Budapeşt-Bakı-Budapeşt aviareysi açılacaq
11 aprel 2013 18:29 (UTC +04:00)

Budapeşt-Bakı-Budapeşt aviareysi açılacaq

Bu gün Bakı Biznes Mərkəzində Macarıstan nümayəndə heyəti ilə görüş keçirilib.

 

İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, görüşdə iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, Azərbaycanın Macarıstandakı səfiri Vilayət Quliyev, Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora, “WizzAir” aviaşirkətinin direktoru Gyorgi Abran və Macarıstan Ticarət Evinin direktoru Ceyhun Abdullayev iştirak ediblər.

 

Niyazi Səfərov Azərbaycan-Macarıstan ikitərəfli əlaqələrinin uğurla inkişaf etdiyini, ölkələrimiz arasında əməkdaşlığın qarşılıqlı dostluq və hörmət prinsipləri üzərində qurulduğunu söyləyib. Əlaqələrin inkişafında dövlət və hökumət başçılarının qarşılıqlı səfərləri, aparılan danışıqların mühüm əhəmiyyət kəsb etdiyini deyib. İnkişaf edən əlaqələrin nəticəsi olaraq, ötən il Bakıda Macarıstan Ticarət Evi açıldığını vurğulayıb. Niyazi Səfərov bildirib ki, Budapeşt-Bakı-Budapeşt birbaşa aviareysinin açılması barədə məsələ müzakirə olunub və ilkin razılıq əldə edilib. Artıq müvafiq sənədlər imzalanıb və bu ilin ortalarından, iyunun 17-dən etibarən aviareys fəaliyyətə başlayacaq. Yeni aviareys Azərbaycan-Macarıstan uğurlu əməkdaşlığının daha bir göstəricisi olmaqla, iki ölkə arasında iqtisadi-ticarət və mədəni əlaqələrin genişlənməsində, turizmin inkişafında əhəmiyyətli olacaq. Birbaşa hava xəttinin açılması ölkələrimizin biznes dairələrinin işgüzar əlaqələrinin genişlənməsinə, sərnişin və yük dövriyyəsinin artmasına xidmət edəcək.

 

Macarıstanın Azərbaycandakı səfiri Jolt Çutora iki ölkə arasında əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu vurğulamış, yeni aviareysin Macarıstan-Azərbaycan əməkdaşlığının daha da genişlənməsində, iqtisadi-ticarət əlaqələrinin inkişafında əhəmiyyətli rol oynayacağını qeyd edib.

# 742
avatar

Oxşar yazılar