min 59 əməliyyat həyata keçirilərək cəmi 4 milyon  940 min 775, 13 manat məbləğində məcburi dövlət sosial sığorta vəsaitinin onlayn ödənişi həyata keçirilib. Hazırda sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, torpaq pay mülkiyyətçilərinin və digər şığortaedənlərin məcburi dövlət sosial sığorta haqları üzrə Fondun orqanlarına (“Kütləvi ödənişlər üzrə mərkəzləşdirilmiş informasiya sistemi”nə (KÖMİS) qoşulmuş Dövlət Xəzinədarlıq Agentliyinin orqanları üzrə) ödənişlərinin real vaxt rejimində qəbulu davam etdirilməkdədir. Artıq Dövlət Sosial Müdafiə Fondunun 36 yerli orqanı üzrə 227 min 659 sığortaedən haqqında məlumat KÖMİS sisteminə inteqrasiya olunub.

 

Hesabatların və məlumatların sığortaedənlər tərəfindən elektron formada təqdim olunması ilə bağlı 1 dekabr 2012-ci il tarixə elektron ərizə ilə müraciət etməklə qeydiyyatdan keçmiş 12 min 607 sığortaedən unikal kod, parol və şifrə ilə təmin edilib. Dövlət Sosial Müdafiə Fondunun göstərdiyi digər elektron xidmətlərə də müraciət edənlərin sayı artmaqdadır. Bu sırada xüsusilə  “Sığortaolunanlar tərəfindən məlumatların əldə edilməsi” adlı müasir məlumatlandırma sistemi qeyd olunmalıdır. Xidmət hər bir vətəndaşa onun üçün açılmış fərdi şəxsi hesabında qeydə alınan pensiya kapitalı barədə məlumat almaq imkanı yaradır.

 

DSMF 2013-cü ildə əhaliyə göstərdiyi elektron xidmətlərin  siyahısını  genişləndirəcək. Hazırda əhaliyə göstərilən 20 növ elektron  xidmətin sayının artırılaraq 25-ə çatdırılması nəzərdə tutulur. Yeni elektron xidmətlərin sırasına dövlət sosial sığorta şəhadətnaməsinin dəyişdirilməsi və ya dublikatının verilməsi üçün müraciətin onlayn qəbulu, ailə kəndli təsərrüfatının və kənd təsərrüfatına yararlı torpaq sahəsi olan şəxsin onlayn uçota alınması, dəfn üçün müavinətin ödənilməsi ilə bağlı müraciətin və sənədlərin qəbulu, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin, hamiləliyə, doğuma və uşağa qulluq etməyə görə müavinətlə bağlı haqq-hesab cədvəlinin təqdim edilməsi daxildir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 782
avatar

Oxşar yazılar