Bu gün Bakı-Quba yolunda yeni tikilmiş körpü istifadəyə verilib. Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyevin Lent.az-a verdiyi məlumata görə, yolun 141-ci kilometrliyində, Ağçayın üzərində qurulmuş yeni yol ötürücüsünün uzunluğu 84 metrdir: “Keçən ilin dekabr ayının sonlarında körpü qəzaya uğramışdı, körpünün dayaqları yuyulmuşdu. Bundan sonra ərazidə Nəqliyyat Nazirliyinin sifarişi ilə yeni yol ötürücüsünün tikintisinə başlanıldı. Ərazidə 700 metr məsafədə sahilbərkitmə işləri həyata keçirilib. Körpü 3 aşırımlıdır. 4 hərəkət zolağı nəqliyyat vasitələrinin normal hərəkətini təmin edəcək. Körpünün qabariti isə 21,5 metrdir”.
Qeyd edək ki, açılış mərasimində “Azəryolservis” ASC-nin sədr müavini Şaiq Bilalov, Quba RİH rəhbərliyi iştirak edib.